Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 13:48

Koronavirusun epidemiyaya çevrilə biləcəyindən qorxurlar


Tehran, 22 fevral, 2020-ci il
Tehran, 22 fevral, 2020-ci il

İran, İtaliya və Cənubi Koreyada koronovirus yayıldıqca bu xəstəliyin epidemiyaya çevriləcəyi sarıdan qorxular artır.

Fevralın 24-də Əfqanıstan, Bəhreyn və Küveyt COVID-19 virusunun İrandan gələnlərdə aşkarlandığını bildiriblər.

İranın yarırəsmi ILNA xəbər agentliyi Qum şəhərində 50 nəfərin virusdan öldüyünü yazsa da, səhiyyə nazirinin müavini Iraj Harirchi bu informasiyanı təkzib edib, virusa cəmi 61 nəfərin yoluxduğunu, onlardan 12-nin dünyasını dəyişdiyini deyib.

Əfqanıstanın Herat vilayətində üç şübhəli yoluxma halından biri təsdiqlənib. Onun Qum şəhərindən gəlmiş 35 yaşlı bir nəfər olduğu açıqlanıb.

Küveyt bildirib ki, ötən həftə İranın Məşhəd şəhərindən evakuasiya olunmuş 700 nəfərdən üçündə yeni virus tapılıb. Bəhreyn də koronavirusa ilk yoluxmanın qeydə alındığını bildirib.

Avropada virusun ən çox yayıldığı yer İtaliya hesab olunur, 150 yoluxma, azı 3 ölüm qeydə alınıb.

Çindən virusdan dünyasını dəyişənlərin sayı 2 min 600-ü keçib, 77 min 100 nəfərdən çox adam virusa yoluxub.

***

Virus qurbanlarının sayı artır

Çində koronovirusdan ölənlərin sayı 2500-ü keçib. Ölkənin milli səhiyyə komissiyasının məlumatına görə, ötən gün virus 150 can alıb. Onlardan 149-u Hubey vilayətində, biri Xaynan adasında qeydə alınıb.

Ümumilikdə ölkədə 49 min 824 virus xəstəsi var. Virusdan sağalanların sayı isə 24 mini keçib.

Dörd vilayətdə virusa yoluxma təhdidinin azaldığı xəbər verişir.

“Corriere della Sera” qəzeti İtaliyada koronovirusdan üçüncü adamın dünyasını dəyişdiyini yazır.

Dünya üzrə koronavirusa 79 mindən çox adamın yoluxduğu bildirilir.

***

Ermənistan da İranla sərhədi bağlayır

İranda koronavirusdan ölənlərin sayı 8-ə çatıb. Bu, virusun episentri sayılan Çindən kənarda xəstəlikdən ən çox ölüm sayıdır.

Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur fevralın 23-də dövlət televiziyası ilə çıxışında deyib ki, ölkəboyu virusa daha 15 adam yoluxub və ümumi yoluxma halları 43-ə çatıb.

Jahanpur yeni ölənlər haqda ətraflı danışmayıb. Amma ölkə mediası daha öncə şimali Mazandaran vilayətində Tibb Elmləri Universitetinin rəhbəri Abbas Mousavi-yə istinadla yazırdı ki, paytaxt Tehrandan region paytaxtı Tonekabona gedən bir nəfər dünyasını dəyişib.

Ümumilikdə İranda COVID-19 virusuna 785 şübhəli yoluxma halının olduğu bildirilir. Səhiyyə Nazirliyi bu məlumatı fevralın 22-də açıqlayıb, artacağı gözlənir.

Teatr tamaşaları, konsertlər təxirə salınır

Jahanpour isə xəstəliyə yeni yoluxanlardan ikisinin Tehranda, 8-nin şiələrin müqəddəs Qum şəhərində olduğunu açıqlayıb.

Hakimiyyət ictimai məkanlara, səyahətlərə daha çox məhdudiyyət tətbiq etməklə xəstəliyin yayılmasını önləməyə çalışır.

Qonşu İraqa dini ziyarətlər dayandırılıb, adı çəkilməyə bir məmur yarırəsmi Fars agentliyinə deyib. Səhiyyə Nazirliyi bir sıra şəhərlərdə məktəb və universitetləri, kinoteatrları bağlayıb. Teatr tamaşaları, konsertlər təxirə salınıb. Peşəkar futbol yarışları isə azarkeşlərin iştirakı olmadan keçiriləcək.

Səhiyyə Nazirliyinin rəsmisi Minoo Mohraz fevralın 21-də deyib ki, virus Qumda işləyən çinli fəhlələrdən yayıla bilər. Çin şirkəti orada günəş enerjisi zavodu tikir.

Fevralın 23-də Türkiyə, Pakistan və Ermənistan İranla quru sərhədləri bağlayıb. Əfqanıstan isə İrana gediş-gəlişə qadağa qoyub.

Azərbaycanın İranla sərhədi bağlamasına dair rəsmi məlumat yoxdur. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, fevralın 23-dən Astara gömrüyündə İrandan ərzaq gətirilməsinə qadağa qoyulub. Sərhəddə dezinfeksiya işləri ilə əlaqədar bəzi məhdudiyyətlər tətbiq olunduğu bildirilir. Xarici İşlər Nazirliyi vətəndaşlara İrana xüsusilə ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmaları tövsiyə edir.

Digər ölkələr hansı tədbirləri görür

Pakistan İranla uzun sərhədi olan Baluçistan vilayətində fövqəladə vəziyyət elan edib.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca fevralın 21-də İrandan Türkiyəyə 8 nəfərin buraxılmadığını açıqlayıb. Türkiyə sərhəd keçid məntəqələrində ziyarətçilər üzərində tibbi yoxlama aparır.

Ermənistanın Baş naziri Nikol Pashinian fevralın 24-də Facebook-da elan edib ki, Yerevan İranla sərhədi iki həftəliyə bağlayacaq və uçuşları dayandıracaq.

Pashinian hökumətin fevralın 24-də iclas keçirərək əlavə tədbirləri müzakirə edəcəyini bildirib.

Əfqanıstan qərbi Herat vilayətində koronavirusa üç şübhəli yoluxma halının qeydə alındığını bildirib. Onların qonşu İranın müqəddəs Qum şəhərindən qayıtdığı, hazırda “izolyasiya” oldunduğu bildirilir.

İordaniya fevralın 23-dən İrandan gedən qeyri-iordaniyalıları ölkəyə buraxmır.

Kanada və Livanda da İrandan gedən yoluxmuş ziyarətçilər qeydə alınıb.

Bu həftənin əvvəlində İraq, Küveyt və Səudiyyə Ərəbistanı İrana əksər uçuşları dayandırıb.

Artıq Çində virusdan 2300-dən çox adam dünyasını dəyişib. Cənubi Koreyada da yoluxanların sayı sürətlə artır. Fevralın 23-də ölkə prezidenti “ən yüksək” həyəcan vəziyyəti elan edib, həftəsonu yoluxma halları üç dəfə artaraq 556 nəfərə çatıb.

XS
SM
MD
LG