Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:36

Kinoya dövlət dəstəyi məsələsində Azərbaycana hansı ölkələr nümunə ola bilər


Bakıda sökülmüş "Azərbaycan" kinoteatrı.
Bakıda sökülmüş "Azərbaycan" kinoteatrı.

Azərbaycan kinosunun əsas maliyyə mənbəyi Mədəniyyət və Turizm Nazirliyidir. Yəni dövlət yerli kino sənayesini bu nazirlik və onun tərkibində fəaliyyət göstərən kino şöbəsi vasitəsilə dəstəkləyir. 2017-ci ilə qədər Mədəniyyət və Turizm Nazirliyinin simasında milli kinoya - bura kino ilə bağlı tədbirlərin keçirilməsi, bir-iki tam və qısametrajlı bədii və sənədli filmlərin istehsalı vəs aiddi – 6 milyon manata yaxın vəsait ayrılırdı. Bu ildən etibarən sözügedən məbləğ bir milyona endirilib. Üstəlik, dövlətin kinoistehsalata sərf etdiyi vəsait geri qayıtmır. Amma bunun səbəbi çoxlarının düşündüyü kimi təkcə dövlət sifarişi ilə çəkilən filmlərin bədii və texniki keyfiyyətinin aşağı olması deyil. Əsas səbəb verilən vəsaitin geri qaytarılması üçün heç bir sistemin, mexanizmlərin yaradılmamasıdı. Qısa desək, büdcənin şəffaflığı təmin olunmur, filmlərin yerli prokatına diqqət yetirilmir, çəkilən filmlər - əgər müəllif özü maraqlı deyilsə - plan doldurmaq xarakteri daşıyır, müəyyən günlərdə, heç kimin baxmayacağı saatlarda nümayiş olunur və yoxa çıxır.

Ölkədə kino sənayesini dəstəkləyən başqa heç bir fond və ya təşkilat yoxdu. Özəl şirkətlər də bir qayda olaraq, demək olar ki, bütünlüklə komediyalardan ibarət olan kommersiya filmlərinə sponsorluq edirlər.

Uzun illərdi ki, əksər kinematoqrafçılar,xüsusilə də, müstəqil kinonun nümayəndələri kino kimi strateji əhəmiyyətli bir sahənin balaca bir şöbə tərəindən idarə olunmasının absurdluğunu izah eləməyə çalışır, dünya təcrübəsindən yararlanmağı, Gürcüstanda, Qırğızıstanda, Avropa ölkələrindəki kimi müstəqil kino mərkəzlərinin yaradılmasını, beynəlxalq kino fondlarının, təşkilatların Azərbaycana cəlb olunmasını tələb edirlər. Əfsus ki, hələlik onların bu tələbləri cavabsız qalır.

Bəs dünya təcrübəsi nə deyir? Müstəqil kino mərkəzləri, fondlar necə fəaliyyət göstərir? Belə müəssisələrin yaradılması Azərbaycan kinosuna nə verə bilər? Ümumiyyətlə, onların mövcudluğu milli kinomuzu dövlət dəstəyindən məhrum edəcək, yaxud əksinə, bu dəstəyin, müxtəlif mexanimzlərin köməyi ilə daha funksional olmasına şərait yaradacaq?

Oxu zalı kinoya dövlət dəstəyi ilə bağlı üç ölkənin təcrübəsini təqdim edir. Düşünürük ki, göstərilən nümunələr bu məsələ ətrafında yaranan sualları kifayət qədər cavablandırır.

Buna da bax: Elvin Adıgözəl: 'Kinonun tənəzzülündən Kinostudiya yox Mədəniyyət Nazirliyi günahkardır'

FRANSA

Bu istiqamətdə ən geniş yayılmış və məşhur təcrübə Fransaya məxsusdur. Yeri gəlmişkən, qonşu Gürcüstan da öz Milli Kino Mərkəzini yaradarkən fransızların təcrübəsindən yararlanıb.

Fransada tətbiq olunan kinematoqrafiyaya dövlət dəstəyi sistemi bütün dünyada ən effektiv sistemlərdən biri sayılır. Çünki yarandığı gündən uzunmüddətli nəticələrə və prodüserlərin fasiləsiz kinoistehsalata maraqlı olmasına hesablanıb. Kinonun maliyyələşməsinə cavabdehlik daşıyan əsas struktur 1940-cı illərin sonlarında yaradılmış Milli Kinematoqrafiya Mərkəzidir (CNC). Mərkəzin büdcəsi müxtəlif rüsumlar (kinoteatrlarda bilet satışları, televiziyada, internet kontentlərdə filmlərin yayımlanmasından və s. əldə edilən gəlirin müəyyən faizləri) hesabına formalaşır. CNC büdcəsinin, təxminən, 40%-ni kinoistehsalata ayırır. 2015-ci ildə bu rəqəm 332, 5 milyon avro olub. Bu məbləğ dövlət dəstəyinin avtomatik prinsipi və seçmə sxemi əsasında istehsalçılar arasında bərabər bölünür.

Fransada tikilmiş dünyada ən qədim kinoteatr "L'Idéal", 1905-ci ilə aiddir.
Fransada tikilmiş dünyada ən qədim kinoteatr "L'Idéal", 1905-ci ilə aiddir.

Avtomatik dəstək Fransada CNC-nin fəaliyyətə başladığı gündən mövcuddu. Kinoya dövlət dəstəyinin avtomatik prinsipi deyəndə nə nəzərdə tutulur? Prodüser film istehsal edir və prokatdan, həmçinin digər nümayiş növlərindən götürdüyü gəlirin müəyyən bir hissəsini CNC-də olan xüsusi hesabına köçürür. Beləcə, onun gələcək layihələrini həyata keçirməkdən ötrü hazır ilkin maliyyəsi yaranır. Buna görə də prodüser, filminin kommersiya uğuru qazanmasında maraqlı olur, çünki film nə qədər çox gəlir gətirsə, hesabda da o qədər çox vəsait toplanacaq. Eyni zamanda prodüser həm də karyerasını inkişaf etdirməyə məcburdu, çünki sözügedən hesabdakı maliyyəni konkret zaman çərçivəsində yeni layihəyə sərf etməlidi.

Bu tip dəstək, adətən, filmin ümumi büdcəsinin 7,5%-ni təşkil edir. Qalan vəsait şəxsi sərmayəçilər hesabına əldə olunur. Istənilən özəl şirkət, telekanallar, kino və audiovizual sahənin maliyyələşdirilməsi üzrə ixtisaslaşmış xüsusi təşkilatlar fərdi sərmayəçi qismində iştirak edə bilərlər. Dövlət onları həvəsləndirmək məqsədilə bir sıra vergi güzəştləri nəzərdə tutur.

1960-cı illərin sonlarından Fransada kinematoqrafiyaya dövlət dəstəyinin ikinci üsulu – seçmə dəstək tətbiq olunmağa başlayıb. Məqsəd, kommersiya kinosu ilə daha az gəlir gətirən müəllif kinosu arasındakı balansın pozulmasının qarşısını almaq idi. Seçmə dəstək bu gün də Fransada müəllif kinosunun, həmçinin debüt, uşaq və gənclər üçün nəzərdə tutulan filmlərin əsas maliyyələşdirmə mexanizmlərindən biridi.

Seçmə dəstək zamanı maliyyə CNC-yə geri qaytarılmaq şərti ilə ayrılır. Bu, bir növ faizsiz kreditə bənzəyir. Prodüserlər həmin vəsaiti filmin nümayişinin nəticələrinə görə, ya da sonradan avtomatik dəstək alanda geri qaytarırlar. Seçmə üsulla edilən dövlət dəstəyi filmin ümumi büdcəsinin 15%-ni təşkil edir. Bütün bunlardan əlavə CNC-də ssenarilər üzərində iş, layihələrin inkişafı üçün müxtəlif qrantlar da mövcuddu.

Həmçinin Fransada yerli filmlərin nümayişinə görə məsuliyyət daşıyan və öz kontentlərinin istehsalında maraqlı olan telekanallar da kino istehsalçılarına ciddi dəstək verir.

Milli Kino Mərkəzi (CNC) ilə yanaşı dövlət müxtəlif mexanizmlər, özəl fondlar vasitəsilə milli kinonu həm də dolayı yolla dəstəkləyir. Bura vergi güzəştləri, ayrı-ayrı bölgələrin çəkiliş prosesinə yardımları da daxildir.

Fransa dövləti istehsalatla paralel, filmlərin prokatına da dəstək verir. Məsələn, kinoteatrlar təmir, zalların müasir texnika ilə təchizi məsələlərində CNC-nin dəstəyinə güvənə bilirlər. Art-house filmlər üzrə ixtisaslaşmış kinoteatrlar isə hətta CNC-dən kiçik dotasiyalar da alırlar.

Fransızlar retrospektivlərə - köhnə filmlərin nümayişinə də xüsusi diqqət yetirirlər. Çünki bu, kinoteatrlara ən müxtəlif yaş qruplarına aid tamaşaçıları cəlb etməyə imkan yaradır.

Buna da bax: "'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı

BÖYÜK BRİTANİYA

Milli kinoya dövlət dəstəyi baxımından Böyük Britaniyanın da təcrübəsi diqqətəlayiqdi.

Bu olkədə yerli kinoindustriyanın normal fəaliyyətinə cavabdeh olan təşkilat – Britaniya Kino İnstitutu, BFİ adlanır. Birləşmiş Krallığın kino və televiziya məhsullarının qorunması da BFİ-nin nəzarətindədir. Dünyanın ən böyük videomaterial arxivi bu institutun nəzdində yerləşir.

Londonda Britaniya film institutuna məxsus "IMAX" kinoteatrı.
Londonda Britaniya film institutuna məxsus "IMAX" kinoteatrı.

BFİ, Temzanın cənub sahilində yerləşən nəhəng mədəni mərkəzin sahibidir. Mərkəzdə Avropanın ən böyük İMAX ekranlarından biri qurulub və orda blokbasterlər, hit filmlər göstərilir.

İnstitut fəal şəkildə əhalinin kino ilə bağlı maarifləndirilməsi ilə məşğul olur. Məsələn, dövlət və özəl məktəblərdə kino tarixi və nəzəriyyəsi fənninin tədrisi kimi... 2012-ci ildə Britaniya Təhsil Nazirliyi kinoakademiyalar şəbəkəsinin yaradılması məqsədilə BFİ-yə böyük məbləğdə vəsait ayırıb. Ölkə ərazisində keçirilən kinofestivalların əksəriyyəti BFİ-nin dəstəyi ilə baş tutur.

İnstitut, britaniyalı rejissorları milli lotereyadan gələn vəsait hesabına dəstəkləyir. Həmçinin dövlət, milli kinoya dəstək məqsədilə Mədəniyyət, KİV və İdman Nazirliyinin büdcəsindən vəsait ayırır. BFİ-də debütant rejissorlar, sənədli film müəllifləri və milli və etnik azlıqların nümayəndələri üçün xüsusi təqaüdlər nəzərdə tutulub. Həmçinin təşkilat, Britaniya filmlərinin prokatı ilə məşğul olan müstəqil kinoteatrlara və distribyutorlara da dəstək verir.

2000-ci ildə Britaniya Mədəniyyət, KİV və İdman Nazirliyi ikinci böyük kinoya dəstək fondu – Böyük Britaniya Kino Şurasını yaradıb.

Fəaliyyətdə olduğu on il ərzində şura, film istehsalına 160 milyon funt sterlinq ayırıb. Ancaq sonra təşkilat, milli kinoya nəzarəti bütünlüklə inhisarına almaq istəyəndə və “ölkəyə milli kino sənayesinin inkişafı ilə məşğul olan vahid təşkilat lazımdır” deyərək BFİ-nin ləğvini təklif edəndə hökumət onun bütün aktivlərini və maliyyə mənbələrini BFİ-yə verərək Britaniya Kino Şurasını ləğv edib. Çünki 1933-cü ildə yaradılmış BFİ xeyriyyə təşkilatıdır və onun ləğvi qanunla qadağandır.

Buna da bax: Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'

HİNDİSTAN

Kino sənayesinin inkişafına dövlət dəstəyi ilə bağlı ən maraqlı təcrübə, yəqin ki, dünyanın ən nəhəng kino istehsalçılarından biri hesab edilən Hindistana aiddi.

Hindistanda, təxminən, milyard yarım əhali, 100 milyon ödənişli televiziya istifadəçisi, 600 telekanal var. İldə 1500-ə yaxın film istehsal olunur, il ərzində üç milyard bilet satılır. Bütün bunların fonunda milli kinoya heç bir güzəşt yoxdur. Çünki ölkədə rəsmi şəkildə 22 dildən istifadəyə icazə verilib. Yalnız hindi və ingilis dillərinin dövlət dilləri hesab olunmasına baxmayaraq, bəzi ştatlarda onlar hətta rəhbərlik səviyyəsində də tətbiq edilmir. Dahası, Bollivudda hindi dilində çəkilən blokbasterin cənub ştatlarında uğur qazanmaq şansı yoxdu, dil baryeri ucbatından ona baxan olmayacaq. Məhz, buna görə də müasir hind kinosu bir yox, bir neçə nəhəng industriyadan ibarətdir və onların hər birinin öz unikal ənənələri var.

Hind filminin sonuncu dünya uğuru "Gecəqondudan olan milyoner" filminin yaradıcı heyəti.
Hind filminin sonuncu dünya uğuru "Gecəqondudan olan milyoner" filminin yaradıcı heyəti.

Bollivud – hindi, Kollivud – tamil, Tollivud – teluqu, Mollivud – mayalalami, Lollivud – pəncab dilində çəkir. Siyahı uzundu. Bollivudda orijinal süjetli və böyük kommersiya uğuru qazanan film çəkiləndə digər bölgələrdə onu dublyaj etmək əvəzinə öz versiyalarını istehsal etməyə üstünlük verirlər. Nəticədə eyni mövzuda bir neçə film meydana çıxır. Belə bir situasiyada Hindistanda prokata çıxan Hollivud filmlərinin vəziyyətini özünüz təsəvvür edin.

Hindistan kinosu nəsildən-nəsilə keçən, az qala, kastalaşmış son dərəcə ciddi biznesdir. Odur ki, mərkəzi dövlət özəl kino sənayesinin işinə qarışmamağa çalışır, onlara vəsait ayırmır. Əvəzində artıq 40 ilə yaxındır ki, Hindistanda “paralel kino” adını almış öz kinosunu formalaşdırmağa cəhd eləyir.

Bu məqsədlə 1975-ci ildə Mumbayda İnformasiya Nazirliyinin nəzdində Milli Kinematoqrafiyanın İnkişafı üzrə Korporasiya yaradılıb. Keçən illər ərzində korporasiya “Cinema of İndia” möhürü ilə 300-ə yaxın filmin istehsalına dəstək verib. Bura, əsasən, art-house filmləri, həmçinin etnik azlıqların dillərində çəkilən filmlər və böyük beynəlxalq layihələr daxildir. Bundan əlavə korporasiya Milli Kino Mükafatının təsisçisidir.

XS
SM
MD
LG