Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 00:26

Avropa Məhkəməsi Hüseyn Abdullayevlə bağlı qərar verdi


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan keçmiş deputat və işadamı Hüseyn Abdullayevlə bağlı qərar verib.

Vəkil Cavad Cavadov bildirir ki, qərara görə, Azərbaycan hökuməti H.Abdullayevin hər hansı təcili tibbi müdaxiləyə ehtiyacı olub-olmadığını müəyyən etmək üçün onu əlavə hərtərəfli müayinələrdən keçirməli və bununla bağlı məhkəməyə məlumat verməlidir.

"Eyni zamanda, Məhkəmə Qaydalarının 41-ci maddəsinə əsasən, onun işinə prioritet qaydada baxılması qərara alınmışdır", - vəkil əlavə edib.

Hələlik, qərara Azərbaycanın cavabdeh qurumlarından münasibət almaq mümkün olmayıb.

23 avqust

Hüseyn Abdullayevlə bağlı təcili tədbir görülməsi üçün Avropa Məhkəməsinə məktub göndərilib

Keçmiş deputat Hüseyn Abdullayev 6 ildən çoxdur həbsdə olsa da, sağlıq durumuna görə öz məhkəməsinə gələ bilmir. Bu səbəbdən, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə Bakı İstintaq Təcridxanasından videokonfrans vasitəsilə qoşulub.

Abdullayev proses boyunca başını önündəki masanın üstündən qaldırmayıb. Məhkəmə zalına daxil olarkən, anası Zeynəb Abdullayeva monitorda oğlunu bu durumda görüncə, qışqıraraq ağlamağa başlayıb.

Məhkəmə prosesi keçirilən müddətdə təcridxanada onun yanında olan vəkili Şəhla Hümbətova deyir ki, H.Abdullayevin durumu ağırdır, məhkəməyə qatılmağa halı yoxdur.

Bir həftə bundan əvvəl hazırlıq iclasında məhkəmə qərar vermişdi ki, Abdullayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülsün, onun sağlıq durumuyla bağlı rəy hazırlanıb, məhkəməyə təqdim olunsun.

“Məhkəmə öncə müalicə məsələsini həll eləməlidir”

Vəkillərin dediklərindən məlum olub ki, sabiq deputat bir neçə gün öncə müalicə müəssisəsinə köçürülsə də, ertəsi gün istintaq təcridxanasına qaytarılıb.

“Şifahi şəkildə deyiblər ki, “problem yoxdur” və geri qaytarıblar. Məhkəmə öncə müalicə məsələsini həll eləməlidir. Biz hazırlıq iclasında vəsatət vermişdik ki, mülki xəstəxanada özü seçdiyi həkim tərəfindən müayinə olunsun. Vəsatətimiz qismən təmin olunsa da, faktiki icra olunmadı”, - vəkil Hümbətovanın sözləridir.

Digər müdafiəçi Cavad Cavadov bildirib ki, durumu ağır H.Abdullayevlə bağlı təcili tədbir görülməsi üçün Avropa Məhkəməsi Qaydalarının 39-cü bəndi əsasında Strasburqa məktub göndəriblər. Artıq Avropa Məhkəməsilə Azərbaycan hökuməti arasında yazışmalar başlanıb. Hökumət sorğu əsasında 189 vərəqdən ibarət sənədlər göndərib. Vəkil Cavadov vurğulayır ki, həmin sənədlər də Abdullayevin sağlamlığındakı problemləri təsdiqləyir.

“Keyfiyyətli müdafiə hüququ, ilk növbədə, şəxsin özünə bağlı hüquqdur. Əgər şəxs sağlam deyilsə, özünü müdafiə edə bilmirsə, vəkillərin onu müdafiə etməsinin əhəmiyyəti olmayacaq”, - bunu isə vəkil Ceyhun Yusifov deyir.

Sabiq deputat başını masadan qaldırmadan, asta səslə vəkilinə deyib ki, sağlamlığı bərpa olunanadək məhkəməsinin təxirə salınmasını istəyir.

Məhkəmə də, bu üzdən, iki həftəliyə təxirə salınıb.

Xatırlatma

Hüseyn Abdullayev 2018-ci il aprelin 18-də Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. ittihamlarla 6 il azadlıqdan məhrum edilib.

Bu il - həmin cəzanın başa çatmasına 40 gün qalmış onun haqqında yenidən cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib. Bu maddədə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaşı 57-ni haqlayan H.Abdullayev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

O, ilk dəfə 2007-ci ildə - deputat olduğu dövrdə parlamentdə Fəzail Ağamalı ilə davadan sonra xuliqanlıq ittihamıyla həbs edilmişdi. Şərti cəza ilə azadlığa buraxılan H.Abdullayev daha sonra Almaniyaya üz tutaraq, oradan sığınacaq almışdı.

XS
SM
MD
LG