Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:43

İranda yüksək vəzifəli ayətüllahı bankda güllələdilər


Ayətüllah Abbasəli Süleymani
Ayətüllah Abbasəli Süleymani

İranın şimalındakı banklardan birində silahlı mühafizənin əməkdaşlarından biri banka daxil olub və vəzifəli ayətüllaha avtomatdan atəş açaraq onu öldürüb.

Associated Press agentliyi yazır ki, qüdrətli Üləmalar Şurasının üzvü ayətüllah Abbasəli Süleymaninin belə soyuqqanlıqla qətlə yetirilməsi hadisənin şahidlərini şoka salıb.

Üləmalar Şurası İranın ali rəhbərini seçən və ona nəzarət edən orqandır.

Hakimiyyət orqanları İranın Mazandaran ostanında, paytaxt Tehranın yaxınlığında yerləşən Babolsar şəhərində baş vermiş bu hadisənin motivi barədə heç bir məlumat verməyib.

Təhlükəsizlik videosu

Hadisə bütünlüklə bankın təhlükəsizlik kameralarına düşüb və sosial media şəbəkələrində yayılıb.

Kadrlarda görünür ki, silahlı şəxs bankın əməliyyat salonuna daxil olur, bir-az var-gəl etdikdən sonra isə küncdə əyləşmiş ayətüllaha arxadan atəş açır.

Video kadrlarında Süleymaninin əmmaməsinin başından düşməsi, arxadakı şüşələrin sınması görünür.

Daha sonra isə yaxınlıqdakı iki nəfər silahlını zərərsizləşdirməyə çalışır.

Ali rəhbərin şəxsi nümayəndəsi

İranın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı cinayət işi açıldığını bildirib.

77 yaşlı Süleymani 88 nəfərlik Üləmalar Şurasının üzvü idi. Onun əvvəllər ali rəhbər Əli Xameneyinin Sistan və Bəlucistan ostanında şəxsi nümayəndəsi olduğu bildirilir.

AP yazır ki, ölkəni bürümüş antihökumət etirazları fonunda son vaxtlar ruhani xadimlər hücumlara məruz qalır.

Bəziləri ölkənin ağır iqtisadi və siyasi durumda olduğu bir vaxtda ruhani rəsmilərə büdcədən pul xərclənməsini tənqid edirlər.

Lakin Süleymani son illərdə sui-qəsdə məruz qalmış ən vəzifəli ruhani sayılır.

XS
SM
MD
LG