Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 13:55

Bayden Ukraynaya F-16 qırıcıları verilməsinə yaşıl işıq yandırdı


F-16 qırıcı təyyarəsi
F-16 qırıcı təyyarəsi

ABŞ prezidneti Co Bayden deyib ki, o ukraynalı pilotların F-16 qırıcı təyyarələrində təlim almasına icazə verəcək.

Associated Press yazır ki, prezident bu bəyanatı G7 qrupunun Yaponiyanın Hirosima şəhərində keçirilən sammitində verib.

Xəbər verilir ki, ukraynalı pilotlara təlimlər Avropada veriləcək və bu prosesə ən yaxın həftələrdə başlanacaq.

Ağ Ev bu barədə hələ ki, rəsmi bəyanat yaymayıb.

The Guardian qəzeti yazır ki, Bayden ukraynalı pilotların təkcə F-16 qırıcılarında deyil, başqa ölkələrin dördüncü və sonuncu nəsil döyüş təyyarələrində təlim almasına icazə verəcək.

Bunlar əsasən Britaniyanın Eurofighter Typhoon və Fransanın Mirage 2000 təyyarələdirdir.

Haradan, nə vaxt və nə qədər təyyarə?

Bu da xəbər verilir ki, Bayden Ukraynaya haradan, nə vaxt və nə qədər təyyarə verilməsi barədə qərarını təlimlər başlanandan sonra verəcək.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə müttəfiq ölkələrdən Ukrayna səmasının qorunması üçün qırıcı təyyarələr istəmişdi.

O mayın 19-da özünün Twitter hesabından yazıb:

"Mən ABŞ-ın və ABŞ prezidentinin qırıcılar üzrə beynəlxalq koalisiyanı dəstəkləməsini alqışlayıram. Bu çox böyük dərəcədə ordumuzun səmadakı qüdrətini artıracaq. Bu tədbirin praktik icrası məsələsini Hirosmada keçirilən G7 sammitində müzakirə edəcəyəm”.

ABŞ üçüncü ölkələrin Kiyevə F-16 verməsinə mane olmayacaq – Qərb mediası

Bundan əvvəl ABŞ administrasiyasının üçüncü ölkələrin Ukraynaya F-16 qırıcı təyyarələri verməsinə etiraz etməyəcəyi barədə mənbələrə istinadla CNN telekanalı xəbər vermişdi.

CNN əlavə etmişdi ki, Ağ Evə hələ ki, belə təkliflər gəlməyib.

ABŞ administrasiyası Ukraynaya F-16 qırıcıları verməkdən imtina etməsinə görə təkcə Avropa müttəfiqlərinin deyil, həm də ABŞ Konqresi üzvlərinin tənqidləri ilə üzləşir.

Bir sıra Konqres üzvlərinin fikrincə F-16 qırıcıları Rusiya təyyarələrini vurar və Patriot sistemi kimi bahalı raketlərə ehtiyac qalmazdı.

Lakin bəzi ABŞ rəsmiləri bu arqumentlərlə razılaşmırlar və deyirlər ki, Rusiyanın geniş raket-zenit sistemləri F-16-ları asanlıqla vura bilər.

Onların sözlərinə görə Ukrayna özünün qırıcı təyyarələrindən məhz bu səbəbdən geniş istifadə edə bilmir.

Ekspertlər: Avropa Ukraynaya 125 F-16 verə bilər

Ukrayna hərbiyyəsinin qiymətləndirməsinə görə Kiyevə Rusiyanın hücumlarını dəf etmək üçün 180-dək müasir qırıcı lazımdır.

Bu həftə Britaniya və Niderland Ukrayna üçün “beynəlxalq F-16 koalisiyasının” yaradılacağını bəyan ediblər.

Bu koalisiyaya Fransa və bir sıra başqa Avropa ölkələrinin də qoşulacağı gözlənilir.

Niderland, Danimarka və Belçika Ukraynaya öz qırıcılarından verə biləcəklərini bəyan ediblər.

Hərbi təhlilçilərin təxminlərinə görə bu ölkələr ümumilikdə Ukraynaya 125-dək F-16 təyyarəsi verə bilər.

Eyni zamanda Almaniya hələ ki, Ukraynaya qırıcılar verilməsini istisna edir. Berlin bildirir ki, bu, müharibənin daha da qızışmasına səbəb ola bilər.

ABŞ-ın razılığı tələb olunur

Ukraynaya F-16 qırıcılarının verilməsi üçün ABŞ hökumətinin razılığı tələb olunur.

Bundan əvvəl Vaşinqton Kiyevin bu barədə ricalarına müsbət cavab verməyib.

Bayden administrasiyası hesab edir ki, bu təyyarələrdə Ukrayna pilotlarına təlim verilməsi mürəkkəbdir və aylarla vaxt tələb edə bilər.

ABŞ hərbiyyəsi bunu da qeyd etmişdi ki, F-16 qırıcıları Rusiya hava hücumundan müdafiə sistemləri qarşısında o qədər də qüsursuz deyil.

Bununla belə hələ mart ayında CNN telekanalına müsahibədə ABŞ hərbçiləri demişdilər ki, Vaşinqton hazırda ukraynalı pilotlar üçün F-16 təlimlərinin incəliklərini öyrənir.

XS
SM
MD
LG