Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:28

Tapdıq Yolçu: 'Bu gün Gürcüstanda təkcə "SOCAR" brendi ilə təmsil olunuruq'


Gürcüstanda yaşayan azərbaycanlı şair Tapdıq Yolçu.
Gürcüstanda yaşayan azərbaycanlı şair Tapdıq Yolçu.

2016-cı ildə Gürcüstanda keçirilən parlament seçkilərində bu ölkədə yaşayan azərbaycanlıların görünməmiş fəallığı hiss olundu. Burda yaşayan Azərbaycan ziyalıları xüsusilə ictimai mövqe göstərdilər. Gürcüstanda yaşayan azərbaycanlı şair Tapdıq Yolçu Oxu Zalına Gürcüstandakı azərbaycan mədəni mühiti, Yazıçılar Birliyinin bölgədə fəaliyyəti və yetişməkdə olan gənc nəsil haqda danışır.

– Sizcə gürcü mədəni, elmi çevrələrində azərbaycanlıların çoxalması gürcüstandakı azərbaycanlıların vəziyyətinə necə təsir edə bilər, onlara nə kimi üstünlüklər verər?

– Təbii ki, xüsusilə, bizlər kimi qeyri-milli dövlətlərdə yaşayan xalqların həm özünütəsdiqi, həm də onunla sivil davranılması üçün dominant millətlə mədəni, elmi əlaqələrinin olması çox vacibdir və bu amilə önəm verməmək yanlışlıq olardı.

Tapdıq Yolçu kitab mağazasında.
Tapdıq Yolçu kitab mağazasında.

...Və elə buradaca təəssüflə qeyd edim ki, bu sahədə uğurlarımız bölgə səviyyəsindən mərkəzə doğru çox da yüksələ bilməyib. Bunun bir neçə subyektiv səbəbi vardır və onlardan ən önəmlisini xüsusi qeyd etmək istəyirəm. Belə ki, sovet dönəmində Tbilisidə A. S. Puşkin adına (indiki Sulxan-Saba Orbeliani) Pedaqoji İnstitutun nəzdində Azərbaycan dili filologiyası adlı bir fakültə və kafedra mövcud idi ki, orada azərbaycanlı alimlər dərs deyir, gənclərimiz doğma dilimizdə təhsilə yiyələnirdilər.

Bəs indi nəyimiz var paytaxt şəhərimizdə? Uçuq-sökük H. Əliyev adına Tbilisi Azərbaycan Dram Teatrı?! M. F. Axundovun ev-muzeyi?! Özgə nə?

Məcazi də yox, lap elə sözün əsl mənasında ora bizlərin bir mədəni və elmi məbədgahı idi. Eləcə də, paytaxtda “Sovet Gürcüstanı” qəzeti çıxırdı və ora da ədəbi, mədəni güvənc yerimiz idi. Bəs indi nəyimiz var paytaxt şəhərimizdə? Uçuq-sökük H. Əliyev adına Tbilisi Azərbaycan Dram Teatrı?! M. F. Axundovun ev-muzeyi?! Özgə nə?

Yeri gəlmişkən, qeyd edim ki, bu sahədə Azərbaycanın Gürcüstandakı əvvəlki səfiri Namiq Əliyev çox məqsədyönlü layihələr həyata keçirirdi. Məsələn, onun təşəbbüsü ilə Cavaxişvili adına Tbilisi Dövlət Universitetində H. Əliyev adına Azərbaycan kabineti açılmışdı və orada tez-tez müxtəlif elmi-mədəni tədbirlər keçirilirdi. Həmin tədbirlərə də məqsədyönlü şəkildə yerli azərbaycanlı ziyalılarla yanaşı gürcü mədəni-elmi dairələrinin nümayəndələri dəvət olunur və müştərək çıxışlar baş tuturdu...

Heyif ki, bu gün paytaxtın elitar çevrələrində bizlər yalnız SOCAR brendi ilə (maşallah olsun!) daha geniş təmsil olunmaqdayıq...

Buna da bax: Marneulidə azərbaycanlı namizəd 2-ci tura gedir

– Tapdıq bəy, Gürcüstanda son seçkilərdə azərbaycanlıların xüsusi fəallığı nəzərə çarpdı, siz Borçalı ziyalısı kimi bu haqda yazdınız, bəs fəallığın qarşılığında nəyə nail olunduz?

– Əslində, Gürcüstanda keçirilən seçkilərdə soydaşlarımızın xüsusi fəallıq oyanışı 2014-ci ildə, bələdiyyə seçkiləri zamanı baş verib. Sizlərə xatırladıram ki, həmin ildə Marneuli rayon sakrebulosuna (icra hakimiyyətinə) rəhbər vəzifəsinə iqtidar partiyasından olan milliyyətcə gürcü Merab Topçişvili və Vahid Milli Hərəkatdan Əhməd İmamquliyevin namizədlikləri irəli sürülmüşdü. Rayon əhalisinin 90 faizə qədərini azərbaycanlıların təşkil etdiyi həssas bir bölgədə icra başçılığına gürcü namizəd irəli sürməklə, zənnimcə, “Gürcü Arzusu” strateji haqsızlığa yol vermiş oldu. Belə ki, məsələn, ermənilərin kompakt yaşadığı Axalkalaki rayon rəhbərliyinə iqtidar partiyasından milliyyətcə erməni namizəd irəli sürülmüşdü (üstəlik müxalifətin də namizədi erməni idi!). Çox güman ki, məhz, bu amil seçkidə soydaşlarımızın xüsusi fəallığına səbəb oldu və həmin seçkidə iqtidar nümayəndəsinin cüzi səs çoxluğu ilə qalib gəlməsi faktı, artıq ondan xəbər verirdi ki, yerli əhali heç də hər zaman olduğu kimi hakim partiyanın sifarişi ilə oturub-durmaq fikrində deyil.

Seçkidə iqtidar nümayəndəsinin cüzi səs çoxluğu ilə qalib gəlməsi faktı, artıq ondan xəbər verirdi ki, yerli əhali heç də hakim partiyanın sifarişi ilə oturub-durmaq fikrində deyil.

Yeri gəlmişkən, iqtidar son seçki zamanı da Marneulidə eyni yanlışlığa yol verdi və orada məlum xoşagəlməz olaylar baş verdi. Bu barədə təfsilatı ilə bəndənizin “Uduzan Gürcüstan” adlı məqaləsində tanış ola bilərsiniz.

Son seçkilərdə soydaşlarımızın fəallığının göstəricisi kimi onu qeyd edərdim ki, müxtəlif partiya siyahısından və majoritar namizəd qismində ümumilikdə 23 nəfər nümayəndəmiz Ali hakimiyyət orqanında təmsil olunmaq təşəbbüsündə bulundu. Bu fəallığın ən müsbət nəticəsi olaraq şəxsən mən, ilk növbədə, yenə Əhməd İmamquliyev faktorunun bütün ölkə miqyasında hadisəyə çevrilməsini vurğulayardım. Altını cızaraq açıq deyirəm ki, Ə. İmamquliyev, məhz, uduzduruldu, çünki yerli rəhbərlikdən belə bir qeyri-rəsmi mesajlar edilirdi ki, nə istəyirsiniz, artıq azərbaycanlılardan 4 nəfər deputat seçilmişdir, 5-cinin olması mümkünsüzdür. Hətta seçkilərin ikinci tur öncəsi Azərbaycan Respuklikasından bölgəyə təşrif buyurmuş yüksək vəzifə sahibi olan özümüzünkülər də bu arqumenti xüsusi hallandıraraq, soydaşlarımızı gürcü namizəd Tamaz Naverianiyə səs verməyə təhrik etdilər.

Üstəlik, Bolnisi rayonunda müxalif Vahid Milli Hərəkatdan gənc qız – Samirə İsmayılovanın iqtidar namizədi, milliyyətcə gürcüyə ciddi rəqabət nümayiş etdirərək, az bir faizlə uduzması (burada da hakimiyyət amilinin müəyyən rol oynadığı danılmazdır, xatırladım ki, Bolnisi rayon sakinlərinin 47 mini azərbaycanlı, 9 mini gürcü və qeyri millətlərdən ibarətdir) da çox şeydən xəbər verir.

Seçkidə əldə edilmiş iknci müsbət cəhət isə, artıq qeyd etdiyim kimi, parlamentə 4 nəfər soydaşımızın deputat seçilməsidir. Belə ki, əvvəlki iki seçkidə 3 namizədimiz deputat mandatına malik idilər.

Buna da bax: Gürcüstanda yaşayan yazardan Günel Mövluda etiraz

– Gürcüstanda gənc nəsillə yaşlı nəsil yazarlar arasında bir uçurum olduğu deyilir, necə düşünürsünüz bu uçurum hardan yaranıb?

Gürcüstanda yaşayan gənc azərbaycan yazıçıları Rafiq Hümmətlə birgə.
Gürcüstanda yaşayan gənc azərbaycan yazıçıları Rafiq Hümmətlə birgə.

– Əslində bu “uçurum” məsələsi bəzi gənc yazarlar tərəfindən şişirdilib. Buradakı istedadlı gənc yazarlarla biz – yaşlılar arasında hansı “uçurum” var ki, o barədə kimsə söz açır?! Bilirəm, buraya kənardan bəziləri təşrif gətirib (lap açıq da deyim – Seymur Baycanla Günel Mövlud) bəzi tələbə gənclərimizin beyninə hansısa ideyalarını yeritmək istəyirdilər... Onların “fəaliyyətlərinin” ən “yaxşı” nəticəsi də o oldu ki, bir neçə nəfər gənc Gürcüstanda Azərbaycan dilli məktəblərin bağlanması təşəbbüsündə bulundular və ölkədə bütün yaşlı ziyalıların təpkisi ilə üzləşməli oldular...

Buraya kənardan bəziləri təşrif gətirib (lap açıq da deyim – Seymur Baycanla Günel Mövlud) bəzi tələbə gənclərimizin beyninə hansısa ideyalarını yeritmək istəyirdilər...

Son olaraq onların əksəriyyəti həmin fikirlərində səhv etdiklərini anladılar və bu gün bizlərlə eyni cərgədədirlər. İstedadlı yazar gənclərdən Coşqun Cəfər, Azər Musaoğlu, Anar Rafiqoğlu, Afayət Afiq, Kamuran, Nübar Bayram, Ravil Məmmədov və neçələri AYB-nin Gürcüstan bölməsi (sədri Rafiq Hümmət) ilə sıx əməkdaşlıq edir, imkan tapdıqları zaman bizlərlə təmasda olurlar. Düzdür, tək bir nəfər həqiqətən istedadlı gənc qız var ki, yenə “Günel mövqeyində” qalmağındadır, lakin şəxsən mən bunu onun özünüifadə sahəsində problemi olduğu ilə əlaqələndirirəm. Çünki həmin gənc balamız “Varlıq” qəzetinin müntəzəm dərc olunduğu vaxtlarda onun ən aktiv yazarlarından biri idi...

– Gürcüstanda yaşayan azərbaycanlı yazıçılarımız daha çox Azərbaycan ədəbi mühiti ilə maraqlanırlar nəinki Gürcüstan? Bunun səbəbi nədir?

– Bunun başlıca səbəbi odur ki, biz mənən hər zaman Azərbaycana bağlı olmuşuq, hətta burada AYB-nin bir Gürcüstan bölməsi vardır. Düzdür, həmin bölmənin yalnız adı vardır və ona sədr təyin olunduğu 11 il ərzində Rafiq Hümmətə yazıçılar ittifaqından bir manat belə maddi yardım ayrılmayıb. Ümumiyyətlə, Bakıdan ona dəstək olaraq, tək bircə dəfə Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən müəyyən maddi yardım ayrıldı və həmin vəsait hesabına 1500 səhifəlik samballı “Ədəbi Gürcüstan” toplusu nəşr olundu... Bəs, görəsən, 25 nəfərimizin üzvü olduğu AYB-nin qayğısını bizlər niyə görmürük?

Gürcüstan mənşəlli azərbaycanlı yazıçılar soldan sağa Rafiq Hümmət, Nəriman Əbdürrəhmanlı, Tapdıq Yolçu.
Gürcüstan mənşəlli azərbaycanlı yazıçılar soldan sağa Rafiq Hümmət, Nəriman Əbdürrəhmanlı, Tapdıq Yolçu.

Bir faktı da qeyd edim ki, hələ sovet dönəmində buradakı ədiblərimiz arasında belə bir fikir səslənirdi ki, biz gərək üzümüzü Gürcüstan Yazıçılar İttifaqına çevirək və yerli vətəndaş kimi onlardan özümüzə filial tələb edək...

...Və onu da nəzərinizə çatdırım ki, hazırda burada yazıçılar ittifaqı iki təşkilata bölünüb, Mağvala Qonaşvilinin rəhbəri olduğu yazıçılar ittifaqı və Gürcüstan Yazıçıları Milli Akademiyası (rəhbəri üç ildən bir dəyişilir, hazırda “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetinin redaktoru Tamaz Sivsivadze başçılıq edir). İkinci təşkilatda Azərbaycan bölməsi vardır və dəyərli tədqiqatçımız Mirzə Məmmədoğlu ona rəhbərlik etməklə yanaşı, idarə heyətinin də üzvüdür. Düzdür, hər iki təşkilata dövlət tərəfindən maddi vəsait ayrılmır (bu sahədə gürcü dostlarımız AYB-yə həsəd aparırlar!), lakin şəxsən M. Məmmədoğlunun təşəbbüsü və müəlliflərinin öz hesabına gürcü dilində Azərbaycandan olan bir neçə müəllifin kitabları işıq üzü görmüşdür.

Sözün qısası, istər Azərbaycana üz çevirək, istərsə də öz ölkəmiz Gürcüstana, heç birindən bizlərə maddi dəstək yoxdur və kitablarımızı da yalnız öz hesabımıza nəşr etdiririk.

Buna da bax: 'Borçalı ədəbiyyatında insan iştirak eləmir, dağ var, gül var, bülbül var'

– Bilmək istərdim, əsərlərinizi niyə məhz gürcü dilində yox, Azərbaycan dilində yazırsınız? Necə düşünürsünüz Gürcüstan xətti ilə dünyaya çıxmaq daha rahat olmazdımı?

Deməzdim ki, Gürcüstan xətti ilə beynəlxalq aləmə çıxmaq daha asan olaydı. Bizlər üçün, zənnimcə, Türkiyəyə üz tutmaq daha yaxşı olardı.

– Mən orta və ali təhsilə doğma dilimizdə yiyələnmişəm, yəni, əsərlərimi də, təbii ki, bu dildə yaza bilərəm. Bəziləri bunu genlə bağlayır, lakin mən bu amili informasiya psixilogiyası ilə izah edərdim. Çünki hansı dili mükəmməl bilir və kənar informasiyaları da o dildə qəbul edirsənsə, bədii əsərlərini də həmin dildə yazırsan.

Sualınızın ikinci hissəsinə gəldikdə, mən deməzdim ki, Gürcüstan xətti ilə beynəlxalq aləmə çıxmaq daha asan olaydı. Bizlər üçün, zənnimcə, Türkiyəyə üz tutmaq daha yaxşı olardı.

– Gürcüstan ədəbi mühitini və Azərbaycandakını müqayisə etsək, sizcə hansı daha üstün və daha çox inkişaf etmişdir?

- Ən yeni tarixi götürsək, yəni, sovet dövründən bu yana müqayisə aparsaq, nəsrdə gürcü ədəbiyyatı, poeziyada Azərbaycan ədəbiyyatı daha üstün səviyyədə olmuşdur və hazırda da ümumi vəziyyət, şəxsən mənim fikrimcə, məhz, belədir...

– Öz şeirlərinizi modern şeir hesab edirinizmi, yoxsa o klassik, ənənəvi şeirə üstünlük verir.

- Mən klassik ənənə daşıyıcısıyam. Çox az sayda sərbəst şeirlər yazmışam. Yuxarıda qeyd etdiyim kimi, bu, məhz, informasiya psixologiyası ilə bağlı olan məsələdir. Belə deyim, mən 3-cü, 4-cü sinifdən başladım aşıq dastanları oxumağa, sonralar məlum klassiklərimizin əsərləri ilə yaddaşımı yetərincə yüklədim...

Yeri gəlmişkən və fikrimə qüvvət olaraq sizlərə belə bir faktı açıqlayım – mənim kiçik qızım 11 yaşı olanda şeirlər yazmağa başladı və təəccüb etməyin, o, həmin şeirlərini türk dilində yazır! Niyə? Çünki hər zaman o, kəsinliklə türk telekanallarına baxır, türk mahnılarını dinləyir, mənim türkiyədən alıb-gətirdiyim türk ədəbiyyatını qiraət edir, bircə Azərbaycan dilində təhsil alır və evdə öz dilimizdə danışırıq. Üstəılik, şeirlərini də sərbəst üslubda yazır. İlk dəfə mətbuata hazırda 13 yaşı olan Aişə qızımın iki il əvvəl yazdığı bir şeiri təqdim edim;

İçimdə büyük bir boşluk var,

Bu öyle bir boşluk ki,

Ağlamakla, bağırmakla, çağırmakla,

Geceleri yastıkları ısırmakla geçmiyor.

İçimde öyle bir boşluk var ki,

Hayatımın sonuna kadar

Beni bırakmıyacak,

Hep beni üzecek.

İndi bu gün, tutaq ki, mənim ən çox oxduğum Orxan Vəlinin, Can Yücelin şeirləridi, mən durub türk dilində şeir yaza bilərəmmi? Məncə, bu, müğənnilərin “xaric oxumaq” dedikləri kimi bir şey olardı…

Buna da bax: Borçalıda ədəbiyyat və məktəb dərdi...

– Bir ziyalı kimi Gürcüstanda yaşayan azərbaycanlıların əsas problemi olaraq nəyi görürsünüz? Hazırda həll edilməsi gərəkən öncəlikli məsələlər sizcə hansılardır?

Gürcüstanda yaşayan Azərbaycanlı yazıçıların bir qrupu.
Gürcüstanda yaşayan Azərbaycanlı yazıçıların bir qrupu.

– Ən əsas problemimiz haqqında ziyalılarımız neçə illərdir həyəcan təbili çalmaqdayıq – məktəblərimizdə dərs deyən soydaşlarımızın orta yaşı 60-ı ötüb-keçməkdədir, sabah, birigün uşaqlarımıza doğma dilimizdə dərs deyə biləsi müəllim kadrlarımız yetişməyir. Buna kim əncam çəkməlidir?! Bu problemin həlli yollarından biri də söylənilmişdir – tutaq ki, lap elə Marneuli şəhərində bir pedaqoji universitet açılsın və orada dərs demək üçün, ilk növbədə, Borçalıdan olub, Bakıda dərs deyən alimlər, ən azı, on illiyinə ezam olunsunlar. Niyə on il deyirəm? Çünki o on il ərzində həm peşəkar müəllim kadrları hazırlanar, daha yaxşı oxuyan tələbələr sırasından elə o universitetdə qalıb işləyəcək alimlər yetişdirilərdi.

Məktəblərimizdə dərs deyən soydaşlarımızın orta yaşı 60-ı ötüb-keçməkdədir, sabah, birigün uşaqlarımıza doğma dilimizdə dərs deyə biləsi müəllim kadrlarımız yetişməyir.

Həll olunası ikinci problem – Gürcüstanda yaşayan soydaşlarımızın vahid bir birlik tərəfindən yönləndirilməsi məsələsidir. Bu gün Gürcüstanda soydaşlarımızın yaratmış olduqları 50-dən çox müxtəlif ictimai təşkilat, QHT mövcuddur, hər kəs də “atını minib bir yana çapmaqdadır”. 2011-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının III qurultayında hörmətli prezident İlham Əliyev xarici ölkələrdə Azərbaycan Evlərinin yaradılması barədə çox maraqlı bir təklif irəli sürdü. Elə bir Mərkəzin olması bizlərin işinə necə yarayacağını təsəvvür edirsinizmi? Ancaq oraya formal rəhbər olaraq kiminsə “hoppan-tullan müəllimi” olan qardaşını, ya da hansısa FİLANKƏSİN əzizini təyin etməyələr...

XS
SM
MD
LG