Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:41

Ermənistan parlamentinin içində və çölündə gərginlik yaşanır


Polis iyunun 12-də parlamentin həyətinə toplaşan etirazçıları dağıtmaq üçün səs qumbaralarından istifadə edib
Polis iyunun 12-də parlamentin həyətinə toplaşan etirazçıları dağıtmaq üçün səs qumbaralarından istifadə edib

İyunun 12-də Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılarla iğtişaş polisi arasında toqquşmalar davam edib.

Polis parlamentin ətrafına toplaşanları dağıtmaq üçün səs qumbaralarından istifadə edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, arxiyepiskop Baqrat Qalstanyanın minlərlə tərəfdarının parlamentin binasını mühasirəyə almağa çalışdıqları bir vaxtda Milli Məclisdə müxalifət deputatları Paşinyana sərt və acıqlı suallar verirdilər.

Parlamentin sessiyasından əvvəl tərəfdarlarına müraciət edən Qalstanyan deyib ki, Paşinyandan onunla görüşməsinı və dinc şəkildə hakimiyyətdən getməsinin şərtlərini müzakirə etməyi tələb edib.

Keşiş baş naziri yenə də “vətənin maraqlarını qurban verməkdə” ittiham edib. O tərəfdarlarını Paşinyanın binadan çıxmasına imkan verməmələrinə çağırıb:

“Dövləti iflasa uğradan bir şəxs rahatca işə gedib-gələ, insanlara verdiyi ağrı-acıya həyasızcasına laqeydlik göstərə bilməz”.

Paşinyan istefa tələblərini rədd edib və arxiyepiskop Qalstanyanın hərəkatını dəstəkləyən müxalifət deputatlarını tənqid atəşinə tutub.

Azatutyun yazır ki, Ermənistanın müxtəlif rayonlarından gətirilmiş əlavə polis qüvvələri etirazçıların parlament şəhərciyini mühasirə almasına imkan verməyiblər.

Bundan əvvəl polisin azı 100 nəfəri saxladığı bildirilir.

Qalstanyan polisi “təxribatda” ittiham edib

İğtişaş polisi və etirazçılar bir-birlərinə butulka və daş atmağa başlayıblar.

Təhlükəsizlik qüvvələri ərazidə onlarca səs qumbarası partladıb.

Onlarca polis nəfərinin və etirazçının müxtəlif yüngül xəsarətlər aldığı bildirilir.

Polislə toqquşma
Polislə toqquşma

Ermənistan polisinin rəisi Aram Hovannisyan qumbaralardan istifadə edilməsini müdafiə edib. O bildirib ki, əks halda vəziyyət nəzarətdən çıxa bilərdi.

Qalstanyan polisi “təxribatda” ittiham edib və tərəfdarlarını yerlərində qalaraq etirazı davam etdirməyə çağırıb.

Azatutyun xəbər verir ki, parlamentin iclası da qarışıqılıqla başa çatıb.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Paşinyana qarşı aqressivləşən müxalif həmkarlarının qabağını kəsməyə çalışıblar.

Nikol Paşinyan iyunun 12-də parlament tribunasında
Nikol Paşinyan iyunun 12-də parlament tribunasında

Paşinyandan müxalifətə kəskin ittihamlar

Bundan əvvəl Paşinyan Qarabağın keçmiş separatçı hərbi komandanlığını “qorxaqlıqda” ittiham etmiş, onları “fərari” adlandırmış və “yerlərinin həbsxana olduğunu” demişdi:

"Sizə Dağlıq Qarabağın xalqı 1998-ci ildən bəri hakimiyyətinizi saxlamaq üçün lazım idi. Bugün isə siz onları bura adambaşına 5 min dram (13 dollar) ödəməklə nümayiş materialı kimi gətirmisiniz. Sizin üçün Qarabağın xalqı hakimiyyətinizin saxlanması vasitəsi olub və olaraq da qalacaq”.

Müxalifət deputatlarından Armen Rustamyan Paşinyanı Qarabağ üçün Minsk qrupundan status alacağını vəd etməkdə və daha sonra vədini yerinə yetirməməkdə ittiham edib.

Rustamyan deyib ki, Paşinyan belə olduğu halda istefaya getməlidir.

Paşinyan bu tənqidə də cavab verib:

"Burada üzünüzü divara tutub məni ittiham edən siz idiniz ki, mən Qarabağ xalqının Qarabağı tərk etməsinə imkan vermirəm. Bizim öhdəliyimiz onları Qarabağda saxlamaq idi. Biz onlara problemin həlli üçün nə edilməli olduğunu başa salmışdıq. Amma siz bunun tam əksini etdiniz. Onları yurdlarından qaldırıb bura gətirdiniz. İndi də eyni oyunu Ermənistan Respublikası xalqının başına açmaq istəyirsiniz...İmperatorun (katolikos-red) hökmranlığı altında keşişlərin hakimiyyətini istəyirsiniz”.

İstefası məsələsinə gəlincə isə Paşinyan hökumətin xalq istəyərsə dəyişəcəyini bəyan edib.

O deyib ki, bu məsələ 2026-cı il seçkisində həll olunacaq.

Bundan sonra sessiya başa çatıb və Nikol Paşinyan parlament binasını tərk edib.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Bunun ardınca Ermənistanın bir sıra sərhəd kəndlərinin, əsas etibarilə Kirants sakinləri demarkasiyaya etiraz etdiklərini bildirmişdilər.

Onlar demarkasiya işlərinə mane olmaq üçün Yerevan-Tbilisi magistral avtomobil yolunun Kirants kəndi yaxınlığından keçən hissəsini bağlamışdılar. Bu hissə razılaşmaya görə Azərbaycanın nəzarətinə düşür.

Ermənistan müxalifətinin nümayəndələri və yerli Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulmuşdular.

Qalstanyan mayın əvvəllərində bir neçə yüz tərəfdarı ilə Tavuşdan Yerevana yürüş etdiyini bəyan etmişdi. Lakin hərəkata demarkasiyaya qarşı etirazla başlayan Tavuş arxiyepiskopu Yerevanda keçirdiyi ilk mitinqdə Paşinyanın istefasını tələb etmişdi.

Hazırda keşiş Qalstanyanın çağırışı ilə küçə etirazları davam edir. İqtidar Paşinyan və hökumətinin istefasına dair tələbləri rədd edir və antihökumət etirazlarının getdikcə zəiflədiyini deyir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG