Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:43

Əli Kərim. Ağrıya bir-iki söz


Ağrı, yaxın gəlmə,
girmə araya.
Get,
yoxdur ölümdən çəkinəcəyim.
Həyatı qorxmadan necə alıbsa
Elə də verəcək mənim ürəyim.
Dəyişsə rəngləri,
qaraltma günü,
Ölümün gözünün içinə baxım.
Kimdi vəkil edən səni bilmirəm,
Çəkil
get,
avara,
üzlü qonağım!..
Doğrusu, ölüm də yadımdan çıxıb -
Soxulub girmisən aramıza sən.
De bu nə hay-küydür?
De, qoruyursan
Mənimi ölümdən,
onumu məndən?
Qoy görüm kişinin sifətini bir.
Qoy baxım
anlayım, kimdir düşmənim.
Görüm ölümü də olduğu kimi
Düzlüyün vurğunu - könlümdür mənim.

1969
XS
SM
MD
LG