Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:01

1 milyonluq saxta diplom qalmaqalı direktoru xəstəxanaya saldı


Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qanunsuz yollarla qəbul, saxta diplom verilməsi halları ilə əlaqədar yarımildən çoxdur gedən məhkəmə qeyri-müəyyən vaxta ertələnib. Buna səbəb isə filialın keçmiş direktoru, 600-dən çox tələbə və valideyni aldatmaqda suçlanan Ramiz Məmmədovun xəstəxanaya düşməsidir.

İttihama görə, Ramiz Məmmədov instituta yerləşdirmək, diplom vermək adı ilə adamlara toplam 922 min 660 manat ziyan vurub.

HƏBS TƏLƏBİ BAXILMAMIŞ SAXLANIB

Ramiz Məmmədov cinayət məsuliyyətinə cəlb olunsa da, həbs edilməyib. İstintaq və məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə fevralın 16-da keçirilən məhkəmədə zərərçəkmişlər dərhal ya pullarının qaytarılması, ya da Ramiz Məmmədovun həbs olunmasını tələb eləmişdilər. Hakim də Ramiz Məmmədova problemi həll etməyə bir gün vaxt vermişdi.

Buna da bax-Saxta diplomlarda deputatın imzası var...

Məhkəməyə verilən məlumata görə, sonuncu iclasdan sonra R.Məmmədovun vəziyyəti pisləşib. Ürəyində problem olan Məmmədovun şəkəri də kəskin qalxıb və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zabil Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası zərərçəkmişlərin həbs tələbi ilə bağlı vəsatətini bu üzdən baxılmamış saxlayıb və məhkəmə prosesini qeyri-müəyyən vaxta qədər təxirə salıb.

«YAXŞI BİLİRSƏN PUL KİMƏ VERİLİB»

Vətəndaşları aldadıb pullarını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan Ramiz Məmmədov ittihamı qəbul etmir. O, ötən məhkəmə iclasında da zərərçəkmişlərin «pul və ya həbs» tələbinə cavab olaraq bildirmişdi ki, heç bir günahı yoxdur, sadəcə, icraçı olub.

«Özün də yaxşı bilirsən ki, pul kimə verilib», – keçmiş filial müdiri zərərçəkən İdris Əliyevə belə demişdi.

Gəncə filialı bağlanarkən, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı idi. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri olan deputat sözügedən filialdakı qanunsuzluqlardan xəbərsiz olduğunu desə də, məzunlara verilən, amma saxta olduğu iddia edilən diplomlarda onun imzası var.

İnstitutun Gəncə filialı bağlanandan sonra 650-yə qədər tələbənin taleyi hələ də sual altındadır.

XS
SM
MD
LG