Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:30

Abbas Abdulla. “Aylar” silsiləsindən


Sentyabr

Sentyabr
bir salxım üzüm asdı
divarımdan –
gilələri dupduru,
yupyumru,
pişik gözü kimi.
Açdım təqvimi:
varağı –
tənək yarpağı.
Tənək yarpağı –
ayı pəncəsi.
Divarımda bir salxım keçiməməsi.

Dekabr

Dumana büründü dağ-dərə
qar yağmadı,
ləpir yağdı meşələrə -
irili-xırdalı
çeşid-çeşid.
Ovçu çiynində tüfəng,
yanında it,
bərədə rahatladı yerini.
Ovçunu çaşdırmaq üçün
ləpirlər uddu bir-birini –
pələng ayı ləpirini,
ayı dovşan ləpirini.

Ləpirlər azaldı,
onun torbası doldu,
Ardı-arası kəsilmədi
meşəyə çovuyan güllələrin,\
Yazıq heyvanların
gəldi ömür qışı.
Meşələrə qar yağmadı,
yağdı güllə yağışı.
XS
SM
MD
LG