Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 16:38

Qadınlar hansı halları zorakılıq saymır?


Zorakılıq
Zorakılıq

Artıq bilinir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda zorakılığa məruz qalan şəxslər arasında sorğu keçirib və bunun əsasında araşdırma aparıb. Komitəyə zorakılığa məruz qalması ilə bağlı müraciət edənlər, eləcə də Bakı və Gəncə şəhərlərində sığınacaqlarda məskunlaşan zorakılıq qurbanları sorğuya cəlb edilib.

Məişət zorakılığının əsas səbəbləri

Qeyd edilən sorğu çərçivəsində zorakılığa məruz qalanlara müxtəlif səbəblər təqdim edilib və bu səbəblərin onların zorakılığa məruz qalmasında rolunun olub-olmadığı soruşulub. Cavabların təhlili göstərir ki, respondentlər ən çox "hesab edir ki, ailədə hər kəs onun iradəsinə sözsüz tabe olmalıdır və bu, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi normadır" variantının zorakılığa məruz qalmalarında rol oynadığını düşünür. Rəyi soruşulanların 71 faizi bu fikirdədir.

Ailədaxili münasibətlərə kənar şəxslərin (qaynana, baldız, bibi, xala, dayı, əmi, dost, rəfiqə və s.) müdaxiləsi də məişət zorakılığının baş verməsinə ciddi təsir göstərir. Respondentlərin 62 faizi bu halların məişət zorakılığının baş verməsində rolunun çox olduğunu düşünür. Məişət zorakılığının başvermə səbəbi olaraq ən çox seçilən üçüncü cavab variantı alkoqollu içkilər və narkotik vasitələrdir. Sorğuya qatılanların 61 faizi bu halları zorakılığın başlıca səbəbləri kimi göstərib. Respondentlərin 56 faizi isə düşünür ki, zorakılıq göstərən şəxsin xarakterinin zorakılığa meylli olması belə hadisələrin baş verməsinin əsas səbəbidir.

Sorğu nəticələrindən aydın olur ki, maddi çətinliklər də zorakılığa yol açır. Respondentlərin 54 faizi maddi çətinliklərin onların məişət zorakılığına məruz qalmasında rolunun olduğunu bildirib.

Partnyorunun onun pulunu götürməsi...

Komitə araşdırma çərçivəsində zorakılığa məruz qalan şəxslərdən hansı halları zorakılıq saymadıqlarını da soruşub. Sorğu iştirakçılarının hamısı döyülməyi və təhqiri zorakılıq saydıqlarını söyləyib. Ancaq sorğu sonuclarından aydın olur ki, qadınlar heç də bütün zorakılıq hallarını zorakılıq olaraq qəbul etmirlər. Məsələn, rəyi öyrənilənlərin 60 faizi bildirib ki, partnyoru tərəfindən dostları və qohumları ilə görüşməsinin qadağan edilməsi, onlarla ünsiyyətə müdaxilə zorakılıq deyil. Rəyi soruşulanların daha 30 faizi bildirib ki, işləmək və təhsil almaqla bağlı qadağaların tətbiq edilməsi də zorakılıq deyil. Sorğuya qatılanların 31 faizi gərəkli əşyaları (yemək, geyim, ayaqqabı, gigiyena məhsulları və s.) almaq üçün onlara pul verilməməsini zorakılıq saymadığını bildirib. Sorğu iştirakçılarının 32 faizlik bölümü isə partnyorunun onun pulunu götürməsini, şəxsi puluna müstəqil sərəncam verməyə icazə verməməsini zorakılıq saymayıb.

Bütün bu cavablardan aydın olur ki, qadınların məişət zorakılığından qorunması üçün müdafiə mexanizmlərinin yaxşılaşdırılması ilə yanaşı, zorakılıqla bağlı bilgiləndirmə işlərinin aparılmasına da ehtiyac var. Axı bəzi hallarda qadınlar, əslində, məruz qaldıqlarının zorakılıq olduğunun belə fərqində deyillər. Bu problemin həlli baxımından dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də faydalı rol oynaya bilər, çünki maarifləndirmə, ictimai vəkillik, monitorinq, ictimai nəzarət bu qurumların əsas fəaliyyət istiqamətləri arasındadır. Di gəl, unutmaq olmaz ki, Azərbaycanda mövcud qanunvericilik bazasının ağırlaşdırılması bir çox QHT və təşəbbüs qrupunun işini çətinləşdirir. Eyni zamanda, hökumətə yaxın media orqanlarında, sosial şəbəkələrdə qadın haqları aktivistlərinə qarşı kampaniyalar aparılır. Bu baxımdan, ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün daha yaxşı mühitin yaradılması da məişət zorakılığının azaldılması istiqamətində müsbət imkanlar yarada bilər.

Zorakılığa məruz qalanların müraciətlərinə necə baxılır?

Deyildiyi kimi, Azərbaycanda məişət zorakılığı ilə bağlı ən çox narazılıq doğuran məqamlardan biri hüquq-mühafizə orqanlarının bu tip məsələlərə qeyri-adekvat yanaşmasıdır. İndiyədək polisin zərərçəkmişin şikayətinə vaxtında reaksiya verməməsi bir neçə dəfə qadınların öldürülməsi ilə nəticələnib. Qadın haqları müdafiəçiləri tez-tez qeyd edirlər ki, polislər məişət zorakılığı ilə bağlı işlərdə tərəfləri barışığa məcbur edən addımlar atırlar. Məişət zorakılığına məruz qalan, amma zorakılıq göstərən şəxslə barışan respondentlərin 26 faizi bildirib ki, onlar barışığa məcbur ediliblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gerçəkləşdirdiyi araşdırma da göstərir ki, məişət zorakılığına məruz qalanlar dövlət orqanlarının məsələyə yanaşmasından razı deyillər. Sorğunun nəticələrinə görə, zorakılığa məruz qalmalarına dair dövlət orqanlarına müraciət edən şəxslərin 33 faizi bildirib ki, onlar dövlət qurumlarının fəaliyyətindən razı qalmayıblar. Respondentlərin 42 faizi dövlət qurumlarının fəaliyyətindən qismən razı qalıb. Sorğu iştirakçılarının cəmi 25 faizi dövlət qurumlarının fəaliyyətindən razı qaldığını söyləyib.

XS
SM
MD
LG