Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:23

'Gədəbəy hadisələrinə görə kimisə qurban vermək lazım idi, çamır atıb, həbsimə nail oldular'


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Keçmiş deputat Nazim Bəydəmirli deyir ki, həbsdə olduğu 10 ayı aşan müddətdə ona dəfələrlə vədlər verilib, həbsinin anlaşılmazlıq olduğu və tezliklə aradan qalxacağı bildirilib. Bu üzdən, o da gözləmə mövqeyi tutub, hətta Avropa Məhkəməsinə də şikayət göndərməyib. Onun sözlərinə görə, zaman ötdükcə, vədlərin yalan olduğu aydınlaşıb.

"Mənə, yoldaşıma deyirdilər ki, "bir anlaşılmazlıqdır, düzələcək, ictimailəşdirməyin". Biz də inanırdıq. Mən Avropa Məhkəməsinə, beynəlxalq təşkilatlara da şikayət eləməmişəm. Sonuncu dəfə istintaqın sonunda mənə dedilər ki, Rusiya epizoduna xitam veriləcək. İttiham aktını mənə gətirib verəndə gördüm ki, bu da yalan oldu", - keçmiş deputat mayın 13-də öz məhkəməsində ifadə verərkən bu haqda danışıb.

N.Bəydəmirlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona 1996-cı ildə Rusiyada azərbaycanlı işadamı Mürsəl İbrahimovu, ötən ilsə Bakıda "Avto-Qarant" ASC-nin rəhbəri Ədalət Bağırovu şantaj edib onlardan pul almaqla bağlı ittiham verilib.

Cinayət işində iddia edilir ki, N.Bəydəmirli spirtli içki biznesi ilə məşğul olan M.İbrahimovu kriminal aləmdəkilər vasitəsi ilə özünü və ailəsini cəzalandırmaqla hədələyib. Tələbi də bu olub ki, biznesə yatırdığı 40 min dollardan imtina etsin, üstəlik, ona 70 min dollar versin. M.İbrahimov da şantajdan çəkinərək 40 min dollarlıq yatırımdan imtina edib və N.Bəydəmirliyə öncə 28 min, ardından daha 30 min dollar verib.

Ə.Bağırov ilə bağlı ittihama gəlincə, onun intim görüntülərinin yayılması ilə hədələndiyi iddia edilir. İttihama görə, N.Bəydəmirli ondan 50 min manat istəyib, amma 10 min manat alıb.

Adları çəkilən şəxslərin hər ikisi zərərçəkmiş qismində tanınsalar da, məhkəmə iclaslarına gəlmirlər.

N.Bəydəmirli deyir ki, hər iki ittiham saxtadır, belə olaylar yaşanmayıb. Sabiq deputatın sözlərinə görə, ötən ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə əlaqədar kimisə qurban vermək lazım idi, onu seçiblər.

Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan suyun gölü zəhərləməsinə və bunun da əhaliyə mənfi təsirinə etiraz edirdilər.

"Nə iqtidara aidiyyətim var, nə də müxalifətə"

N.Bəydəmirli yada salır ki, 2009-cu ildə sözügedən zavodun açılışına prezident və zavodun direktoru ilə yanaşı, Gədəbəyin deputatı kimi, o da qatılıb. Bu üzdən, ötən ilin iyununda etirazlar və ardınca həbslər yaşanarkən o da bu olaylara baxışını dilə gətirib. Az sonra da müxtəlif saytlarda Söyüdlü olaylarının təşkilatçılarından biri kimi qələmə verilib: "Bu, quru çamır atmaq idi. Mənim fəaliyyətimdə dövlətin, xalqın, prezidentin mənafeyinə zidd heç nə olmayıb. Həbsimdən az sonra prezident də Söyüdlü hadisələri barədə danışarkən məlum oldu ki, bu məsələdə fikirlərimiz üst-üstə düşür. Mən indiyədək prezidenti heç tənqid də eləməmişəm. Nə iqtidara aidiyyətim var, nə müxalifətə. Gədəbəy hadisələrinə görə kimisə qurban vermək lazım idi, o da mən oldum. Çamır atıb, həbsimə nail oldular".

Sabiq deputat ona verilən ittihamlardan danışarkən deyib ki, "Avto-Qarant" şirkəti səhmlərinin 30 faizini bankdan götürdüyü kredit ilə hərracda alıb. Amma uzun illər Ə.Bağırov onu sahib olduğu əmlaka yaxın buraxmayıb. Bu üzdən, son 10 ildə aralarında davamlı mübahisələr, məhkəmə çəkişməsi olub.

N.Bəydəmirlinin sözlərinə görə, əmlakından istifadə hüququnun məhdudlaşdırılması ilə əlaqədar dövlət orqanlarına şikayətlər göndərib, hətta baş prokuror Kamran Əliyevin, daxili işlər naziri Vilayət Eyvazovun, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin də qəbulunda olub: "Tutulduğum gün "bandotdel"ə şikayətimin nəticəsi ilə maraqlanmaq üçün gəlmişdim. Üç saat saxlayıb özümə ittiham verdilər. Ədalət Bağırov elə biridir ki, öz anası, qardaşı belə, ondan şikayət edib. Öz əmisi oğlunu tutdurub".

Keçmiş deputat ifadəsinin sonunda özünü "ekologiya məhbusu" saydığını söyləyib. O vurğulayıb ki, Azərbaycanda bu il COP29 beynəlxalq forumu keçiriləcək: "Bu durumda ev sahibi olan ölkədə "ekologiya məhbusu"nun olması nə dövlətə, nə də hüquq-mühafizə orqanlarına başucalığı gətirir".

Xatırlatma

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə saxlanıb. Ertəsi gün məhkəmədə onun haqqında həbs qərarı verilib.

İttihamı rədd edən Bəydəmirli onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb.

Sentyabrın 1-də ona qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O bu ittihamı da qəbul etmir.

Həmin maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG