Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:06

Paris Azərbaycandan Fransa vətəndaşının dərhal azad olunmasını tələb edir


Fransa Xarici İşlər Nazirliyi
Fransa Xarici İşlər Nazirliyi

Fransa yanvarın 9-da Azərbaycanı Fransa vətəndaşının qanunsuz saxlanmasına görə ittiham edib və Bakıdan onun dərhal azad olunmasını tələb edib.

Bundan əvvəl Fransa vətəndaşı Martin Rayanın Azərbaycanda casusluq ittihamı ilə həbs edilməsi barədə Azərbaycanın Fransadakı səfiri məlumat vermişdi.

Fransa XİN Reuters-ə göndərdiyi bəyanatda Fransa vətəndaşının saxlanmasını rəsmən təsdiq edib: "Biz onun (Martin Rayanın) ailəsi ilə daimi əlaqədəyik və Fransanın Bakıdakı səfirliyi həmvətənimizlə konsul müdafiəsi çərçivəsində iki dəfə görüşüb".

Bəyanatda deyilir ki, səfirlik M.Rayan ilə daha bir görüş istəyib: "Bundan əvvəl Azərbaycan hakimiyyətinin də nəzərinə çatdırdığımız kimi, biz bu saxlanmanı qanunsuz sayır və həmvətənimizin dərhal azad olunmasını tələb edirik".

Azərbaycandan Fransaya cavab

Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) rəsmi Parisə cavab verib. Cavabda vurğulanır ki, Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur: "Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir".

"Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər", - XİN mətbuat katibi Ayxan Hacızadə vurğulayıb.

Azərbaycanda casusluqda ittiham olunan Fransa vətəndaşı həbs edilib

Azərbaycanın hakimiyyət orqanları ötən dekabrda bir fransızı casusluq ittihamı ilə həbs ediblər.

Bunu yanvarın 9-da Frans Press (AFP) agentliyinə Azərbaycanın Fransadakı səfiri deyib.

Bundan əvvəl Azərbaycan və Fransa qarşılıqlı olaraq hər biri iki diplomatı “persona non grata” elan etmişdilər.

Səfir Leyla Abdullayevanın sözlərinə görə Fransa vətəndaşı Martin Rayan (Martin Ryan) ötən il, dekabrın 4-də həbs edilib.

Səfir əlavə edib ki, Rayan Azərbaycanda dörd ay müddətinə həbs edilib.

Leyla Abdullayeva bunu da deyib ki, həbs barədə Fransanın Bakıdakı səfirliyinə məlumat verilib.

Atası Rayanla danışıb

AFP-nin yazdığına görə Rayanın atası Riçard Rayan onunla danışıb:

"Biz onunla dörd dəfə, hər dəfə iki dəqiqə müddətində danışmışıq. O özü ilə yaxşı rəftar olunduğunu və vəkili ilə yaxşı anlaşdığını deyib. O bir dəfə mənə dedi ki, ondan girov kimi istifadə etmək istəyirlər”.

Yanvarın 9-da Rayanın Azərbaycan məhkəməsi tərəfindən verilmiş vəkili Nizami Əliyev AFP-yə deyib ki, onu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Vəkil bildirib ki, heç bir əlavə informasiya verə bilməz və bu barədə danışmaq “risklidir”.

Vəkil Əliyev bunu da iddia edib ki, Rayanın əlaqədə olduğu Fransa vətəndaşlarının Fransa kəşfiyyatının “agentləri” olduğu məlum olub.

Vəkil deyib ki, “Martin agent yox, vətəndaşdır”.

"Martin Rayan özünü təqsirli bilmir"

Vəkili Nizami Əliyev “Turan” agentliyinə də Martin Rayanın həbsi barədə məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Rayan dekabrın 4-də həbs olunub, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib və iş hazırda istintaq mərhələsindədir:

"Martin Rayan özünü təqsirli bilmir".

N.Əliyev qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə vəsatəti təmin etməyib:

"Bu qərardan artıq apellyasiya şikayətini vermişəm".

Azərbaycan Xarici İşlər Nazirliyindən isə Agentliyə Martin Ryanın həbsi ilə bağlı məlumatı təsdiqləsələr də əlavə heçnə deməyiblər.

AFP yazır ki, Fransanın Azərbaycandakı səfirliyi və Fransa XİN xəbərlə bağlı heç bir şərh verməyiblər.

Xatırlatma

Agentlik xatırladır ki, Paris və Bakı arasında diplomatik gərginlik Azərbaycan dekabrda iki Fransa diplomatını ölkədən qovandan sonra artıb.

Bunun ardınca Fransa da Azərbaycanın iki diplomatını “persona non grata” elan edib.

Ötən noyabrda Azərbaycan prezidenti İlham Əliyev Fransanı Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda münaqişə qızışdırmaqda ittiham etmişdi.

AFP yazır ki, Azərbaycanın ötən sentyabrda Qarabağda keçirdiyi hərbi əməliyyatın ardınca erməni əhalinin bölgəni tərk etməsi bəzi beynəlxalq qurumlar, o cümlədən Fransa tərəfindən pislənmişdi.

Agentlik yazır ki, Paris habelə Azərbaycan rəsmilərini Fransanın 2024-cü il Olimpiya Oyunlarının ev sahibi kimi reputasiyasını korlayan dezinformasiya kampaniyasının arxasında olmaqda ittiham edib.

Hələlik, belə iddialara Azərbaycan rəsmilərindən münasibət bildirilməyib

XS
SM
MD
LG