Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:28

Ermənistan da itkiləri açıqlayır [Video]


'Hədəf rus qoşunlarını Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməkdir' - Ekspert
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

'Hədəf rus qoşunlarını Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməkdir' - Ekspert

Ermənistan da itkiləri açıqlayır

Ermənistan toqquşmalar zamanı mayor Qaruş Hambartsumyan və kapitan Sos Elbakyanın həlak olduğunu açıqlayıb. Məlumatı Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan verib.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin sərhəddə "təcavüzkar" hərəkətləri davam etdirdiyini bildirir.

+++

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən daha bir neçə hərbçi həlak olub.

Bunlar Azərbaycan Ordusunun hərbi qulluqçuları - mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadədir.

General və polkovnik həlak olub

Bu gün – iyulun 14-də səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olublar. Bu haqda jurnalistlərə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib. Onun sözlərinə görə, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib.

"İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib", - nazir müavini deyib.

Bundan başqa, iyulun 14-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxsin həlak olduğu deyilir. Həmin şəxs Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizovdur.

Ermənistan tərəfi insan tələfatı haqda, hələlik, məlumat yaymayıb.

Ermənistanın hərbi obyektlərinə zərbə endirilib - MN

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iyulun 13-də Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu darmadağın edilib.

Ermənistanın Müdafiə Nazirliyi itkilərin olmadığını deyir, bu məlumatları "dezinformasiya" adlandırır.

Təhlükəsizlik Şurasının iclası keçirilib

İyulun 13-də prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib, daha sonra iclas qapalı rejimdə davam edib.

"Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb", - prezident TŞ-nin iclasında deyib. Onun sözlərinə görə, Tovuz istiqamətində baş verənlər hərbi təxribatdır və Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb, Azərbaycanın əraziləri nəzarət altındadır: "Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır".

İ.Əliyev vəziyyət imkan verən kimi xarici ölkələrin Azərbaycandakı hərbi nümayəndələrinin həmin əraziyə dəvət olunacağını, "hərbi təxribat"ın kimin tərəfindən törədilməsini öz gözləri ilə görmələrinə şərait yaradılacağını da qeyd edib.

İyulun 12-də Azərbaycan Ermənistan sərhədində atəşkəs pozulub. Azərbaycan tərəfi 4 hərbçinin ölməsi, 4-nün yaralanması haqda məlumat yayıb. Müdafiə Nazirliyi qarşı tərəfin də itki verdiyini bəyan etsə də, Ermənistan Müdafiə Nazirliyi itki olmadığını, atəşkəsi Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu bildirir.

Sərhəddə gərginlik davam edir, ölən var

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə gərginlik davam edib. Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Rəşad Mahmudov həyatını itirib. Bu haqda Müdafiə Nazirliyinin xəbərində deyilir. Beləliklə, son bir gündə həlak olan hərbçilərin sayı 4 olub.

MN bildirir ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bununla bağlı Azərbaycan tərəfi videogörüntü də yayıb.

Nazirlik Ermənistanın itkilər barədə məlumatları gizlətdiyini iddia edir.

Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 70 dəfə pozduğunu bildirir.

+++

Müdafiə Nazirliyinin məlumatına görə iyulun 12-də Tovuz istiqamətində atışmada həlak olanların sayı 3 nəfərdir.

Bunlardan ikisi çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədovdur.

Nazirlik bildirir ki, ağır yaralanan əsgər Xəyyam Daşdəmirov da vəfat edib.

İki əsgər həlak olub, 5 nəfər yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Müdafiə Nazirliyi bildirir ki, görülən adekvat tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib, o, itki verərək geri otuzdurulub.

Nazirlik döyüş nəticəsində Azərbaycan Ordusunun hərbçilərindən 2 nəfərin həlak olduğu, 5 nəfərinsə yaralandığı bildirir.

Ermənistan Müdafiə Nazirliyindən

Ermənistan Müdafiə Nazirliyi vəziyyətin gərginləşməsində Azərbaycanı ittiham edir.

"Azərbaycan hərbçiləri saat 12:30 radələrində bizə məlum olmayan səbəbdən UAZ markalı avtomobillə Tavuş rayonu istiqamətində sərhədi pozmağa cəhd ediblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra hərbçilər öz mövqelərinə geri dönüblər. 13:45 radələrində isə Azərbaycan hərbçiləri artilleriya atəşindən istifadə edərək bizim müdafiə punktumuzu ələ keçirməyə çalışıblar. Canlı itki verən qarşı tərəf geri çəkilib, ermənilər tərəfindən itki yoxdur", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan vurğulayıb.

Azərbaycanın Müdafiə Nazirliyi isə təxribatın Ermənistan silahlı bölmələri tərəfindən törədildiyini bildirir.

Xatırlatma

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə sürüb və daha sonra münaqişə böyüyərək müharibəyə çevrilib. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunu Ermənistan işğal edib. 1994-cü ildə atəşkəs razılaşması imzalanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Koronavirus pandemiyası ilə bağlı son belə müzakirələr videokonfrans formatında aparılır.

XS
SM
MD
LG