Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:38

Əlihüseyn Şalıyevin intiharı xəbərdarlıqdırmı?


Respublika Prokurorluğu intiharla bağlı maddi sübutları ekspertizaya göndərib
Respublika Prokurorluğu intiharla bağlı maddi sübutları ekspertizaya göndərib

İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin sabiq rəhbəri Əlihüseyn Şalıyevin vəkili Çingiz Kərimov bildirir ki, müdafiə etdiyi şəxsin intihar etməsinə inanır. Onun sözlərinə görə, səbəb çox sadədir. Cənab Şalıyev ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmır, özünü mənimsəmədə, vəzifədən sui-istifadədə təqsirli bilmirdi. Bir yandan da az qala bir ildir davam edən istintaq onun psixoloji vəziyyətinə təsir göstərmişdi. Vəkilin sözlərinə inansaq mərhum özü intihar haqda dəfələrlə onunla söhbət edibmiş: «Belə bir fikri vardı. Verilmiş ittihamlarla razılaşmırdı. Özünü təqsirli saymırdı».


Amma vəkil onu da deyir ki, o, özü Əlihüseyn Şalıyevin dünyasını dəyişdiyi Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olmayıb. Prokurorluğun məlumatında deyilən dəlilləri, yəni birdəfəlik ülgücü və onun ailəsinə yazdığı məktubu görməyib. Vəkil mərhumu yalnız meyitxanada gördüyünü və onun bədənində işgəncə izlərinin olmadığını bildirir.


Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev də intiharla bağlı maddi sübutların ekspertizaya göndərildiyini deyir. Ekspertizanın nəticələrininsə yaxın günlərdə deyil, istintaq başa çatanda açıqlanacağını bildirir. Amma Vüqar Əliyev istintaqın intihar versiyası üzərində işlədiyini bildirsə də, bunun ehtimal olduğunu vurğulayır.


Fərhad Əliyevə yaxın çevrələr Əlihüseyn Şalıyevin sabiq nazirlə yaxın olduğunu, üstəlik onun işgüzar qabiliyyətini və savadını nəzərə alaraq Ukraynadan Azərbaycana dəvət edib vəzifəyə təyin etdiyini deyirlər. Amma sabiq nazirə yaxın şəxsin ölümünün istintaqın gedişinə necə təsir edəcəyini demək çətindir. Hərçənd narahatlıq hiss olunmaqdadır. Sabiq departament rəhbərinin ölümünə ilkin reaksiya elə məhz keçmiş məmurların vəkillərindən gəldi. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və Prezident Aparatının sabiq İşlər İdarəsinin rəisi Akif Muradverdiyevin vəkilləri onların müdafiə etdikləri şəxslərin intihar etmək niyyətində olmadığını bəyan etdilər. Vəkillərin bu bəyanatla keçmiş məmurların mərhum Əlihüseyn Şalıyevin intiharı haqda rəsmi versiyanı şübhə altına saldıqlarını və hansısa çevrələrə mesaj ötürmək niyyətində olduqları istisna deyil.


Fərhad Əliyevin vəkili Adil İsmayılovun sözlərinə görə, müdafiə etdiyi şəxs hesab edir ki, istintaqın ləng getməsi ucbatından bundan sonra da xoşagəlməz hadisələr baş verə bilər.


Akif Muradverdiyevin vəkili Fuad Ağayev isə müdafiə etdiyi şəxsin fiziki baxımdan problemləri olduğunu, bir neçə xəstəlikdən əziyyət çəkdiyini desə də, onun psixoloji durumunun normal olduğunu bildirir: «Bu bəyanatın verilməsinə səbəb ölüm hadisəsi oldu. Birmənalı şəkildə bəyan edirəm ki, Akif Muradverdiyev əsassız ittihamlara qarşı mübarizə aparmaq və qalib gəlmək niyyətindədir. İntihar niyyəti yoxdur».


Azərbaycanda bu ölümün keçmiş məmurlara bir siqnal olduğunu düşünürlər də var. «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, hətta xəstəxana şəraitində olsa belə uğurlu əməliyyat keçirmiş insanın intiharı ağlabatan deyil. Çox güman ki, bununla kimlərəsə psixoloji təzyiq göstərilir: «Çox güman ki, həbsdə olan məmurlara təzyiq göstərilir. Xüsusən də Fərhad Əliyevə. Kimlərsə onun danışmasında maraqlı deyil…»


«Ayna» və «Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə bu hadisədə təəccüblü heç nə olmadığını düşünür. O xatırladır ki, dəhliz söhbətlərində sabiq məmurların həbsindən sonra bir çox həqiqətlərin üzə çıxmamağı üçün intiharların, ölüm hadisələrinin olması mümkünlüyü istisna edilmirdi: «Ola bilər onu intihara sövq ediblər. Və ya bu heç intihar deyil. İndi diqqət Fərhad Əliyevin üzərində cəmlənməlidir. Hacı Məmmədovun açıqlamasından sonra bir çox həqiqətlər üzə çıxa bilər. Ona görə hətta Hacı Məmmədovun sağ qalmasını istəməyənlər də ola bilər».


Ekspertlərə görə, növbəti ölüm hadisələrindən sığortalanmaq üçün sabiq məmurlarla bağlı informasiyalar cəmiyyətə açıq olmalıdır. Bu baş verməzsə hadisələrin hansı yöndə cərəyan edəcəyini demək çətindir. Xüsusən də istintaq başa çatıb iş məhkəməyə göndərilən ərəfədə.


XS
SM
MD
LG