Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:36

Bəsti Əlibəyli. Candan yuxarı sevgilərin cocuğuna


-

Candan yuxarı sevgilərin cocuğuna

Adı-soyadı, nam-nişanı
bəlli olmayan övladım!
Sevgi, ümid, şəfqət adlı
bəlli miras qoydum sənə;
Mən onu ömür uzunu
canımda daşıdım,
sən də daşı!

Adı-soyadı, nam-nişanı
bəlli olmayan övladım!
Sən şirmayı bulud köçündə
Tanrıyla şərbət içəndə
doğuldun.
Xəmirin şimşəkdən,
yağmurdan yoğruldu.
Onda hələ sevgilər
qurşağa enməmişdi,
Onda hələ cocuqlar
ortağa dönməmişdi...

Adı-soyadı, nam-nişanı
bəlli olmayan övladım!
Bir gün əslini arasan, bil;
Mən bir az Musa,
bir az İsa,
bir az Məhəmməddim.
Bir az sevgi,
bir az şəfqət,
bir az mərhəmətdim.
İndi bütün Elçilər qırılmış,
bütün sevgilər,
şəfqətlər yox olmuş...
Adı-soyadı, nam-nişanı
bəlli olmayan övladım!
Məni bəlli şeylərdə arama,
çünki anlatdığım şeylər
indi qərib, qurama.
XS
SM
MD
LG