Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 18:46

Dünya əhalisinin azı 85 faizi iqlim dəyişikliyinin təsirini görüb


ABŞ-da iqlim dəyişikliyinə etiraz aksiyası
ABŞ-da iqlim dəyişikliyinə etiraz aksiyası

Dünyanı ən çox çirkləndirən ölkələrin bəziləri, o cümlədən Çin və Hindistan hələ karbon emissiyalarının azaldılması ilə bağlı 2030-cu il öhdəliklərini rəsmən qəbul etməyiblər.

“Nature Climate Change” jurnalının dərc etdiyi elmi hesabatda deyilir ki, dünya əhalisinin azı 85%-i iqlim dəyişikliyi nəticəsində iqlim hadisələrinin pisləşdiyini hiss edib. Tədqiqatçılar qlobal istiləşmə ilə əlaqələndirilən iqlim hadisələri ilə bağlı 100 mindən çox araşdırmanı təhlil etmək və sxemləşdirmək üçün maşın öyrənməsi metodundan yararlanıblar.

Qida, su qıtlığı

“The Washington Post” qəzeti yazır ki, məhsul itkisi, daşqınlar, ifrat istilik dalğaları kimi iqlim hadisələrinə fokuslanan bu tapıntılar alimlərə artmaqda olan ekstremal hava iqlim hadisələri ilə insan fəaliyyəti arasında bağ qurmağa kömək edib. Onlar müəyyən ediblər ki, qlobal istiləşmə Yer kürəsinin quru ərazisinin 80%-nə təsir edib.

Gələn ay Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT sammitində ölkələrə iqlimlə bağlı daha iddialı öhdəliklər götürmək barədə çağırış ediləcək. Tədqiqatlar göstərir ki, mövcud öhdəliklərlə planetimiz əsrin sonlarına qədər daha 2,7ºC istiləşəcək. “Bu istiləşmə səviyyəsi çox ciddi qida və su qıtlığı, habelə katastrofik ekosistem kollapsına yol açacaq”, – məqalədə deyilir.

388 ölüm və 100 milyard dollarlıq dağıntı

Dünyanı ən çox çirkləndirən ölkələrin bəziləri, o cümlədən Çin və Hindistan hələ karbon emissiyalarının azaldılması ilə bağlı 2030-cu il öhdəliklərini rəsmən qəbul etməyiblər. Fəallar qiymətlərin artması və elektrikin kəsilməsi ilə müşayiət olunan, baş qaldırmaqda olan enerji böhranının bu işi daha da ləngidəcəyindən narahatdırlar.

“The Washington Post” və Milli okean və atmosfer idarəsinin apardığı təhlillərə görə, bu il ABŞ-da iqlim fəlakətləri nəticəsində artıq 388 ölüm və 100 milyard dollarlıq dağıntı qeydə alınıb. Ancaq ölkə 2030-cu ilədək karbon emissiyalarını yarıbayarı azaltmaq öhdəliyi götürsə də, demokratlar bərpa olunan enerji, elektrikli maşınlar və icmaların dəyişən iqlimə uyğunlaşdırılması layihələrinə yüz milyardlarla dollar ayrılması ilə bağlı bir neçə qanun layihəsini Konqresdən keçirə bilmirlər.

Avqustda BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Paneli öz hesabatının bütöv bir dəstini qlobal istiləşmənin ekstremal hava təzahürlərinə həsr edib.

Fəlakətli təsir

Artıq baş verənlərin insanlara təsirinə əhəmiyyət verməmək mümkün deyil. Ötən yay ABŞ-ın şimal-qərbində, Sakit okean sahillərində yüzlərlə insan görünməmiş istilik səbəbindən həyatını itirdi. Halbuki bu bölgənin iqlimi hər zaman mülayimliyi ilə tanınıb. Əvvəllər yağış sarıdan korluq çəkməyən Madaqaskarda isə 1 milyondan artıq insan görünməmiş quraqlıq səbəbindən acından ölmək təhlükəsi ilə üz-üzədir. Bu, alimlərin illər əvvəl proqnozlaşdırdığı, iqlim dəyişikliyinin gətirdiyi aclıqdır.

Nyu Yorkda və Türkiyənin bəzi bölgələrində misli görünməmiş sellər nəticəsində insanlar öz evlərində boğuldular. Cənubi Sudanın qaçqın düşərgələri belə qəfil daşqına şahid oldu. Cənubi Sudan rəsmiləri yarım milyon insanın, başqa sözlə, ölkə əhalisinin 4%-ə qədərinin bu sellər nəticəsində yaşayış yerindən didərgin düşdüyünü deyirlər.

“Rhodium Group” müstəqil araşdırma şirkətinin təhlilləri maraqlı nəticələr ortaya qoyub: ABŞ elektrikli avtomobillərə, onlar üçün yüklənmə stansiyalarına, bərpa olunan enerji infrastrukturuna yuxarıda sözügedən nəhəng pulları ayıra bilsə, istixana qazlarının emissiyasını bir giqatondan çox azalda biləcək. Ancaq bu, ölkənin 2030-cu il öhdəliklərinin sadəcə yarısı deməkdir.

XS
SM
MD
LG