Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:47

Universitetlə nazirlik razılığa gəlib


Müstəqil Azərbaycan Universitetinin binası, 5 iyun 2006
Müstəqil Azərbaycan Universitetinin binası, 5 iyun 2006

Nə universitetə, nə də nazirliyə inanmayan tələbələr isə məqsədlərinə çatana qədər aclıq aksiyasını davam etdirəcəklərini bildirirlər


Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsinin aclıq aksiyası davam edir. Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ümumi imtahanlarından kənar qəbul keçirdiyinə görə, bu universitetin bağlanması haqqında məhkəməyə müraciət edib. Bu ali məktəbə testdənkənar qəbul olunan tələbələrə isə diplom verilməyəcəyini bildirib. Tələbələrsə deyir ki, aclıq aksiyasının məqsədi başqa universitetlərə bərpa olunmaqla əlaqədardır. Bəs problem necə həll olunmalıdır?


Güman etmək olardı ki, problem artıq həll olunub. Çünki universitet rəhbərliyi və nazirlik ortaq variant tapıblar. Təhsil Nazirliyi öz variantını təklif edib. Müstəqil Azərbaycan Universitetinin fəaliyyəti dayandırılsa da, dördüncü kurs tələbələri diplom alacaqlar. Üçüncü kurs tələbələri isə başqa ali məktəblərə köçürüləcəklər. O ki qaldı, ikinci kurs tələbələrinə, yəni universitetə testdənkənar qəbul olunmuş 1700 tələbənin aqibətinə, bunu artıq məhkəmə araşdıracaq. Bu haqda məlumatı aclıq edən 60-dan artıq tələbəyə Təhsil Nazirliyi İcra Aparatının rəhbəri İlham Pirməmmədov və ombudsman Elmira Süleymanova çatdırıblar.


Universitet rəhbərliyisə hesab edir ki, məsələ elə bununla da qapandı. Onlar Təhsil Nazirliyinin bu qərarını bəyəndiklərini bildirir, eyni zamanda bu jestə görə təşəkkür edirlər. Universitet rəhbərliyi əmindir ki, tələbələr çılğınlığa son qoyub, yaxın günlərdə aksiyanı dayandıracaqlar. O ki qaldı, nazirliyin universitetin ünvanına səsləndirdiyi ittihamlara, yəni qanunsuz tələbə qəbulu haqda deyilənlərə, bir bunu əlavə etdilər ki, universitet nazirliyə məsələni tez zamanda yoluna qoyduğuna görə, təşəkkür edir. Müstəqil Azərbaycan Universitetinin təsisçisi Abbas Mustafayev isə hələlik özü açıqlama vermək niyyətində deyil.


Amma tələbələrin cavabı budur ki, ikinci kurs tələbələrinin də təhsilini davam etdirməsinə imkan yaradılmalı, başqa ali məktəbə köçürülməlidirlər. Bundan başqa, nazir Misir Mərdanov bu qərar haqda rəsmi sənəd təqdim etməlidir. Yalnız bu halda tələbələr aclığı dayandıracaqlar.


Aclığı davam etdirən tələbələrsə qərarlarını nazirliyə və universitet rəhbərliyinə etimad göstərməmələri ilə əsaslandırırlar. Tələbə Zəhra Hüseynova: «Abbas Mustafayev bizi hər dəfə aldadıb ki, səbir edin. Sonra da deyib ki, mən həll etmirəm. Təhsil Nazirliyi isə bildirir ki, siz tələbə deyilsiz. Buna baxmayaraq, Abbas Mustafayev deyir ki, sizin universitetə qəbulunuzdan nazirliyin xəbəri olub».


«Təhsildə İslahatlara Yardım» Mərkəzinin rəhbəri Zəminə Əliqızı isə aclıq edən tələbələrin düşdükləri durumu, yaşadıqları gərginliyi başa düşdüyünü desə də, hesab edir ki, ortada bir günahkar var, bu da Müstəqil Azərbaycan Universitetinin rəhbərliyidir. «Aclıq etməkdənsə, onları bu vəziyyətə salan şəxsi məhkəməyə verib haqlarını tələb etsinlər. Onlara bu vəziyyətdə nə dövlət qurumu, nə ombudsman yardım edə biləcək, nə də ictimai qurumlar, hətta hamısı bir yerə yığılsalar da...»


Tələbələrsə rektoru və ya nazirliyi məhkəməyə vermək, təzminat tələb etmək haqda düşünmürlər. Onlar hələ ki, bir suala cavab axtarırlar, nazirlik niyə iki il əvvəl qanunsuz qəbul aparılanda reaksiya vermirdi? Tələbə Xalid Qarayev: «Təhsil Nazirliyi qərarını o zaman verməliydi ki, vəziyyət bu həddə çatmasın. Bəs indi iş işdən keçəndən sonra bizə dəyən maddi ziyana görə, kim cavab verməlidi?»


Tələbələri bir sual da maraqlandırır: «Abbas Mutafayev qanunu pozubsa, niyə istintaqa cəlb etmirlər?»


Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev istintaqın yeni başlandığını, amma zamanı çatanda lazım olan şəxslərin məsuliyyətə cəlb olunacağını bildirir. O ki qaldı, Təhsil Nazirliyinə ünvanlanan ittihamlara, nazirliyin icra aparatının rəhbəri İlham Pirməmədov deyir ki, onlar zamanında yetərincə xəbərdarlıq ediblər: «Biz dəfələrlə demişik ki, bu universitetlər qanunsuzdur. Gedin sənədlərinizi götürün. Elə bil eşitmirlər. Məcbur qalıb bu addımı atdıq. Artıq istintaq gedir».


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyub isə hesab edir ki, yaranmış vəziyyətdə günahkar hər üç tərəfdi. Əvvəla, nazirlik zamanında prosesə nəzarət etməliydi. Yerdə qalan iki tərəfsə eyni dərəcədə məsuliyyət daşıyır. Onun qənaətincə, ailələrin günahı universitet rəhbərliyindən heç də az deyil. Valideynlər testdən keçə bilməyən övladlarını rüşvətlə ali məktəbə düzəldirlər. Universitet rəhbərliyi isə savadsız gənclərə diplom verir.


Günah payının kimdə az və çox olduğunu hər kəs özü müəyyənləşdirə bilər. Amma görünən budur ki, ara yerdə tələbələrin əsəbi, sağlamlığı, üstəlik vaxtı və pulu gedir. Nazirliklə universitet dil tapsa da, tələbələr onlara etibar etmir və aclığı davam etdirirlər.
XS
SM
MD
LG