Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:31

Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan danışıqlarında 'rol almaq istərdi'


Virciniya ştatının Arlinqton şəhərində ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli danışıqlar. 4 may 2023
Virciniya ştatının Arlinqton şəhərində ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli danışıqlar. 4 may 2023

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan rəhbərliyi ilə işləyir, bütün hüquqlara sayqı göstərilən şərəfli və davamlı sülhü asanlaşdırmağı təklif edir", – ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) noyabrın 20-də belə deyib.

"Ermənistan və Azərbaycanın regionun birbaşa mənfəəti naminə problemləri müzakirə edərək çözməsi vacibdir. Bu danışıqların asanlaşdırılmasında rol almaq istərdik. Digər ölkələrin bu danışıqların asanlaşdırılmasını təklif etdiyini görürük. Düşünürük ki, iki ölkənin davamlı razılaşma əldə etməsindən ötrü üz-üzə danışması vacibdir", – Miller vurğulayıb.

Baş tutmayan danışıqlar

O, noyabrın 20-də Vaşinqtonda planlaşdırıldığı deyilən danışıqlara toxunmaq istəməyib. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən rəsmi Bakı imtina edib.

XİN noyabrın 17-də bildirib ki, Birləşmiş Ştatların danışıqlarda vasitəçi kimi rolunu görmür, üstəlik, noyabrın 15-də Konqresdə dinləmələrdə ABŞ diplomatı Ceyms O'Brayenin (James O'Brien) dediklərini birtərəfli və qərəzli sayır. Amerikalı diplomat Azərbaycanla münasibətlərin əvvəlki kimi olmayacağını demişdi.

XİN Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə, yaxud Ermənistanla birbaşa danışıqlara açıq olduğunu bildirib.

Azərbaycan oktyabrda Aİ-nin vasitəçiliyi ilə iki görüşdən imtina edib və bunu Fransanın "qərəzli" mövqeyi ilə izah edib.

Tərəflər sülh sazişini imzalamağa hazır olduğunu deyir, bir-birini onu yubatmaqda, manipulyasiyada ittiham edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG