Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:49

Rusiya Kiyev ətrafına raket zərbələri endirdi


BMT-nin baş katibi Antonio Quterreş Kiyevə raketlər atılarkən hələ şəhərdə idi
BMT-nin baş katibi Antonio Quterreş Kiyevə raketlər atılarkən hələ şəhərdə idi

Bu barədə məlumatı aprelin 27-də Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik verib

Aprelin 28-də Kiyevdə üç güclü partlayış baş verib. Bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko təsdiq edib.

O deyib ki, partlayışlar Lukyanovsk rayonunda eşidilib.

Geraşşenkonun sözlərinə görə, Rusiya hərbçiləri üç raketlə eyni hədəfə eyni vaxtda zərbə endiriblər ki, raketləri vurmaq mümkün olmasın:

“Buna baxmayaraq bizim şanlı Havadan Müdafiə Qüvvələrimiz Kiyevə atılan raketlərdən birini vura bilib”.

Quterreş şəhərdə idi

AzadlıqRadiosunun müxbiri bildirir ki, raket zərbələrinin hədəfi ehtimalən Kiyevdəki “Artyom” müdafiə zavodu olub. Bu zavodda aviasiya raketləri istehsal olunur.

Prezident Volodimir Zelenskinin müşaviri Mixail Podolyak deyib ki, Kiyevə raket zərbələri BMT-nin baş katibi Antoniu Quterreş hələ şəhərdə olarkən endirilib.

Zelenski Rusiyanın bununla da BMT-ni alçaltmaq istədiyini bildirib.

Daha sonra Geraşşenkonun yaydığı videoda deyilir ki, raketlər Kiyev ətrafında sakinləri az olan yaşayış binasının aşağı mərtəbələrinə düşüb.

Onun sözlərinə görə raket zərbələrinin yaratdığı yanğın söndürülüb və xilasedicilər işə başlayıblar.

Kiyev meri Vitali Kliçko məlumat verib ki, raket zərbələrindən üç nəfər yaralanıb.

Geraşşenko xəsarət alanların 6 nəfər olduğunu bildirir.

Paytaxtın hədələnməsi

Kiyev Rusiya qüvvələri onun ətraflarını tərk edənədək bir neçə dəfə raket atəşinə tutulmuşdu.

Martın 15-də atılan raket Lukyanovkada metro stansiyasının fasadını dağıtmışdı.

Bundan başqa raketlərdən biri televiziya qülləsinin binasına düşmüşdü.

Rusiya Müdafiə Nazirliyi aprelin 26-da Kiyevə zərbələr endirilə biləcəyi ilə hədələmişdi:

"Rusiyanın silahlı qüvvələri Kiyevin qərarlar qəbul edilən mərkəzlərinə sutka ərzində uzaqvuran dəqiq silahlarla zərbə endirməyə hazırdır”.

Nazirlik əlavə etmişdi, Rusiyanı, Kiyevin belə mərkəzlərində həmin vaxt hər hansı Qərb ölkəsi nümayəndələrinin olması da dayandırmayacaq.

Rusiya Donbasda hücumun fəallığını artırır

Rusiya Ukraynanın Donbas regionunda hücumlarının sürət və intensivliyini artırıb.

Bu barədə məlumatı aprelin 27-də Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik verib.

Onun sözlərinə görə Rusiya qoşunları bütün istiqamətlərdə atəşi şiddətləndiriblər.

Ən fəal döyüşlər Xarkov və Donbas vilayətlərində gedir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə Rusiya qoşunlarının əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin ərazisini tam nəzarətə götürmək olaraq qalır.

Putin məhz bu ərazidə iki qondarma separatçı qurumun – Donets və Luqansk “xalq respublikalarının” müstəqilliyini tanıyıb.

Mühasirə cəhdləri

Rusiya qoşunları habelə mühasirədə olan Mariupol limanı istiqamətində Krımla birbaşa quru yolu açmağa çalışır.

Rusiya burada Azov dənizinin sahil zolağını ələ keçirsə də, quru dəhlizi açmağa nail olmayıb.

Bu ərazinin bir hissəsi hələ də Ukrayna silahlı qüvvələrinin nəzarətindədir.

Cəbhə xəttindən alınan məlumatlara görə Rusiya qüvvələri Donbasdakı – Slavyansk, Kramatorsk və Severedonetsk şəhərlərində Ukrayna qüvvələrini mühasirəyə almağa çalışır.

Rusiya qüvvələri habelə şimaldan - Xarkov vilayətindən və cənubdan – Zaporojyadan hücumlar edir. Buna baxmayaraq Rusiya qüvvələrinin irəliləyişi böyük olmayıb. Onlar bir ay ərzində yalnız 20-30 kilometr irəliləyə biliblər.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə Rusiya qoşunlarının Nikolayev və Krivoy Roq istiqamətində döyüş əməliyyatlarını fəallaşdıracağı gözlənilir.

Ukraynanın Xerson şəhərində sakinlər Rusiya ordusuna qarşı çıxıb
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Ukraynanın sürətli əks-həmlələri

Qərb mənbələrinin verdiyi məlumata görə Rusiya ordusu Donbas istiqamətində az da olsa irəliləyir. Rusiya qoşunları bir neçə əraziləri ələ keçirə bilsələr də, Ukrayna qoşunlarının qızğın müqaviməti ilə üzləşir.

Qərb rəsmiləri bunu da bildirirlər ki, Donbasda Rusiyanın hücum əməliyyatlarına leysan yağışları mane olur.

Bu da qeyd olunur ki, Rusiya qüvvələri yoldan uzaqda döyüşməməyə çalışırlar.

Bəzi xəbərlərə görə Ukrayna qüvvələri sürətli əks-hücum əməliyyatları keçirir və bu, çox vaxt düşmən buna hazırlaşmağa macal tapmamış baş verir.

Bununla belə Rusiya bu istiqamətlərdə qoşun kəmiyyətinə görə üstünlüyə malikdir və bu amil qarşıdakı döyüşlərdə həlledici ola bilər.

Ekspertlər də bildirirlər ki, qarşıdan gələn bir neçə həftə hərbi üstünlük baxımından həlledici olacaq.

XS
SM
MD
LG