Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:35

Camal Yusifzadə. Arzular həmişə əzabla olur


Tahir Talıblıya

Mənim arzularım -
əbədi kölgəm;
Gah məndən arxada,
Gah məndən öndə.
Mənim arzularım əzabla olur;

Gah məndən arxada,
Gah məndən öndə.
Mənim arzularım
bu dünya qədər
köhnə bir kədər,
Əzabı sapsarı bir eşq məsəli, -
Çarmıxa çəkilib yol ayrıcında
Süzülür, üzülür,
büzülür, solur -
əzabla ölür!
Mənim arzularım özüm boydadı;
Bəstəboy, gülərüz,
İlıq, namxuda.
Hələ deyilməyən sözüm boydadı.
Mənim arzularım
gümüşü bir çay,
Yuxulu bir nağıl,
Kəmşirin xülya,
Bəbəyi çat vermiş gözüm boydadı.
Mənim arzularım tənha yetim tək
Kölgəsi yıxılmış qupquru palıd -
Yarpaq ümidiylə
Yaz havasıyla gözləri dolur.
Mənim arzularım -
Mənim Vətənim!
Mənim arzularım əzabla ölür!

03.10.2007
XS
SM
MD
LG