Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:23

Avtokratların dövranı – Qərb mediası


Belarus lideri Alyaksandr Lukaşenka (soldan), İranın keçmiş prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vıadimir Putin və Türkiyə prezidenti Recep Tayyip Ərdoğan, arxiv fotosu
Belarus lideri Alyaksandr Lukaşenka (soldan), İranın keçmiş prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vıadimir Putin və Türkiyə prezidenti Recep Tayyip Ərdoğan, arxiv fotosu

AzadAvropa/AzadlıqRadiosu rusdilli yayına 22 milyon dollar ayırır. Amma Rusiya hökuməti rusdilli dövlət mediasına milyardlar xərcləyir

20-ci əsr liberal demokratiyanın kommunizm, faşizm və təhlükəli millətçilik üzərində qələbəsinə doğru ləng, qeyri-rəvan proqres hekayəti idi. 21-ci əsrdə hələ ki buna əks proses gedir. “The Atlantic” portalında Anne Applebaum bu haqda yazır.

Müəllif ötən bahar Vilnüs yaxınlığındakı ofisdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşündən yazır.

Aleksandr Lukaşenkanın rəsmən qalib elan olunduğu 2020-ci ilin avqust seçkisindən bir gün sonra Tixanovskaya Belarusdan çıxmağa vadar edilib. Onun əri Sergey isə hazırda Belarusda həbsdədir.

FSB təyyarəsinin yaratdığı dəyişiklik

Məqalədə ötən il avqustun 18-də Rusiyanın təhlükəsizlik xidməti FSB-yə məxsus təyyarənin Moskvadan Minskə endiyi, bundan sonra Lukaşenkanın taktikasında dramatik dəyişiklik baş verdiyi vurğulanır. O vaxt ABŞ Dövlət katibinin müavini olan Stefen Biegun bunu “əhalini boğmağın daha təkmil, üsulları”na əl atmaq kimi təsvir edib.

Həmin repressiv texnikadan daha öncə Rusiyada istifadə olunmuşdu. Tətil edən Belarus jurnalistlərini Rusiyanın telereportyorları əvəzlədi, onlar nümayişləri amerikalıların və digər xarici “düşmənlər”in işi kimi qələmə verdilər. Rusiya polisi belaruslu həmkarlarını bəzən əvəz etdi, bəzən də məsləhətini əsirgəmədi.

Müəllif Putinin vaxtilə Suriya lideri Bəşər əl-Əsəd üçün də oxşar xilas planı işə saldığını, bu paketdə iqtisadi elementlərin də olduğunu yazır. Məsələn, demokratik Qərbin yasaqladığı Belarus məhsullarına Rusiya şirkətləri bazar açdı.

Ərəb Baharının dərsi

“Onların hər ikisi Ərəb Baharından, kommunist diktatorların domino effekti kimi çökdüyü 1989-cu ildən dərs almışdı: demokratik inqilablar yoluxucudur. İnqilabı bir ölkədə boğmaqla digərlərində başlamasını önləyə bilərsən”, – yazan müəllif 21-ci əsrdə avtokratiyaların bircə nəfər tərəfindən deyil, təkmil şəbəkələr vasitəsilə idarə olunduğunu qeyd edir. Bu şəbəkələrə kleptokratik maliyyə strukturları, təhlükəsizlik xidmətləri, peşəkar təbliğatçılar daxildir. Şəbəkə üzvləri isə konkret bir ölkə içində deyil, çoxsaylı ölkələrdə əlaqəli işləyirlər.

Hazırda Belarus təyyarələrinin Avropaya enməsi qadağan olunub, Belarus mallarının çoxu ABŞ-da satıla bilmir və sairə. Amma bu, nəzəriyyədə belədir.

“Praktikda isə bu ölkə Avtokratiya Inc.-in hörmətli üzvü olaraq qalır. Lukaşenkanın beynəlxalq normaları pozmasına baxmayaraq... Belarus Çinin ən böyük inkişaf layihələrinin gerçəkləşdiyi məkanlardan biridir. Son bir ildə İran Belarusla əlaqələrini genişləndirib. Kuba rəsmiləri BMT-də Lukaşenkaya həmrəylik bildirib, bu ölkənin işlərinə ‘xarici müdaxilə’yə son qoymağa çağırıblar”, – məqalədə deyilir.

Klub böyüyür

Müəllif hətta keçmiş Sovet ittifaqı liderlərinin dünyadakı imiclərinin qayğısına qaldıqlarını yazır. Avtokratiya Inc.-in qəddar üzvləri isə tənqidi çox da vecə almırlar.

Məqalədə müasir avtokratların bir çox ölkələri öz tərəflərinə çəkdikləri qeyd olunur. O, Çinin Sintzyan vilayətində təzyiqə məruz qalan uyğurların Türkiyəyə sığınmasından, bu ölkədə 50 minədək uyğurun yaşamasından söz açır. Türkiyəli vəkil İlyas Doğa danışır ki, 2017-ci iləcən bu uyğurların çox az qismi siyasi baxımdan fəal idi. Amma onların dostları, qohumları Çində konsentrasiya düşərgələrində peyda olduqca durum dəyişdi.

Vaxtilə Çində uyğurların repressiyasını “soyqırımı” adlandıran Türkiyə Prezidenti Recep Tayyip Ərdoğanın sonradan Çinlə dostluğa, bu ölkənin sərmayəsi və texnologiyasına marağı artdı. O özü də ölkəsində dissidentləri həbs etdirir. Son illər uyğurlar Türkiyədə saxta terrorçuluq ittihamları ilə saxlanır, bəziləri deportasiya olunur.

Amerikanın dəstəyi

Müəllif Amerikanın “demokratiyaya yardım” adı altında layihələrə hələ də pul ayırdığını, amma avtoritar dünyanın ortaya qoyduğu ilə müqayisədə xeyli az olduğunu yazır. Elə yazı müəllifinin də üzv olduğu Milli Demokratiya Fondu 2020-ci ildə 100-dək avtoritar, yaxud zəif demokratiyada vətəndaş cəmiyyətini, qeyri-dövlət mediasını və təhsil layihələrini dəstəkləmək üçün Konqresdən 300 milyon dollar alıb.

Yaxud AzadAvropa/AzadlıqRadiosu rusdilli yayına 22 milyon dollar ayırır. Amma Rusiya hökuməti rusdilli dövlət mediasına milyardlar xərcləyir. Azad Asiya Radiosu-nun xərclədiyi 33 milyon dollar Çinin öz sərhədləri daxilində və xaricdə media və kommunikasiyaya sərf etdiyinin yanında çox sönük görünür.

“Amerika demokratiyanın təbliğini xarici siyasətindən çıxarsa, digər demokratiyalar və demokratik hərəkatların taleyinə marağını kəssə, avtokratiyalar nüfuz, maliyyə və ideya mənbələri kimi yerimizi sürətlə tutacaqlar”, – müəllif yazır.

XS
SM
MD
LG