Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 02:45

Azərbaycan hərbçilərinin sərhədin bir sektorundan çıxdığı xəbər verilir


Nikol Paşinyan Voskepar kəndində yenicə demarkasiya olunmuş ərazidə (Arxiv fotosu)
Nikol Paşinyan Voskepar kəndində yenicə demarkasiya olunmuş ərazidə (Arxiv fotosu)

Azərbaycan öz hərbçilərini Ermənistanla sərhədin bu yaxınlarda demarkasiya olunmuş bir sektorundan çıxarıb.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna avqustun 7-də sərhədyanı Berkaber kəndi icmasının başçısı deyib.

Tiqran Arutyunyan bildirib ki, demarkasiya prosesi çərçivəsində bu il Azərbaycana qaytarılmış dörd kənddən biri olan Qızılhacılı kəndinin yaxınlığındakı hərbçilər ərazini bir ay bundan əvvəl tərk ediblər:

“Onlar bir xeyli əvvəl gediblər. Gərək ki, iyulun əvvələri idi. Onlar mövqelərini boşaldıblar və indi orada bizim sərhədçilər yerləşiblər”.

Azatutyun yazır ki, son 30 ildə Berkaber kəndinə aid 900 hektar ərazi Azərbaycanın nəzarətində olub.

İki tərəf qərara almışdı ki, bu ərazi aprel-may aylarında demarkasiya olunmayacaq.

Ermənistan hökuməti aprel ayında sərhədə ediləcək düzəlişlərin xəritəsini açıqlamışdı.

Buna görə də Azərbaycan hərbçiləri demarkasiya başa çatdıqdan sonra belə sektorlardan birində qalmışdılar.

Ərazi minalardan təmizlənir

Azatutyunun yazdığına görə bu da qərara alınmışdı ki, Azərbaycan və Ermənistan “qısa, amma real” vaxt çərçivəsində bu ərazilərdəki hərbçilərini çıxaracaq və əvəzində sərhədçiləri yerləşdirəcəklər.

Azatutyun yazır ki, Berkaber sakinləri kəndin yaxınlığında partlayış səsləri eşidiblər. Onlar düşünürlər ki, Ermənistan istehkamçıları ərazini minalardan təmizləyirlər.

Ermənistanın Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, avqustun 7-də Berkaber və Kirants kəndləri yaxınlığında minaların nəzarətli partladılması həyata keçiriləcək. Buna görə də sakinlərin qorxuya düşməməsi üçün onlara deyilmişdi ki, sözü gedən kəndlərin şimal-qərbində 10 partlayış baş verəcək.

Arutyunyan Azatutyuna deyib ki, bundan əvvəl Azərbaycan hərbçilərinin olduqları yer minalardan təmizlənir.

İcma başçısı əlavə edib ki, orada Azərbaycanın vaxtilə bir postu olsa da ərazi genişdir və minalardan təmizləmə işləri burada görülür.

Paşinyan bütün ittihamlara baxmayaraq...

Azatutyun xatırladır ki, baş nazir Nikol Paşinyan bu ilin əvvəllərində Ermənistan və Azərbaycan arasında sərhədin ilk demarkasiyasına razılıq verməsi ilə tənqidlərə hədəf olmuşdu.

Bu demarkasiya nəticəsində 1970-ci ilin xəritələrinə görə Azərbaycanın Qazax rayonuna aid dörd kənd Bakının nəzarətinə qaytarılıb.

Ermənistan müxalifəti iddia edirdi ki, sözü gedən kənd və ərazilərin Azərbaycana qaytarılması daha bir münaqişə təqdirində Ermənistanın Tavuş rayonunun müdafiəsini zəiflətmiş olur. Son 30 ildə bu ərazilərə nəzarət edən Ermənistan hərbçiləri burada çoxsaylı müdafiə fortifikasiyaları qurmuşdular.

Paşinyan bu iddiaları rədd edərək bildirmişdi ki, əksinə, demarkasiyanın alternativi Azərbaycanla daha bir müharibə ola bilər.

O bildirirdi ki, ərazilərin qaytarılmaması Bakıya Ermənistana hücum üçün daha bir legitim bəhanə verər.

Baş nazir iddia etmişdi ki, sərhədin demarkasiyası Ermənistanın sərhədyanı icmalarının üzvləri üçün daha təhlükəsiz şərait yaradır.

Azərbaycan tərəfi, hərbçilərinin çıxarılmasına dair Ermənistandan alınan bu son xəbərlərə hələ ki, münasibət bildirməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən il sentyabrında 1 günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə əsasən suverenliyi bərpa etdiyini açıqladı.

Bakı Qarabağda 1 günlük əməliyyatı "lokal antiterror tədbirlər"i, Yeravan isə “etnik təmizlənmə” kimi dəyərləndirib.

XS
SM
MD
LG