Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:50

'...siyasi məhbus məsələsi təzyiq vasitəsi olduğundan ciddi yanaşılmamalıdır'


Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Son bir ayda Azərbaycanda siyasi məhbus sayılan şəxslərin məsələsi həm ölkə daxilində, həm də ondan kənarda geniş müzakirə mövzusuna çevrilib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da problemlər mövcuddur və bunu heç kim inkar etmir:

“Korrupsiya deyirlər, korrupsiyaya qarşı mübarizə idarəsi də var”.

Bununla belə Məhərrəm Zülfüqarlı hesab edir ki, Qərb ölkələri hökumətə təzyiq məqsədi ilə müəyyən vaxtlarda insan haqları məsələsini gündəmə gətirir:

“ İnsan haqları Avropada da pozulur”

“ İnsan haqları Avropada da pozulur. Demokratik ölkə sayılan Fransada “Sarı jiletlilər” hərəkatına qarşı münasibətdə insan haqlarının pozulduğunu heç kim inkar edə bilməz"

Əgər, Fransa kimi ölkədə bu problem varsa, bütün normal ölkələrdə də var. Ona görə də siyasi məhbus məsələsi təzyiq vasitəsi olduğundan ciddi yanaşılmamalıdır. ABŞ və Avropa ölkələrinin Azərbaycan kimi inkişaf etməkdə olan dövlətə təzyiq vasitəsinin məqsədi nəsə almaq istəyidir. Hər bir vətəndaş bunu bildiyindən dövlətçiliyi qorumalıdır”

“ Azərbaycan siyasi motivli həbslərin sayına görə Avropa Şurasında...”

Anar Məmmədli, Bakı, 30 noyabr 2011
Anar Məmmədli, Bakı, 30 noyabr 2011

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə Azərbaycanda siyasi məhbus probleminin həmişə gündəmdə olduğunu xatırladaraq əlavə edib ki, son 5 ildə repressiyaların kütləvi hal alması beynəlxalq aləmin problemə diqqətini artırıb:

“ Hazırda Azərbaycan siyasi motivli həbslərin sayına görə Avropa Şurasında Türkiyədən sonra ikinci yerdədir. Belə fantastik şəkildə siyasi motivli həbslərin çox olması nə yerli, nə də xarici hüquq müdafiə təşkilatlarının diqqətindən yayına bilməz"

Ancaq bu diqqət istənilən səviyyyədə deyil. Şikayət etmişik ki, Avropa Şurasının müxtəlif strukturları, Avropa Birliyi və uzun illər insan haqlarına həssas yanaşan ABŞ, Böyük Britaniya və Fransa nədənsə bu yöndə diqqətlərini azaldıblar. İndi elə şərait yarandı ki, məsələ beynəlxalq medianın diqqətini çəkdi. Əlbəttə, bloqer Mehmah Hüseynovla bağlı aparılan kampaniyanın rolu da oldu, qondarma cinayət işinə qarşı həm özü, həm yerli və beynəlxalq təşkilatlar tərəfindən ciddi təpkiylə qarşılandı. Məncə, mövzu həmişə gündəmdə olub, sadəcə, Mehmanl Hüseynovla bağlı aktuallıq daha da artdı”.

Ancaq Məhərrəm Zülfüqarlı-nın sözlərinə görə, Avropa Şurası və başqa beynəlxalq təşkilatların siyasi məhbus anlayışı ilə bağlı kriteriyası yoxdur :

“Azərbaycana qarşı siyasi məhbus anlayışından təzyiq vasitəsi kimi...”

“ Ona görə 90-cı illərdə Azərbaycana bu məsələdə təzyiq olanda, millət vəkilləri sorğu göndərdi ki, kriteriyaları ortaya qoyun. Hansı kriteriyalar əsasında kimi siyasi məhbus elan edirsiniz? Amma onlar kriteriyaları deyə bilmədilər, çünki yox idi. İndi də bir müddət sakit dayanır, lazım olanda yenidən fəallaşırlar. Sadəcə, Azərbaycana qarşı siyasi məhbus anlayışından təzyiq vasitəsi kimi istifadə etdiklərindən rəsmi Bakı kriteriyanın olmadığını haqlı olaraq ortaya qoyur”.

“Siyasi məhbus meyarlarının olmadığını söyləmək...”

Siyasi məhbuslar banneri - 26 dekabr 2018
Siyasi məhbuslar banneri - 26 dekabr 2018

Ancaq Anar Məmmədli onunla razılaşmır:

“Siyasi məhbus meyarlarının olmadığını söyləmək düz deyil. Bu spekulyasiyadır. Çünki Avropa Şurası Parlament Assambleyası AŞPA 2001-ci ildən siyasi məhbus anlayışı ilə bağlı sənədlər hazırlayıb"

Məhz Azərbaycanın üzvlüyü ərəfəsində məsələ gündəmə gəlib. Çünki Azərbaycanla Ermənistan üzv olan il hər iki ölkədə siyasi məhbuslar vardı. Birində 700-ə, ikincidə 70-ə yaxın siyasi məhbus vardı. O zaman Parlament Assambleyasının mandatı əsasında yaranan komissiya iki ölkədə çalışdı. 2009-cu ildə AŞ PA almaniyalı deputat Ştrasserə Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı mandat verdi. Ştrasser sənəd hazırlayanda 2001-ci ildəki sənəddəki 5 əsas kriteriyanı əsas kimi götürdü. Birinci, şəxs siyasi azadlıqlardan istifadə olunduqda həbs edilərkən, o siyasi məhbus sayılır. Hakimiyyəti tənqid etdiyi üçün cinayət açılırsa, amma cinayəti sübut edilmirsə, siyasi məhbusdur. Eyni zamanda, ifadə azadlığından istifadə etdiyi üçün həbs olunduqda siyasi məhbus sayılır. Yaxud adam hər hansı bir cinayət törədir, ancaq ona verilmiş cəza Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza ilə adekvat olmursa. Şəxsə cəza məhz siyasi mövqeyinə görə verilirsə, o siyasi məhbusdur. Çünki siyasi ayrı-seçkilik olur”.

Məhərrəm Zülfüqarlı problemin həlli baxımından hesab edir ki, Azərbaycan dövləti həmişə bu məsələləri müzakirə etməyə hazırdır:

Fransa, 8 dekabr 2018
Fransa, 8 dekabr 2018

“Bu gün Parisdə döyülüb sonra həbs olunanları siyasi məhbus yox, obyektləri dağıdan cinayətkar sayırlarsa, Azərbaycan da deyə bilər ki, onlar yanacağın bahalaşmasına etiraz etdikləri üçün saxlanıb. Bizim də deməyə sözümüz var. Əgər kriteriyalar müəyyənləşərsə, ondan sonra baxmaq olar”.

Analiz edəndə geostrateji və enerji maraqlarının insan hüquqlarından öndə gəldiyini görürük

Anar Məmmədli isə deyib ki, hakimiyyət bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıqdan yayınır:

“ Belə bir durumda beynəlxalq təşkilatların, Azərbaycanın qarşısında öhdəlik götürdüyü Avropa Birliyi, ATƏT və Avropa Şurasının üzərinə daha çox məsuliyyət düşür. ABŞ həm də ATƏT-in üzvüdür, amma uzun illərdir Bakı bu qurumla əməkdaşlığı dayandırsa da, Vaşinqtondan təpki yoxdur. Bakı Brüsellə ikitərəfli sazişə hazırlaşsa da, hələ də siyasi məhbuslar məsələsini həll etməyib və Qərb dövlətlərindən də ciddi təpkilər yoxdur. AŞ PA-nın və Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çoxsaylı qətnamələri olsa da, problemlər qalır, iri dövlətlər isə susqundurlar.Əfsuslar ki, biz iri dövlətlərin tələbkarlığının şahidi olmuruq. Analiz edəndə geostrateji və enerji maraqlarının insan hüquqlarından öndə gəldiyini görürük. Əvvəlcə bu siyasət və yerli ictimaiyyətin məsələyə baxışı dəyişməlidir. Son vaxtlar siyasi çevrələrdə hakimiyyət dəyişikliyi, seçkilər, vahid lider, müxalifətin birliyi kimi müzakirələr illüziyadan başqa bir şey deyil. Çox qəribədir ki, 130 nəfərdən çox siyasi məhbusun olduğu ölkədə seçki, müxalifətin birliyi məsələsini müzakirə edirlər. Axı siyasi repressiyaların kütləvi hal aldığı ölkədə hansı şəkildə seçkidə iştirak etmək olar?”

" İlk növbədə siyasi məhbus problemi həlli olmalıdır"

Müxalifətin mitinqində qaldırılan şüar, Bakı, 19 yanvar 2019
Müxalifətin mitinqində qaldırılan şüar, Bakı, 19 yanvar 2019

Anar Məmmədli sonda da deyib:
“ Bu insanlar sərbəst toplaşmaq, söz, ifadə azadlığından istifadə etdikləri üçün həbs olunublarsa, repressiyalar dayanmayınca, bu siyasət dəyişməyincə, hansı siyasi proseslərə töhfə verməkdən söhbət gedə bilər? Əgər həqiqətən hakimiyyətin xalqla paylaşılmasını istəyirlərsə, ilk növbədə siyasi məhbus problemi həlli olmalıdır. Bütün bunları görməzdən gəlib 1 il sonra keçiriləcək seçkilərdə hansısa formada nailiyyətlərin əldə olunacağını gözləmək, qəribə görünür. Bir çox ölkələrdə siyasi məhbus propblemi həll olunmayıbsa, siyasi iştirak, həmrəylik, dialoq yaranmır. Məsələn, Belarusda siyasi məhbus problemi həll olunduqdan sonra cəmiyyətdə siyasi gərginlik aradan qalxdı, yaxud Ermənistanı xatırlaya bilərik. Azərbaycanda da əsas gərginlik siyasi məhbuslarla bağlıdır. 130 nəfərdən artıq siyasi məhbusu olan ölkədə seçkidən, siyasi iştirakdan və hakimiyyətlə bir masa arxasında oturmaqdan necə danışmaq olar? Siyasi repressiyalar aradan qalxmayınca heç bir problem həll olunmayacaq. Ona görə bütün proqressiv qüvvələr diqqəti bu məsələyə yönəltməlidir”.

Xatırlatma

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq bloqer barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb.

XS
SM
MD
LG