Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:38

'Yunisin o qədər silahı vardısa...'


Yunis Səfərov
Yunis Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin vəkilləri bu işlə bağlı məhkəmənin gedişindən narazı qalıb. Vəkillər hesab edir ki, məhkəmə ədalətli araşdırma aparmayıb, həqiqətin üzə çıxmasında maraqlı olmayıb, prokurorluğun hazırladığı ittiham aktını hökmə köçürmək yolu tutulub. Müdafiəçilər aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərkən bu barədə danışıblar.

"Heç bir dəlil-sübut olmadan üç ilə yaxındır həbsdə saxlanılır"

Vəkillər deyir ki, ədalətli araşdırma məqsədilə məhkəmənin gedişində onlarla vəsatət qaldırıblar. Amma Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Hansı səbəbdən təmin olunmadığını da əsaslandırmayıb.

Təqsirləndirilən şəxslərdən Ceyhun Qurbanov epilepsiya xəstəliyindən əziyyət çəkir. Məhkəmədə də bir neçə dəfə vəziyyəti pisləşib. İstintaq təcridxanasında da tez-tez durumunun ağırlaşdığını vurğulayan vəkili Vamiq Şükürovun sözlərinə görə, onun müalicəsi üçün müxtəlif orqanlara müraciətlər, ev dustaqlığına buraxılmasından ötrü qaldırılan vəsatətlər nəticəsiz qalıb.

"Ən dəhşətlisi budur ki, belə ağır vəziyyətdə olan adam heç bir dəlil-sübut olmadan üç ilə yaxındır həbsdə saxlanılır. Yunis Səfərovla əlbirlikdə ittiham olunur, amma bunu təsdiqləyən heç bir sübut yoxdur. İstintaq dövründə dəfələrlə vəsatət qaldırdıq ki, Yunis Səfərovla üzləşdirilsin. Eləmədilər. Məhkəmə prosesinin audio və videoyazısına icazə verilmədi. Bu da məhkəmədəki ifadələrin iclas protokollarında saxtalaşdırılacağını düşünməyə əsas verir", – vəkil Şükürov belə deyib.

"Sonradan fikirlərini dəyişdilər"

Bu işdə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə önünə 10 nəfər çıxarılır. İki nəfər tutularkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib. Onlardan biri olan Anar Bağırovun vəkili Cavad Cavadov deyir ki, onun saxlanılarkən silahlı müqavimət göstərdiyinə görə öldürülməsi haqda yazılanlar əsassızdır, Bağırovda silah olduğunu təsdiqləyən heç bir mötəbər sübut yoxdur: "Yazırlar ki, guya bunlar mütəşəkkil dəstə olub. Dəstənin hər üzvündən də nə qədər silah-sursat tapılıb. Belədirsə, Yunis niyə gedib "Kapitalbank"ı mühafizə edən polisin silahını alıb qaçırdı? Yaxud da hadisədən sonra Əli Həsənov jurnalistlərə açıqlama verdi ki, bu, adi kriminal hadisədir, şişirmək, başqa don geyindirmək lazım deyil. Sonradan fikirlərini dəyişdilər".

Vəkil Babək Həmidov məhkəmənin obyektiv keçirilməməsindən, daha çox ittiham tərəfinin müdafiəçisi kimi davranmasından gileylənib: "Əgər prokurorluğun dediyini eləyəcəksinizsə, daha məhkəməyə nə ehtiyac var?".

Məhkəmə prosesi aprelin 20-də davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir.

Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov, Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Saxlanılarkən öldürülən Anar Bağırov və Ağa Sərxaniyə gəlincə, prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs olunanlar həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

XS
SM
MD
LG