Ötən il milyonlarla insan evindən didərgin düşüb

Livanda suriyalı qaçqınlar

Köçkünlərin 70 faizə yaxını cəmi beş ölkənin – Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmanın payına düşür

Ötən il müharibə, zorakılıq, təqib, insan haqları pozuntuları nəticəsində 3 milyonadək insan evindən didərgin düşüb. Bu həm də COVID-19 pandemiyasına görə dünyada hərəkətə məhdudiyyətlər tətbiq olunduğu dönəmdə baş verib.

İyunun 18-də BMT-nin qaçqınlar üzrə agentliyi (UNCHR) illik hesabatını yayıb. Ümumilikdə ötən il dünyada köçkünlərin sayının rekord həddə – 82.4 milyona çatdığı bildirilir. Bu, on il öncəylə müqayisədə iki dəfə çoxdur.

Köçkünlərin 70 faizə yaxını cəmi beş ölkənin – Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmanın payına düşür, hesabatda deyilir.

BMT-nin qaçqınlar üzrə başçısı Filippo Qrandi deyib ki, “82.4 milyon bizim etibarlı hesablama apardığımız vaxtdan ən böyük rəqəmdir”.

Cenevrədə yerləşən UNCHR bildirir ki, COVID-19 pandemiyasına görə sərhədlərini bağlamış 160-dan çox ölkədən 99-da qaçqın, yaxud sığınacaq kimi qoruma istəyənlərə heç bir istisnalıq verilməyib.

Suriyanın qonşusu Türkiyə ən çox – 3.7 milyon qaçqın qəbul edib. Bu, Venesuelanın qonşusu Kolumbiyanın qəbul etdiyindən iki dəfə çoxdur. Üçüncü yerdə isə Əfqanıstanın qonşusu Pakistan gəlir.