Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:32

Açıq havada yoluxma riski ‘daha azdır’ – Qərb mediası


Mayamidə çimərlik, iyul, 2020-ci il
Mayamidə çimərlik, iyul, 2020-ci il

“Reuters”in hesablamasına görə, Tailandda əhalinin cəmi 0.4, Sinqapurda isə 14.6%-nə peyvənd vurulub

Bir il öncəylə müqayisədə indi daha çox alim, səhiyyə eksperti bu fikirlə razıdır: yaz günəşinin qızdırdığı məkanlar koronavirusla mübarizə üçün cənnət sayıla bilər. “The Washington Post” qəzeti yazır ki, bir ildən çoxdur virusun ən böyük klastrları məhz qapalı məkanlarda qeydə alınıb.

Çimərliklər və parklar “toplaşa biləcəyiniz ən təhlükəsiz yerlərdəndir”, – Virciniya Universitetində virus yoluxmaları üzrə ekspert Linsey Marr deyib. “İndi bayırda oturmaq daha təhlükəsizdir, çünki çoxları ya vaksin olunub, ya da artıq Covid-19-u keçirib”, – o, sözlərinə əlavə edib.

Yoluxmaların 10 faizindən də azı...

Amma açıq havada da sağlamlıq qaydalarını gözləmək tövsiyə olunur: məsafə saxlamaq, kütləvilikdən qaçmaq, maska taxmaq. Daha yoluxucu variantlar da “əleyhimizə işləməkdədir”, Marr deyib.

Məqalədə deyilir ki, az riskli açıq hava fəaliyyəti, məsələn, çimərliklər, yaxud qismən dolu stadionlar öz növbəsində daha riskli ictimai nəqliyyatlar, barlarla sıx bağlıdır. Mayami çimərliyində ötən ay komendant saatı elan olunanda rəsmilər günahı çimərlikdə günəşlənənlərdə deyil, şənlik keçirənlərdə görmüşdülər.

Kaliforniya Universitetində epidemiologiya və biostatistika üzrə dosent Nuşin Razani də açıq havada durumun daha təhlükəsiz olduğunu deyir. Razani və həmkarları yeni koronavirus və digər respirator virusların yayılması üzrə araşdırmaları nəzərdən keçirərək belə qənaətə gəliblər ki, təsvir olunan halların 10 faizindən də azı bayırda yayılıb.

Razani deyir ki, bu heç də bayırda yoluxmağın mümkün olmadığı anlamına gəlmir. “Sadəcə, çimərliyə gedirsinizsə, izdihamlı vaxta salmayın, maska taxın, B planınız olsun”, – o vurğulayıb.

Asiyada xəstəxanalar dolur

Aprelin 15-də Hindistanda və Tailandda gündəlik yoluxmalarda rekord, eyni zamanda xəstəxana çarpayılarının çatışmazlığı qeydə alınıb. “Reuters” yazır ki, bu, Asiyanın pandemiyadan özünə gəlməsini yavaşıda bilər.

Hindistanda gündəlik yoluxmalar 200 mini keçib, Mumbay maliyyə habında lokdaun elan olunub. Bir çox xəstəxanalarda çarpayı və oksigen təchizatının olmadığı açıqlanıb.

“Dəhşətli vəziyyətdir. 900 yerlik xəstəxanadır, 60-can pasiyent gözləyir, yerimiz yoxdur”, – Nagpurda bir xəstəxana rəsmisi Avinaş Gavande deyib.

Hindistanda ümumi yoluxma sayı 14.1 milyonu keçərək Birləşmiş Ştatlardan sonra dünyada ikinci olub.

Filippinin 13 milyonadək insan yaşayan paytaxt regionunda bir çox xəstəxanalar dolmaqdadır. Bəzi ailələr sosial mediada xəstəxana tapmaq üçün üzləşdikləri çətinlikləri paylaşırlar.

“Reuters”in hesablamasına görə, Tailandda əhalinin cəmi 0.4, Sinqapurda isə 14.6%-nə peyvənd vurulub.

Dünya Ticarət Təşkilatının baş direktoru Ngozi Okonco İveala üzv ölkələri vaksin ixracına qadağaları azaltmağa çağırıb.

XS
SM
MD
LG