Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:41

Süleyman Rüstəm. Nə qədər ki sağdır...


Ötərgi sanmayın şikayətimi,
Mənim hər fəryadım, hər naləm haqdır.
Doğma Cənubumdan söhbət düşəndə
Hər kəlməm, hər cümləm bir yanar dağdır.

Orda cəzası var diləklərin də,
Xəmiri qanlıdır çörəklərin də.
Sözü doğruların kürəklərində
Şallaqların yeri zolaq-zolaqdır.

Ürək necə dözsün bu acı dərdə,
Gözləri qapayıb min qara pərdə.
Şairlər vətəni adlanan yerdə
Edamlı cəsədlər qalaq-qalaqdır.

Ay ellər, qəm yüklü sözümə baxın,
Məndəki bu ağır dözümə baxın,
Deyirəm bir daha özümə baxın:
Bağrımda yaralar yamaq-yamaqdır.

Hicranla döyüşür qələm üz-üzə,
Vüsalsa hələlik görünmür gözə.
O tayın dərdindən deyəcək sizə
Dostlar, nə qədər ki, Süleyman sağdır.
XS
SM
MD
LG