Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:31

'2008-ci il müharibəsi hamıya dərs oldu' - Politoloq


Cənubi Osetiyada rus tankları. 9 avqust 2008
Cənubi Osetiyada rus tankları. 9 avqust 2008

2008-ci ilin avqust müharibəsinin 9 ili tamamlanır. Gürcüstanda bu münasibətlə dövlət bayraqları endirilib. Ölkə 9 il öncə həyatını itirmiş insanları yad edir.

Həmin silahlı münaqişədə 408 Gürcüstan vətəndaşı həyatını itirib. Onlardan 170 nəfəri hərbçi, 14-ü polis, 224-ü isə dinc sakinlərdir. Rəsmi məlumatlara görə, Cənubi Osetiya tərəfdən çoxu hərbçi olmaqla 380 nəfər ölüb. Gürcüstan Səhiyyə Nazirliyi avqust müharibəsində 2 min 232 nəfərin yaralandığını və zərər çəkdiyini bildirir. Onlardan 1045-i hərbçilərdir.

Avqust müharibəsi Gürcüstanın Tsxinvali rayonunun kəndlərinin 26 min sakinini qaçqına çevirib. Bu rəqəmi 1993-cü ildə Abxaziyanı tərk etməli olan gürcülərin sayına əlavə edəndə, Gürcüstanda məcburi köçkünlərin sayı 263 min 598 nəfərə çatır.

İctimai rəyi öyrənən sorğular göstərir ki, Gürcüstanın ərazi bütövlüyünü bu gün də ölkə əhalisi ən aktual məsələlərdən biri sayır.

«Amerikanın Səsi»nin rus xidmətinin bu münaqişə ilə bağlı suallarını cavablandıran moskvalı ekspertlər hesab edirlər ki, bu müharibə Rusiya ilə keçmiş SSRİ ölkələri arasındakı münasibətləri kökündən dəyişib. Onların fikrincə, bu müharibə həm də Kremlin keçmiş SSRİ respublikalarını nəzarətdə saxlamağa yönəlmiş aqressiv siyasəti üçün sınaq olub.

PRİORİTET MARAQLAR ZONASI

Müstəqil hərbi təhlilçi Aleksandr Golts «Amerikanın Səsi»nə müsahibəsində Rusiya-Gürcüstan müharibəsini «Putin doktrinası»nı gerçəkləşdirməyə ilk cəhd adlandırıb.

Aleksandr Golts
Aleksandr Golts

«Bu doktrinanın konseptual yanaşması münaqişə sona çatan kimi ozamankı prezident cənab Medvedev tərəfindən səsləndirilib. Onun mahiyyəti ondan ibarətdir ki, Baltik ölkələri istisna olmaqla, keçmiş Sovet İttifaqının bütün ərazisi Rusiyanın prioritet maraqları zonasıdır. Buna görə də, burada yerləşən ölkələrə Şimali Atlantika strukturlarına inteqrasiya qadağandır», – təhlilçi deyir.

Ekspertin sözlərinə görə, Vladimir Putin NATO-nun 2008-ci ilin aprelindəki Buxarest sammitindən sonra bu fikrə gəlib. Həmin sammitdə Putin böyük çətinliklə Ukrayna və Gürcüstanın NATO-ya daxil olmaqla bağlı fərdi plan almamasına nail olub:

«O zaman o anladı ki, indi MDB ölkələrinin Şimali Atlantika Alyansına girməsini istisna edən çıxış yolu tapmağın əsl vaxtıdır. Bu çıxış yolu da odur ki, NATO və AB-yə daxil olmaq istəyən ölkələrin ərazilərində münaqişə zonası yaradılır. Ona görə də, sözügedən sammitdən dərhal sonra Moskva Cənubi Osetiya və Abxaziya separatçılarını hər cür dəstəkləməyə başladı. Onlara Rusiya pasportları payladı, hərbi təlimlər keçirdi və son nəticədə Saakashvili-ni müharibəyə başlamağa təhrik etdi».

Rusiya ordusu Qoriyə daxil olur. 2008
Rusiya ordusu Qoriyə daxil olur. 2008

NATO ÜZVLÜYÜNÜ ÖNLƏMƏK

Aleksandr Golts hesab edir ki, bu müharibənin əsas siyasi nəticəsi Rusiyanın Gürcüstanın yaxın perspektivdə NATO-ya üzv olmasını önləməsidir:

«Ancaq Moskva bundan ötrü yaratdığı anklavları saxlamalı və buna böyük pullar xərcləməlidir. Bəzi hesablamalara görə, Rusiya artıq Cənubi Osetiya və Abxaziyaya 60 milyard rubldan çox vəsait xərcləyib. Vacib məqamlardan biri də odur ki, Rusiya Qərbin beşgünlük müharibənin ardınca baş verən hadisələrə zəif reaksiyasını görüb bunun hər zaman belə olacağını düşündü. Bununla da ciddi strateji səhvə yol vermiş oldu. Buna görə də Krımın ilhaqının tərəfdarlarının arqumentlərindən biri belə idi: Abxaziya və Cənubi Osetiyanın suverenliyinin elan edilməsini «uddularsa», bunu da «udacaqlar»».

Təhlilçi 2008-ci il müharibəsinin yan effektlərindən biri kimi Kremlin öz ordusunun «köhnə» olduğunu görüb radikal islahatlar aparmasını göstərir.

Andrei Kolesnikov
Andrei Kolesnikov

REYTİNQ YÜKSƏLİŞİ

Moskvadakı Karneqi Mərkəzinin «Rusiyanın daxili siyasəti və siyasi təsisatlar» proqramının rəhbəri Andrei Kolesnikov-sa hesab edir ki, 2008-ci il müharibəsinin Rusiyadan ötrü daxili siyasi təsirləri baxımından Gürcüstan əməliyyatı Putin üçün uğurlu keçib.

Onun sözlərinə görə, həmin dövrdə baş nazir Putin və prezident Medvedev-in reytinqində ciddi sıçrayış müşahidə olunub. Müharibəyə qədər bu reytinq yavaş-yavaş, ancaq davamlı azalırmış.

Ekspertin fikrincə, bu müharibə göstərdi ki, bu cür münaqişələr Rusiya hökumətinin əhali arasında populyarlığını təmin etməyə, xalqı ölkə rəhbərliyinin ətrafında səfərbər etməyə qadirdir.

«2014-cü ildə Krımın ilhaqından sonra bu, bir daha təsdiqini tapdı», – o deyir.

Politoloq hesab edir ki, Rusiyanın Cənubi Osetiyada apardığı münaqişə Ukraynanın Donbas ərazisində təkrarlanıb.

«2008-ci il müharibəsi hamıya çox ciddi tarixi dərs oldu və eyni zamanda göstərdi ki, Rusiya ...öz maraqlarını müdafiə etmək üçün uzağa gedə bilər. Yeni Rusiyanın davranışında hələ belə presedentlər olmamışdı. Heç bir Qərb lideri bu vəziyyətdə necə hərəkət edilməli olduğunu bilmirdi. Buna görə də, Qərbin reaksiyası ...yetərincə sərt olmadı», – Andrei Kolesnikov deyir.

XS
SM
MD
LG