Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:37

Ukraynaya yardımı əngəlləyənlər artır, amma yardımlar da azalmır


Mayk Conson
Mayk Conson

ABŞ Konqresinin bu yaxınlarda seçilmiş yeni spikeri, respublikaçı Mayk Conson deyib ki, Ağ Evin Ukraynaya və İsrailə hərbi yardım üçün müraciətinə ayrı-ayrılıqda baxılmalıdır.

Conson oktyabrın 26-da Ağ Evdə olub, prezident Co Bayden və onun administrasiya üzvləri ilə görüşüb:

"Mən Ağ Ev nümayəndələrinə dedim ki, palatadakı respublikaçıların konsensusuna görə bu məsələləri bir-birindən ayırmaq lazımdır”.

Conson görüşdən sonra Fox News telekanalına müsahibəsində deyib:

"İsrail ayrı məsələdir. Biz İsrailin maliyyələşdirilməsi məqsədilə 14 milyard dollarlıq paket üçün layihə təqdim etməyə hazırlaşırıq”.

Spiker habelə deyib ki, Nümayəndələr Palatasındakı respublikaçılar İsrailə yardım məqsədilə başqa xərclərin azaldılması yollarını axtaracaqlar.

Conson: "Biz bilmək istəyirik ki, Ukraynadakı son məqsəd nədir?”

Ukraynaya yardım göstərilməsi məsələsinə toxunan Conson deyib:

"Biz bilmək istəyirik ki, məqsəd, Ukraynadakı son məqsəd nədir? Ağ Ev bu sualımıza cavab vermir”.

Ötən həftə prezident Co Bayden Konqresə 106 milyard dollarlıq büdcə sorğusu göndərib.

O demişdi ki, bu büdcənin 61 milyard dolları Ukraynaya hərbi yardın üçün nəzərdə tutulub və qalan vəsait İsrail, Hind-Sakit okean regionu və ABŞ-ın sərhəd xidməti arasında bölüşdürülməlidir.

Təhlilçilər bildirirdilər ki, Bayden bir sıra respublikaçıların mövqeyindən xəbərdar olduğuna görə Ukrayna və İsrailə eyni büdcə sorğusu göndərməklə taktiki gediş edib.

Mayk Conson belə büdcə sorğusunu dəstəkləməyəcəyini deyib.

“Qoy 10 il bir-birini qırmaqdansa, 10 il danışıq aparsınlar”

Bu arada Slovakiyanın yeni baş naziri Robert Fitso bəyan edib ki, əgər Rusiyaya qarşı sanksiyalar onun ölkəsinə ziyan vuracaqsa, onun hökuməti belə sanksiyalara qoşulmayacaq.

Fitso hakimiyyətə gələnə qədər Slovakiya Ukraynaya fəal yardım edir, Kiyevə silahlar göndərir və Avropa İttifaqının Rusiyaya qarşı bütün sanksiyalarına sözsüz qoşulurdu.

Bratislava Ukraynaya döyüş təyyarələri verilməsi təşəbbüsü qaldıran ölkələrin ilk cərgəsində idi. Slovakiya Ukraynaya 500 milyon avro məbləğində hərbi yardım göstərmişdi.

Əgər Fitsonun hökuməti Ukraynanın silahla təchizatından imtina etsə, Slovakiya Avropa İttifaqında Macarıstandan sonra Kiyevə hərbi yardım göstərilməsinə qarşı çıxan ikinci ölkə olacaq.

Fitso bu barədə deyib:

“Mənim hökumətimin mövqeyi belədir ki, bizim üçün Ukrayna məsələsinin ən yaxşı həlli hərbi əməliyyatların dərhal dayandırılmasıdır”.

Onun sözlərinə görə Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərindən çıxması mümkün deyil və buna görə də “Rusiya və Ukraynanın 10 il bir-birini qırmasındansa, 10 il danışıqlar aparması yaxşıdır”.

Slovakiyanın baş naziri bunu da qeyd edib ki, Ukrayna Aİ üzvlüyünə hazır deyil, amma bununla belə Bratislava Kiyevin Aİ ilə danışıqlarını bloklamayacaq.

Viktor Orban və Robert Fitso Macarıstan-Slovakiya qaz kəmərinin açılışında (Arxiv fotosu)
Viktor Orban və Robert Fitso Macarıstan-Slovakiya qaz kəmərinin açılışında (Arxiv fotosu)

Orbanın “şantajı”

Kiyev dəfələrlə bəyan edib ki, Moskva ilə sülh danışıqları yalnız Rusiya qoşunları Ukraynanın bütün ərazisindən çıxarıldıqdan sonra baş tuta bilər.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə ümumiyyətlə heç bir danışıq aparılmayacağını bəyan edib.

Hazırda Macarıstanın Ukraynaya yardım məsələsində tutduğu mövqe Avropa İttifaqı rəsmilərini ciddi narahat edir.

Macarıstan Ukraynaya yardımı əngəlləməməsi müqabilində İttifaqın onun üçün nəzərdə tutduğu vəsaitlərin blokdan çıxarılmasını tələb edir.

Lüksemburqun baş naziri Xaviyer Bettel Budapeştin bu mövqeyini kəskin tənqid edib:

"Siz deyə bilməzsiniz ki, “əgər Ukrayna üçün pul istəyirsinizsə, biz də pul istəyirik”. Biz cənab Orbanın girovuna çevrilməməliyik”.

Putinlə yaxşı münasibətləri olan Macarıstan baş naziri Viktor Orbanın hökuməti həm də İsveçin NATO üzvlüyü məsələsində əngəl yaradır.

Ukraynaya yardımlar da azalmır

Avropa İttifaqı ölkələrinin əksəriyyəti Ukraynaya Rusiya təcavüzünə cavab verə bilməsi üçün maliyyə yardımı göstərilməsini dəstəkləyib.

Bununla yanaşı Moskva ilə münasibətlərini oozmaq istəməyən Macarıstan və Slovakiya qərarla müəyyən istisnalarla razılaşıblar.

Yekun qərarın dekabrda qəbul ediləcəyi gözlənilir.

Avropa Komissiyası israr edir ki, Avropa İttifaqına 27 üzv ölkə 2027-ci ilədək olan büdcələrində əlavə xərcləri nəzərdə tutsunlar.

Brüsselin planlarına görə bu əlavə xərclər Ukraynaya daha 50 milyard avro yardım göstərilməsinə yönəldilməlidir.

Aİ indiyədək Ukraynaya 83 milyard avroyadək vəsait xərcləyib.

Rusiyanın dondurulmuş dövlət aktivlərindən Ukraynaya “pay”

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen oktyabrın 27-də mətbuat konfransında deyib ki, onun ofisi Rusiyanın dondurulmuş dövlət aktivlərindən gələn gəlirlərin bir hissəsinin Ukraynaya hərbi yardıma və bu ölkənin müharibədən sonra bərpasına yönəldilməsinə imkan verəcək hüquqi mexanizm üzərində işləyir.

Xanım Von der LIeyen deyib Moskvaya Ukraynaya təcavüzünə görə qoyulmuş sanksiyalar çərçivəsində Rusiyanın dondurulmuş dövlət aktivlərinin məbləği 211 milyard avroya çatıb.

Bu vəsaitin böyük bir hissəsi – 180 milyard avro Belçikada – dünyanın ən böyük qiymətli kağız bankı Euroclear bankında saxlanır.

Euroclear oktyabrın 26-da elan edib ki, bu ilin ilk doqquz ayı ərzində Rusiyanın dondurulmuş aktivlərindən 3 milyard avro əlavə gəlir götürüb.

Avropa Komissiyası məhz bu vasitə ilə qazanılan vəsaiti Ukraynaya yardıma yönəltməyi planlaşdırır.

ABŞ da Ukraynaya yeni yardım paketini elan edib

Bu arada Birləşmiş Ştatlar Ukraynaya 150 milyon dollar məbləğində yeni hərbi yardım paketini elan edib.

Bu yaxınlarda verilmiş bu informasiyanı dövlət katibi Antoni Blinken də təsdiqləyib.

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, ABŞ-ın Ukraynaya yeni yardım paketinə əlavə olaraq HIMARS sistemləri üçün GMLRS raketləri, TOW antitank rakletləri, AIM-9 Sidewinder raketləri və 155 mm çaplı artilleriya mərmiləri də daxil olacaq.

Danimarka ayrıca olaraq Ukraynaya 495 milyon avroluq hərbi texnika verəcəyini bildirib.

Bu paketə isə piyadaların döyüş maşınları (PDM), dronlar, atıcı silahlar, habelə zirehli mühəndis təxliyə maşınları daxil olacaq.

Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar paketi hazırlayır

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, Moskvaya qarşı Aİ sanksiyalarının 12-ci paketinə Rusiya almazı daxil ediləcək.

O bildirib ki, Aİ üzvləri hazırda 12-ci paketin üzərində işləyirlər və Rusiyanın müharibəyə xərclədiyi vəsaitləri məhdudlaşdırmaq yollarını götür-qoy edirlər.

Von der Leyenin sözlərinə görə sanksiyaların yeni paketi də G7 qrupu ilə sıx koordinasiyada işlənir.

XS
SM
MD
LG