Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:26

Eksperimental həb COVID-19-un ağırlaşmasını azaldır


Moskva, 28 sentyabr, 2021-ci il
Moskva, 28 sentyabr, 2021-ci il

ABŞ-da məhkəmə Kaliforniya Universitetinin bir professorla bağlı vaksinasiya tələbini qüvvədə saxlayıb. Professor daha öncə koronavirusa yoluxduğu üçün immuniteti olduğunu deyirdi

ABŞ-ın dərman istehsalçısı Merck oktyabrın 1-də bəyan edib ki, hazırladığı eksperimental həb koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsi və ölüm hallarını yarıbayarı azaldır. Şirkət dərmanın Birləşmiş Ştatlarda və dünyada istifadəsinə icazə istəyəcəyini bildirib.

“Molnupiravir” təsdiqlənərsə COVID-19-un müalicəsində ilk həb olacaq. Bu isə pandemiya ilə mübarizədə ciddi irəliləyiş deməkdir.

Merck tərəfdaşı Ridgeback Biotherapeutics ilə birlikdə bəyan edib ki, ilkin nəticələr COVID-19-un simptomlarına tutulandan beş gün ərzində dərmanı qəbul edən pasiyentin hospitalizasiya və ölüm riskini yarıbayarı azaldığını göstərib.

Araşdırma yumşaq-orta simptomlu 775 yetkin yaşlı üzərində aparılıb. Onlar köklük, diabet və ürək xəstəliyi səbəbindən risk qrupunda olublar.

***

Dünya Səhiyyə Təşkilatı (DST) Afrikada vaksinasiyada irəliləyiş olduğunu deyir. Amma qitə yenə də xeyli geri qalır, ölkələrin yarısında əhalinin 2 faizi, hətta ondan da azı koronavirusa qarşı tam peyvənd olunub.

40 faizlik hədəfə çatmağa çox qalır

Qitədəki 54 ölkənin 15-də əhalinin azı 10 faizinə peyvənd vurulub. Bu qlobal hədəfi Dünya Səhiyyə Assambeyası mayda təyin etmişdi.

“Müəyyən irəliləyişə baxmayaraq, DST-nin ilin sonunadək əhalinin 40 faizinin peyvəndlənməsi hədəfinə çatmağa çox var”, – DST-nin Afrikada vaksinasiya koordinatoru Riçard Mihiqo deyib.

10 faizlik hədəfə çatan Afrika ölkələrinin çoxu əhalisini nisbətən az olanlardır.

Mavriki və Seyşel adaları əhalinin 60 faizindən çoxunu tam peyvənd elətdirə biliblər.

Mərakeşdə əhalinin 48 faizinə COVID-19 vaksininin hər iki dozası vurulub. Tunis, Komor adaları, Kabo Verdede bu rəqəm 20 faizdən yuxarıdır.

Rusiya

Dünyanın bəzi yerlərində yüksək yoluxucu delta ştammı ilə əlaqədar koronavirus infeksiyalarının yeni dalğaları qeydə alınır.

Rusiya hazırda pandemiyanın ən pis dalğasını yaşayır, yoluxucu xəstəliklər üzrə mütəxəssis Yevgeni Timakov deyib. O, vəziyyətin dekabrın ortasından tez düzəlməyəcəyini sözlərinə əlavə edib.

İyunda başlamış yeni dalğa sayca üçüncüdür. Mütəxəssis dördüncü və beşinci dalğalar zamanı daha az ağır halların qeydə alınacağını proqnozlaşdırıb.

Avstraliya

Avstraliya noyabrdan beynəlxalq sərhədini açacağını bəyan edib.

Baş nazir Skot Morison deyib ki, oktyabrın 1-dən peyvəndlənmiş avsyraliyalılar evlərinə qayıda, yaxud xaricə səyahət edə biləcəklər. Ancaq yalnız 80 faizlik vaksinasiya hədəfinə çatmış vilayətlərdə səyahət azadlığı bərpa olunacaq.

2020-ci il martın 20-dən ölkədə dünyanın ən sərt sərhəd qadağaları tətbiq olunub. O vaxtdan bir-birinə görməyən ailə üzvləri var, Avstraliyada yaşayan əcnəbi rezidentlər dostlarını, qohumlarını ziyarət edə bilmirlər.

Bu siyasət pandemiyanın önlənməsindəki roluna görə alqışlansa da, ailələri ayrı saldığına görə tənqid olunub.

Vaksinasiya tələbinin xeyri

Bu arada ABŞ-da böyük şirkətlər vaksinləri məcburi etməyin faydasından danışırlar.

“United Airlines” bildirib ki, vaksindən imtina etdiyinə görə işdən çıxarılması gözlənilən əməkdaşların sayı 593-dən 320-yə düşüb.

Bu isə şirkət əməkdaşlarının 99.5 faizinin artıq peyvənd olunması deməkdir. Buraya səhhətinə görə, yaxud dini səbəblərdən peyvənd olunmayanlar daxil deyil.

“Tyson Foods” 100 mindən çox, yəni işçi qüvvəsinin 91 faizinə COVID-19-a qarşı vaksinin azı bir dozasının vurulduğunu bildirib. Tyson işçilərin peyvənd olunması üçün 200 dollar bonus da təklif edib.

ABŞ-da məhkəmə Kaliforniya Universitetinin bir professorla bağlı vaksinasiya tələbini qüvvədə saxlayıb. Professor daha öncə koronavirusa yoluxduğu üçün immuniteti olduğunu deyirdi.

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) araşdırması vaksinlərin öncəki yoluxmanın yaratdığı immunitetdən daha güclü qoruma təmin etdiyini göstərib.

XS
SM
MD
LG