Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:36

T.de Waal Azərbaycana 2 təhlükə görür: çihadçılar və yeni Qarabağ müharibəsi (Video)


Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Thomas de Waal Azərbaycan hökumətinin Qərbdən uzaqlaşmasını bu ölkənin gələcək perspektivlərinə və müstəqilliyinə ziyanlı hesab edir. Amerikanın Səsi ilə söhbətdə cənab De Waal Azərbaycanda şiddətlənən basqıları, rəsmi Bakının anti-Qərb siyasi kursunu, Dağlıq Qarabağ münaqişəsini və regiondakı geosiyasi maraqları müzakirə edir.

Amerikanın Səsi: Siz bu günlərdə yazdığınız məqalədə Azərbaycann Qərbə inteqrasiya etmək niyyətində olmadığını bildirmisiniz. Öz arqumentlərinizi qısaca izah edə bilərsinizmi?

Thomas de Waal: Əvvəla, gəlin razılaşaq ki, Azərbaycan Qərb ölkəsi deyil. Bu, Qərblə Şərq arasında yerləşən ölkədir ki, burada Türkiyənin, İranın, Rusiyanın tarixi təsirləri mövcuddur. Azərbaycanın həm dünyəvi, həm də İslam ənənəsi var. Azərbaycan tam şəkildə Qərb ölkəsi deyil və burada bir qəbahət yoxdur. Problem ondadır ki, Vaşinqtonda oturan bəzi lobbiçilər bəzən elə təəssürat yaratmağa çalışırlar ki, guya Azərbaycan Qərb təmayüllü bir ölkədir. Dəlillər isə bundan mürəkkəbdir.

Ukraynada baş verənlər fonunda güman etmək olardı ki, Azərbaycan Qərbə daha yaxın siyasət yürüdəcək. Təəccüblüdür ki, Azərbaycan bunun əksini edir.

Bəli, Azərbaycanın Pentaqonla, Qərb neft şirkətləri ilə sıx münasibətləri var. Eyni zamanda Azərbaycan Rusiya ilə yaxın münasibətlər saxlayır. Hazıda ölkədə şiddətli basqılar yaşanılır. İstər IREX, istər NDI və başqa təşkilatlara edilən basqılar kəskin xarakter alıb. Azərbaycan hökuməti Qərbpərəst fəalları - Leyla və Arif Yunusları, Rəsul Cəfərovu, İntiqam Əliyevi, İlqar Məmmədovu, Anar Məmmədlini və Rauf Mirqədirovu həbsə atıb. Bu adamlar Qərbə müsbət münasibət bəsləyən şəxslərdi və hökumətə müxalif olduqlarına görə həbs olunublar.

Amerikanın Səsi: ABŞ-ın Azərbaycandakı sabiq səfiri Richard Kauzlarich və Freeedom House-un direktoru David Kramer bu yaxınlarda Azərbaycan hökumətinə sanksiyalar tətbiq olunmasına çağırıblar. Onlar hesab edirlər ki, bu, İlham Əliyev hökumətinə ciddi mesaj göndərərdi. Sizin bu haqda düşüncələriniz?

Thomas de Waal: Bu, kifayət qədər kəskin bir mövqedir və bu mövqeni xarici siyasət sahəsində çəkisi olan iki adam sərgiləyir. David Kramer hökumətdə çalışarkən Belarusa sanksiyalar tətbiq edilməsində yaxından iştirak etmişdi. Demək lazımdır ki, Azərbaycanda insan haqlarının durumu Belarusdakından qat-qat pisdir. Burada ikili standart ola bilər. Prezident Əliyev və Azərbaycan hökuməti ilə dialoq saxlamaq mühümdür. Onlara başa salınmalıdır ki, söhbət burada rejim dəyişikliyindən getmir. Məni narahat edən odur ki, sabiq səfir Richard Morningstar kimi Azərbaycana dost münasibət bəsləyən adamların narahatlıq ifadələri və çağırışları düzgün reaksiya ilə qarşılanmadı. Rəsmi Bakı bu çağırışları nəzərə almaq əvəzinə, daha da çox adamı həbsə atdı. Müəyyən məqamda ABŞ administrasiyası hansı ölçülər götürə biləcəyi üzərində götür-qoy etməlidir. Bura sanksiyalar daxil ola bilər. Zənnimcə, biz hələ o nöqtəyə gəlib çıxmamışıq. Amma bu məqalə Vaşinqtonda

Kompromis masa üzərində olanlardır. Azərbaycan kiçik Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünü-idarəçilik hüququ verilir.

Azərbaycanla bağlı söhbətin gedişatını göstərir.

Amerikanın Səsi: Sizin arqumentlərinizdən biri də budur ki, neft pulları Azərbaycan hökumətini beynəlxalq siyasətdə öz yolunu açmağa sövq edib. Güman edirsinizmi ki, Rusiya, İran və Türkiyə kimi iri dövlətlərin əhatəyə aldığı Azərbaycan belə bir siyasət yürüdə bilər?

Thomas de Waal: Əgər mənim ötən il getdiyim Bakını 1995-ci ildə ilk dəfə səfər etdiyim Bakı ilə müqayisə etsəniz, deyərdim ki, çox şey dəyişib. Ölkə indi daha varlıdır, daha güclüdür. Azərbaycanın xaricdə 60-dan çox səfirliyi var, BMT Təhlükəsizlik Şurasında yer alıb. Qərb neft şirkətləri Azərbaycanda işləyir. Bu mənada Azərbaycan boya-başa çatmış ölkədir. Əlbəttə, Rusia və İran çətin qonşulardır. Amma hesab etmirəm ki, hazırda onlar Azərbaycana təhlükədirlər. Azərbaycan öz gələcəyini müəyyən edə bilir. Qəribə olanı odur ki, Ukraynada baş verənlər fonunda güman etmək olardı ki, Azərbaycan Qərbə daha yaxın siyasət yürüdəcək. Təəccüblüdür ki, Azərbaycan bunun əksini edir.

Amerikanın Səsi: Sizcə Azərbaycandakı sabitliyə əsas təhlükələr hansılardır? Xarici, daxili, yoxsa hər ikisi?

Tomas de Waal: Azərbaycan üçün başlıca iki risk görürəm. Güman etmirəm ki, xarici risk böyükdür. Rusiya və İran problemdir, amma onlardan heç biri Azərbaycana birbaşa müdaxilə etmək niyyətində deyil. Heç biri rejim dəyişikliyi arzulamır. Onların prezident Əliyevlə normal münasibətləri var. Risklər ikidir. Birincisi budur ki, demokratik müxalifətin həbsə atılması və marginallaşdırılması ilə meydan boşalır. Bu meydanı radikal müxalifət dolduracaq. Bu sıraya cihadçılar, hazırda Suriya və İraqda İŞİD sıralarında döyüşən azərbaycanlı sünnilər daxildir ki, onlar bir gün vətənə qayıdacaqlar. Bu mənada hökumət müxalifəti radikallaşdırır. İkinci təhlükə Qarabağ müharibəsinin alovlanmasıdır. Təmas xəttində ara-sıra kiçik toqquşmalar görürük. Hər iki tərəfdə provokasiyalar baş verir. Ağır silahlar ucbatından Qarabağda hətta kiçik müharibə belə kütləvi insan itkiləri ilə nəticələnə bilər. Hesablamalarda yanlışlıq Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına gətirib çıxara bilər ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, qonşular üçün də faciəvi olardı.

Amerikanın Səsi: Siz Azərbaycan hökumətinə nə etməyi tövsiyə edərdiniz?

Tomas de Waal: Onlar Vaşinqtondan gələn səslərə daha diqqətlə qulaq asmalıdırlar. Bu adamlar rejim dəyişikliyində maraqlı deyillər. Onlar Azərbaycanın açıq və demokratik olmasını istəyirlər. Əgər bu, baş versə onda Qərblə daha yaxşı münasibətlər olacaq. İran və Rusiya böyük qonşulardır. Amma Azərbaycan daha çox müstəqillik istəyirsə, kiçik qonşusu ilə sülhə nail olmadlır. Bu, strateji istiqamət olardı. Qarşılıqlı kompromis əsasında sülhə nail olunması Azərbaycanı Qərblə Şərq arasında mühüm dəhliz məkanına çevirərdi və müstəqilliyinə təminat verərdi. Əlbəttə, kompromisə getmək asan deyil. Amma torpaqlar geri qayıdacaq, qaçqınlar evlərinə dönəcək. Belə bir sonuc Azərbaycanı daha böyük problem olan Rusiya və İranla münasibətdə gücləndirərdi.

Amerikanın Səsi: Kompromis deyəndə nəyi nəzərdə tutursunuz?

Tomas de Waal: Kompromis masa üzərində olanlardır. Azərbaycan kiçik Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünü-idarəçilik hüququ verilir. Regionun statusu uzun müddət qeyri-müəyyən saxlanılır – 20-30 il sonraya referendum nəzərdə tutulur. Bu vaxt ərzində isə Azərbaycan Ermənistanla əlaqələr qurur. Azərbaycan iqtisadi baxımdan Ermənistandan irəlidədir. Azərbaycan Ermənistanla münasibətdə yumşaq gücdən istifadə edə bilər. İnsanlar evlərinə qayıdar. Təhlükəsizlik durumu yaxşılaşar. Həyat yaxşılaşar. Azərbaycan istədiyi hər şeyi almayacaq – məsələn, ola bilsin, Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq. Amma yerdə qalan hər şey olacaq.

XS
SM
MD
LG