Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:24

Prezident müxalifəti cızığı keçməkdə, müxalifət isə prezidenti əlini qana batırmaqda ittiham edir


Kiyevdə toqquşmalar
Kiyevdə toqquşmalar
-
Ukraynanın səhiyyə nazirliyinin rəsmi məlumatına görə, Kiyevdə çərşənbə gününə keçən gecədə nümayişçilərlə təhlükəsizik qüvvələrinin toqquşmalarında 25 adam ölüb. Daxili işlər nazirliyi ölənlərdən 9 nəfərinin polis olduğunu bildirir.

241 adam xəstəxanaya düşüb. Onlardan 79 nəfəri polis, 5 nəfəri jurnalistdir.

Ölənlərin əksəriyyəti güllə yarasından ölüb.

Daxili İşlər nazirliyinin sözçüsü bildirir ki, ürək tutmasından ölən də var. Bir nəfər isə yanğından ölüb.

Kiyevdə Meydanda olan azərbaycanlı ictimai fəal Samir Talışxanov Azadlıq Radiosuna deyir ki, yaralananlar arasında Murad İbrahimov adlı bir azərbaycanlı da var. O, Ukrayna vətəndaşıdır. Çiynindən güllə yarası alıb. Hazırda xəstəxanada müalicə olunur.

Samir Talışxanovun sözlərinə görə, hazırda Meydanda 20 minə yaxın nümayişçi var. Polis qüvvələri, xüsusi təyinatlı “Berkut” öz gecəki hücumları ilə yalnız Meydana gedən bəzi küçələri tuta bildi. Polis Kiyevə gələn 4 əsas yolu da nəzarətə götürüb.

"CIZIĞI KEÇDİLƏR"

Ukrayna prezidenti Yanukovich bəzi müxalifətçiləri günahlandırıb ki, onlar meydana silah gətirməyə çağırmaqla cızığı keçdilər.

“Onlar adamları silahlanmağa çağırmaqla cızığı keçdilər. Bu, qanunun kobud şəkildə pozulmasıdır.”

İsveçin xarici işlər naziri Carl Bildt isə tökülən qana görə Ukrayna prezidenti Yanukovichi günahlandırıb. Bildt deyib ki, Yanukovichin "əli qan içindədir".

Ukraynanın keçmiş prezidenti Kravchuk isə Rusiyanın Dojd televiziyasna deyib: “Lap əvvəldən hüquq-mühafizə qüvvələri dinc nümayişçiləri döyməklə konstitusiyanı pozdular. İndi bizim qarşımızda müharibə gedir”.

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton cümə axşamı Birliyin 27 ölkəsinin xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırır. Gündəlikdə Ukraynada olan hadisələrdir. Ashton deyib ki, Ukraynada repressiyalarda və insan haqlarını pozmaqda günahkar olanlara qarşı bütün tədbirlərə baxılacaq.

Rusiyanın xarici işlər nazirliyi isə Ukraynada baş verənləri hakimiyyəti zorla ələ keçirmək adlandırır.

Xarici işlər nazirliyinin sözçüsü Lukashevich deyir: “Bu hakimiyyəti zorla ələ keçirmək cəhdidir. Demaqoqcasına demokratiya və Avropa dəyərləri şüarlarının arxasında gizlənən müxalifət liderlərinin radikalların bu hərəkətlərinə heç bir söz deməməsi şəraitində çəhrayı (nasist) inqilab baş verir. Avropa siyasətçilərindən isə bir dənə də olsun etiraf gəlmir ki, radikal qüvvələrin hərəkətlərinin bütün məsuliyyəti müxalifətin üzərinə düşür”.

HÜCUM

Çərşənbə gününə keçən gecə, səhər saat 4:00-da təhlükəsizlik qüvvələri Kiyevdə hücuma keçdi. Onlar gözyaşardıcı qazdan istifadə etməklə nümayişçiləri Müstəqillik Meydanından çıxarmağa çalışırdı. Nümayişçilər onları daşlarla və Molotov kokteyli ilə qarşıladı. Reutersin məlumatına görə, polis meydanın yalnız üçdə birini tuta bildi.

Müxalifət lideri Klitschko prezidenti ittiham edir ki, prezident polisi geri çəkməkdən imtina etdi. “Mən çox məyusam. Çünki heç bir diskussiya yoxdur, prezident müxalifəti eşitmək istəmir.”

Polis qüvvələri meydana yeriyəndə Klitschko meydandakı nümayişçilərə üzünü tutdu ki, “biz buranı tərk etməyəcəyik. Bura azadlıq adasıdır”.

Vitaly adlı nümayişçi Reutersə deyir ki, “Biz qələbəyə qədər burda qalcağıq. Biz istəyirik ki. uşaqlarımız normal ölkədə böyüsünlər”.

Müxalifət liderləri Klitschko və Yatsenyuk prezidentlə danışıqlar olduğunu , ancaq nəticə vermədiyini bildirirlər.

Klitschko : “Hökumət qoşunları dərhal geri çəkməlidir və qanlı münaiqşəyə son qoymalıdır. Çünki insanlar ölür. Mən prezidentə bunu dedim”.

ABŞ-ın vitse-prezidenti Biden də Yanukovichi polis qüvvələrini geri çəkməyə və təmkin göstərməyə çağırıb.
XS
SM
MD
LG