Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:36

ATƏT Azərbaycan polisinə nə öyrədib?


ATƏT-in Bakı ofisinin Almaniyadan olan polis eksperti Marko Kubni
ATƏT-in Bakı ofisinin Almaniyadan olan polis eksperti Marko Kubni
ATƏT-in Bakı ofisinin Almaniyadan olan polis eksperti Marko Kubni deyir ki, təmsil etdiyi qurum Azərbaycan polisinin aksiyalarda güc tətbiq etməsi məsələsini ciddi nəzarətdə saxlayır və bu cür halların əleyhinədir. Marko Kubninin AzadlıqRadiosuna verdiyi müsahibəni sizə təqdim edirik.

- ATƏT polislər üçün təşkil etdiyi treninqlərdə onlara aksiyalarda etirazçılarla necə davranmağı tövsiyə edib?


- Biz artıq neçə ildir ki, polislər üçün təlimlər həyata keçiririk. Bu treninqlər nəzəri və təcrübi hissələrə bölünür və əsasən, böyük kütlələrin idarə olunmasına yönəlib. Bu təlimləri həyata keçirməyimizin əsas səbəbi odur ki, Azərbaycan öz üzərinə ATƏT öhdəliklərinə riayət etmək və daxili təhlükəsizliyi təmin etmək kimi öhdəlik götürüb. Onu da deməliyəm ki, bu təlimlərin keçirilməsini Azərbaycan Daxili İşlər Nazirliyi xahiş edib.

- Konkret olaraq, belə bir situasiyadan danışaq: Polis bir qrup şəxsin rəsmi icazə olmadan küçədə şüar səsləndirərək gəldiyini görür. Belə olan halda nə etməlidir?


- Birinci onu qeyd edim ki, Azərbaycan qanunvericiliyinə əsasən insanlar icazə verilməyən yerlərdə nümayişlər keçirə bilməz. Qanuna əsasən polis də asayişi təmin etməyə borcludur. Sadəcə məndə dəqiq məlumat yoxdur ki, qanunvericilikdə bu məsələ dəqiq necə əks olunub, yəni polis bunu necə etməlidir. Əlbəttə ki, mənim ölkəmdə də olduğu kimi polis qanunvericiliyə əsasən müxtəlif metodlardan istifadə edərək bu nümayişləri idarə etməlidir.

«AZƏRBAYCAN POLİSİNİN AKSİYALARDA DAVRANIŞINDAN MƏMNUN DEYİLƏM»


- Hansı hallarda polis fiziki təzyiq göstərə bilər?


- Bir daha qeyd etmək istərdim ki, bu, ATƏT-in öhdəliklərində açıq-aydın öz əksini tapıb ki, polis yalnız yerli qanunvericiliyin ona icazə verdiyi halda və formada güc tətbiq edə bilər.

- Yerli qanunvericiliklə tanışsızmı?


- Müəyyən mənada bəli.

- Azərbaycan polisinin aksiyalarda davranışını necə qiymətləndirirsiniz, sizcə, polis qanun çərçivəsində hərəkət edir?


- Yerli qanunvericilikdə göstərilir ki, əgər hər hansı ərazi nümayiş üçün icazəli deyilsə, polisə səlahiyyət verilir ki, nümayişin baş tutmaması üçün müəyyən tədbirlər görsün. Amma bunun necə həyata keçirilməsinə dair sualınıza gəldikdə, bir peşəkar kimi birbaşa cavab verə bilərəm ki, mən məmnun deyiləm. Bizim təlimlərimizin də məqsədi budur ki, polisin bacarıq və qabiliyyətini artıraq, onlara bu cür nümayişlərin idarə olunması üçün minimum gücün tətbiq olunmasını çatdıraq. Amma eyni zamanda mən qeyd etməliyəm ki, bu bir az uzun çəkən prosesdir və biz gözləyə bilmərik ki, 1-2 təlimdən sonra nümayişlərin idarə olunmasında ciddi dəyişikliklər baş versin. Qeyd etməliyəm ki, ATƏT-in bir çox ölkələrdə bu cür treninqlərin keçirilməsinə dair təcrübəsi mövcuddur. Təcrübə də bizə deyir ki, bu işdə irəliləyişə nail olmaq üçün illər lazımdır.

«ATƏT OLARAQ POLİSİN GÜC TƏTBİQ ETMƏSİNİN LEHİNƏ DEYİLİK»


- İyunun 19-da Azadlıq Blokunun etiraz aksiyasında polisin fəallara qarşı fiziki zor tətbiq etməsinə dair həm iddialar var, həm də fotolar var. Buna münasibətiniz necədir?


- Bizim ofisimizin bu iddialardan xəbəri var. Biz bu cür halların inkişafını ciddi nəzarətdə saxlayırıq. Bəzi iddialar var ortada və bu iddialar öz təsdiqini tapsa, ATƏT bunu tənqid edər. ATƏT olaraq bu cür davranışların əleyhinəyik. Qeyd etdiyim kimi, bunları biz diqqətdə saxlayırıq.

- Dediniz ki, iddialar öz təsdiqini tapsa, ATƏT bunu tənqid edəcək. Bəs bu iddiaların həqiqət olub-olmadığını ATƏT özü araşdırırmı?


- Bu cür məsələlərin araşdırılması bizim mandatımıza uyğun deyil. Bizim gördüyümüz iş yalnız monitorinq və müşahidədir. Monitorinq və müşahidələrimiz əsasında hər hansı bir qiymətləndirmə apara bilərik.

Azadlıq Blokunun aksiyasında Rövşən Nəsirlinin 8-ci polis bölməsi əməkdaşlarının, xüsusən də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin zorakılığına məruz qaldığı iddia edilir
- Bəs ATƏT son aksiyaları monitorinq etmək üçün ora öz müşahidəçisini göndəribmi?


- Biz indiyə kimi bütün aksiyaları monitorinq etmişik və bundan sonra da edəcəyik.

«POLİS ZORAKILIQ TƏTBİQ EDƏRSƏ, MÜTLƏQ CƏZALANDIRILMALIDIR»


- Sizcə, Azərbaycan polisinin aksiyalarda davranışındakı nöqsanları aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?


- Nümayişlərin idarə olunması bizim burda həyata keçirdiyimiz polisə yardım proqramı layihəmizin yalnız bir hissəsidir. Layihənin əsas məqsədi polis mədəniyyətinin dəyişməsinə nail olmaqdır. Əlbəttə ki, fəaliyyətimizin müəyyən mərhələsində polis mədəniyyətinin dəyişilməsinə nail olsaq, bu sözsüz ki, nümayişlərin idarə olunmasına da öz təsirini göstərəcək. Ümid edirik ki, bu, sonda bizim «demokratik polis işi» dediyimiz bir dərəcəyə çatmağa imkan verəcəkdir. Əvvəldə də qeyd etdiyim kimi, bu, çox uzun bir yoldur və bunun üçün siyasi iradə və siyasi şəraitin olması da lazımdır.

- Bəs sizcə, bu istiqamətdə yerli orqanların da atmalı olduğu bir addım varmı?


- Əlbəttə ki, istənilən demokratik ölkədə, mən sizə tam açıq deyə bilərəm ki, əgər siz dediyiniz hər hansı davranış öz təsdiqini taparsa, polis mütləq cəzalandırılmalıdır. Mən polis mədəniyyətinin dəyişilməsindən danışarkən, burda idarəetmə, təşkilatçılıq, struktur və s. məsələlərdə islahatların aparılmasını nəzərdə tuturam.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG