Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:32

Putin işğal olunmuş ərazilərə, Zelenski cəbhəyə baş çəkib


Aprelin 18-də Ukraynanın işğal olunmuş ərazisində çəkildiyi iddia edilən videodan
Aprelin 18-də Ukraynanın işğal olunmuş ərazisində çəkildiyi iddia edilən videodan

Rusiya prezidenti Vladimir Putin Ukraynanın qismən işğal altında olan Xerson və Luhansk vilyətlərindəki Rusiya hərbi qərargahlarına baş çəkib.

Bu barədə məlumatı aprelin 18-də Kreml yayıb. Putinin mətbuat katibi Dmitri Peskov deyib:

"Prezident hərbi qərargahları yoxlayır və xüsusi hərbi əməliyyatın gedişi barədə yerində məlumat alır”.

Moskva özünün Ukraynaya əsassız və səbəbsiz müdaxiləsini “xüsusi hərbi əməliyyat” adlandırır.

Ukrayna prezidnet administrasiyasının müşaviri Mixaylo Podolyak bu barədə Twitter-də yazıb ki, Putin “işğal edilmiş ərazilərin xarabalıqlarına baş çəkərək əlaltılarının törətdikləri cinayətlərdən sonunci dəfə həzz alır”.

Kreml habelə onun iddiasına görə Putinin Xerson vilayətindəki Rusiya komandanlarının məruzəsini qəbul etməsinin görüntülərini yayıb.

Xəbər verilir ki, Putin buradan helikopterlə Luhansk vilayətinə yollanıb, orada Milli Qvardiyanın qərargahında olub.

Putin ötən sentyabrda Ukraynanın Xerson, Luhansk, Donetsk və Zaporojye regionlarında qondarma referendumlar keçirdikdən sonra bu ərazilərin Rusiya tərəfindən ilhaqını elan etmişdi.

Dünya birliyi bu ilhaqı qanunsuz akt kimi qiymətləndirib.

Kremldən dolaşıq məlumatlar

Putini görüntüləyən videoların həqiqiliyini müstəqil şəkildə yoxlamaq mümkün deyil.

Rəsmi məlumatlar isə bir qədər anlaşılmazlıq yaradıb.

Kremlin mətbuat xidməti əvvəlcə xəbər vermişdi ki, Putin pravoslav xristianların aprelin 16-da keçirilən Pasxa bayramında hərbçiləri təbrik edib və onlara ikona surətlərini hədiyyə edib.

Lakin az sonra aprelin 18-də Peskov jurnalistlərə demişdi ki, hadisə aprelin 17-də baş verib:

"Hə, bu dünən olub. Əlbəttə prezident ikonaları hədiyyə edəndə deyirdi ki, Pasxadır. Məsələ burasındadır ki, Pasxa 40 gün bayram edilir. İndi bizdə Pasxa həftəsidir”.

Rusiya hücuma aviasiya ilə keçir

Döyüş meydanlarına gəlincə isə Rusiya qüvvələri aprelin 18-də Donetskdəki Ukrayna mövqelərini təyyarələrdən raket atəşinə tutub.

Rəsmilər bildirirlər ki, Luhansk və Xerson vilayətlərinin nizamsız atəşə tutulması nəticəsində bir neçə mülki həlak olub və infrastruktura əhəmiyyətli ziyan vurulub.

Ukrayna baş qərargahının gündəlik xəbərində deyilir ki, Rusiya qoşunları Donetsk vilayətindəki Liman, Baxmut, Avdeyevka və Maryinka istiqamətlərində irəliləyişə nail olmaq üçün taktiki-əməliyyat və hücum aviasiyasından istifadə edib.

Buna baxmayaraq son 24 saatda Ukrayna qüvvələrinin Baxmut və Maryinka istiqamətində rusiyalıların 70-dən çox həmləsini dəf etdiyi bildirilir.

Baxmutda aylarla davam edən döyüşlərdə hər iki tərəf ağır itkilərə məruz qalır.

Volodimir Zelenski Avdeyevkada döyüşçülərlə görüşür
Volodimir Zelenski Avdeyevkada döyüşçülərlə görüşür

Zelenski Avdeyevkaya gəlib

Aprelin 18-də Ukrayna prezidenti Volodimir Zelenski Donetsk regionunda qızğın döyüşlərin getdiyi ərazidə cəbhə xəttinə baş çəkib.

Zelenskinin Avdeyevkada olduğu xəbər verilir. Bu şəhər qızğın döyüşlərin getdiyi Baxmut və Maryinkanın yaxınlığındadır.

Prezident burada hərbçilərlə görüşüb, onlara xidmətlərinə görə təşəkkürünü bildirib və orden-medallarla təltif edib.

Volodimir Zelenski bildirib ki, bu həftə Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun iclası keçiriləcək.

Prezident vurğulayıb ki, o aprelin 21-də keçiriləcək bu tədbirdən əvvəl Kiyevi silahlarla təchiz edən bir sıra ölkələrin rəhbərləri ilə danışıb.

XS
SM
MD
LG