Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:21

'Lotu Quli'nin qohumu: 'Dedim, bildiyim budur ki, adam 22 ildir həbsdədir...'


'Lotu Quli' ləqəbli Nadir Səlifov
'Lotu Quli' ləqəbli Nadir Səlifov

Bakı sakini Məhəbbət Namazov xeyli vaxtdır ki, külli miqdarda narkotik, qanunsuz silah saxlama kimi ittihamlarla məhkəmə qarşısında cavab verir. Amma özü deyir ki, bu ittihamlar yalandır, onu kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovla qohumluğa görə tutub şərləyiblər. Məhəbbət Namazov Səlifovlar ailəsi ilə kirvədir.

Namazovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. Noyabrın 22-də məhkəmədə o, ifadə verib. Bildirib ki, heç bir günahı yoxdur, protokollarda adının qarşısındakı imzaları da o atmayıb. Onun sözlərinə görə, ekspertiza keçirilsə, imzaların saxtalığı sübut olunar.

Buna da bax:​ Lotu Quli azadlıqda? Yoxsa başqa həbsxanaya köçürülüb?

“OĞLUM AYAQLARININ ALTINDA QALMIŞDI”

Necə həbs olunması haqda danışan M.Namazov bunları deyib: “Keçən il noyabrın 23-də evin qapısı döyüldü, bir nəfər soruşdu ki, həyətdəki maşın mənimdir? Oğlumun əlindən tutub aşağı düşdüm. Bu vaxt tökülüşdülər uşaqla mənim üstümə. Məni tutub Nəsimi rayon Polis İdarəsinə apardılar. Oğlum oradakıların ayağının altında qalmışdı. İdarədə soruşdum ki, ‘məni niyə tutub gətirmisiz bura?’ Məndən “Lotu Quli” ilə qohum olub-olmamağımı soruşdular. Təsdiqlədim. Dedilər ki, ‘səni ona görə gətirmişik bura, nə bilirsənsə, bizə deməlisən, çıxış yolun ancaq budur’. Dedim, ‘bildiyim budur ki, adam 22 ildir həbsdədir, vəssalam’. Onunla olan şəklimizi stolun üstünə qoydular, soruşdular ki, nə vaxt çəkilib? Dedim ki, ‘on il olar, o vaxt həbsxanaya yanına gedəndə çəkilib’”.

Buna da bax:​ Ekspert: 'Çovdarov 3 ildən sonra 'üçdə bir'lə azadlığa da çıxa bilər'

M.Namazov deyir ki, onun verdiyi cavabla qane olmayıblar. Deyiblər ki, çox şey bilir, amma danışmaq istəmir, ona görə də cəzalanacaq. Təqsirləndirilən şəxsin sözlərinə görə, az sonra narkotiki gətiriblər: “Dedilər ki, ‘bax, bunu görürsən, indi sənin olacaq’. Dedikləri kimi də elədilər, qoydular cibimə, sonra da götürdülər. Sonra məni öz həyətimizə gətirdilər, maşınımın qapısını açıb, ora da biri narkotik qoydu, guya, o biri də tapıb götürdü. Silahı da özləri qoyublar. Ağstafadakı evimizdə axtarış zamanı heç hal şahidləri orada olmayıb. Guya, evdən silah tapıblar. Sonra hal şahidlərini dəvət ediblər. Məhkəmədə ifadə verən hal şahidləri də bunu dedi”.

70-Cİ İLLƏRDƏN İSTİFADƏ ELƏDİYİ BIÇAQ SOYUQ SİLAH SAYILIB

Namazov söyləyir ki, onu bir həftə Nəsimi Rayon Polis İdarəsində saxlayıblar. Çünki narkotik və patronların ona məxsusluğu haqda protokolları imzalamaqdan imtina edib: “Nə qədər elədilər, mən protokola qol çəkmədim. Bir həftə məni idarədə saxladılar, gecə səhərə kimi zülm elədilər. Sonra da gəlib qucaqlayıb dedilər ki, ‘sən yaxşı oğlansan, ancaq bizə yuxarıdan belə tapşırıq verilib’”.

Buna da bax:​ Məhbusların qaçması ilə Lotu Qulinin nə əlaqəsi var? [video]

Atasının qəssab olduğunu deyən M.Namazov bildirir ki, hətta 70-ci illərdə onun istifadə elədiyi bıçağı da evindən götürüb, soyuq silah saxlanması kimi qələmə veriblər.

“Hamı bilir ki, mənə verilən ittihamlar yükləmədir”, – Namazov ifadəsinin sonunda belə deyib.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Hakim təqsirləndirilən şəxsin nəzərinə çatdırıb ki, ona bıçağa görə ittiham verilməyib.

M.Namazovun məhkəməsi noyabrın 29-da davam edəcək.

İttihama görə, M.Namazov 2016-cı il noyabrın 23-də saxlanılıb. Onun idarə etdiyi avtomobildən “Makarov” tipli tapança və külli miqdarda narkotik tapılıb. Daha sonra Ağstafa rayonunun Sadıxlı kəndindəki evlərində axtarış aparılıb, oradan patronlar tapılıb.

Yerli media bir müddət öncə “Lotu Quli” ləqəbli Nadir Səlifovun Qaradağ rayon məhkəməsindən azadlığa buraxıldığını xəbər verdi. Onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunduğu bildirilirdi.

XS
SM
MD
LG