Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:47

Dünya Səhiyyə Təşkilatı Türkmənistana getmir?


Gurbanguly Berdymukhamedov
Gurbanguly Berdymukhamedov

Bəzi xəbərlərə görə Dünya Səhiyyə Təşkilatı (DST) Türkmənistana planlaşdırılan səfərini ləğv edib.

Təşkilat bu ölkəyə səfər üçün dəvət almadığını bildirir. Türkmənistan Mərkəzi Asiyada koronavirus epidemiyasının mövcudluğunu inkar edən yeganə ölkədir.

Müstəqil Gündoğar xəbər portalı DST nümayəndəsinə istinadən mayın 5-də xəbər verib ki, təşkilatın nümayəndələri artıq Türkmənistana qonşu olan Tacikistanda idilər, lakin Aşqabad dəvət göndərməkdən boyun qaçırıb.

Türkmənistan indiyədək öz ərazisində COVID-19 virusuna yoluxanların olmadığını bəyan edib, lakin ekspertlər rəsmi Aşqabadın bu bəyanatına şübhə ilə yanaşırlar.

Türkmənistanın avtoritar prezidenti Gurbanguly Berdymukhammedov ölkədə “koronavirus” sözünün işlədilməsini qadağan edib və bu mənada ölkə həkimləri də istisna təşkil etmirlər.

Koronavirus barədə söhbətlər aparan şəxsləri isə cəzalandırırlar.

Müəmmalı karantin zonaları

Buna baxmayaraq ölkədə üç karantin zonasının yaradıldığına dair etibarlı xəbərlər var. Lakin rəsmilər bu zonaların ümumiyyətlə infeksion xəstəliklər üçün yaradıldığını deyirlər.

Bu da xəbər verilir ki, Türkmənistanda koronavirus xəstələrini başqa diaqnozlarla müalicə edirlər.

Ötən həftə yayılan xəbərlərdə deyilirdi ki, DST-nin ölkəyə səfəri barədə məlumatlardan sonra hökumət sözü gedən karantin zonalarını təcili qaydada ləğv edib, xəstələr isə ruhi xəstəxana da daxil müxtəlif rayon xəstəxanalarına köçürülüb.

Prezident bundan əvvəl məktəblərdə, idarə və müəssisələrdə üzərlik yandırılmasına göstəriş vermişdi.

Mərkəzi Asiyanın digər ölkələrində

Koronavirus pasientlərinin olduğunu lap bu yaxınlarda ilk dəfə etiraf etmiş Tacikistanda virusa 230 nəfərin yoluxduğu və bunlardan üçünün vəfat etdiyi bildirilir.

Mayın 5-ə olan məlumata görə qonşu Özbəkistanda 2189 yoluxma, 10 ölüm rəsmən qeydə alınıb.

Qırğızıstanda son məlumata görə 843 yoluxma, 11 ölüm olub.

Mərkəzi Asiyada koronavirusa ən ağır itki verən ölkə Qazaxıstandır. Burada mayın 5-ə olan vəziyyətə görə 4160 yoluxma, 29 ölüm qeydə alınıb.

XS
SM
MD
LG