Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:45

Yaydan sonra danışıqlar prosesində durğunluq aradan qalxacaq


Araz Əzimov deyib ki, Laçından keçən dəhliz bu rayonun hansısa bir hissəsinin zəbt edilməsinə əsas ola bilməz
Araz Əzimov deyib ki, Laçından keçən dəhliz bu rayonun hansısa bir hissəsinin zəbt edilməsinə əsas ola bilməz

Avqustun 18-də Azərbaycanın Xarici İşlər nazirinin müavini, prezidentin Qarabağ danışıqlarındakı səlahiyyətli nümayəndəsi Araz Əzimov bildirib ki, Ermənistanın istəyindən asılı olmayaraq Laçın və Kəlbəcər rayonlarını boşaldılacaq. O, deyib ki, Laçından keçən dəhliz bu rayonun hansısa bir hissəsinin zəbt edilməsinə əsas ola bilməz: «Ermənilərin istəyindən heç nə asılı deyil. Kəlbəcər və Laçın rayonları boşaldılacaq. Bu məsələdə alver eləmək yolverilməzdir».


Cənab Əzimov əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü barədə hələlik konkret təklif yoxdur. Ancaq görüş barədə fikir səslənib. Nazir müavini güman edir ki, ATƏT-in Minsk qrupu həmsədrləri bir neçə gün ərzində məsələnin araşdırılması üçün Bakıya məlumat və ya sorğu göndərəcəklər. Araz Əzimov fikrincə, yay mövsümü başa çatandan sonra danışıqlar prosesində durğunluq da aradan qalxacaq.


Avqustun əvvəlində Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayza regiona səfərindən sonra digər həmkarları ilə Parisə danışıqların yekunları ilə bağlı müzakirələr aparıb. Bundan əvvəl isə cənab Brayza bildirmişdi ki, yay aylarında həmsədrlər hər hansı yeni təkliflə çıxış etməyəcəklər. Amerikalı diplomat bəyan edib ki, hazırda danışıqların elə mərhələsidir ki, siyasi qərar vermək məsuliyyəti prezidentlərin üzərinə düşür.


XS
SM
MD
LG