Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:33

Korrupsiya yemi baraklar. 'Az qalır, siçan yeyib, ilanla yataq'


Bu evlər uzaqdan cəlbedici görünür... Yaxınlaşdıqca...
Bu evlər uzaqdan cəlbedici görünür... Yaxınlaşdıqca...

Sumqayıt avtovağzalından yarım saatlıq məsafədə yerləşən taxta evlər. Ötən əsrin ortalarında tikilən bu evlər uzaqdan cəlbedici görünür... Yaxınlaşdıqca nəmişlik qoxusu gəlir...

"Zirzəminin, döşəmənin taxtaları çürüyür deyə, evin altından siçan, kərtənkələ, ilan çıxır. Bir neçə həftə əvvəl səhər oyandım, gördüm ki, üstümdən bir ilan keçir. 102-ə zəng etmişəm, gülürlər, inanmırlar. Güldükləri həyatı yaşayıram", – "İnşaatçılar" massivindəki barakların birində yaşayan Xanımağa Ədilxanova AzadlıqRadiosuna danışır.

Üç-beş il sonra 100 yaşı tamam olacaq

"Təmir eləməkdən yorulmuşuq. Evin üç-beş il sonra 100 yaşı tamam olacaq, hələ də burada qalırıq. Qışda şkafların üstünə qab qoyuruq ki, damdan axan su tökülsün. İki-üç saatdan bir o qabı dəyişirik. Nəmişlik iyindən evdə oturmaq mümkün deyil. Divarın oboyları nəmişlikdən sökülür, tavan çatlayır, qapı-pəncərə laxlayır", – Ədilxanova gileylənir. O, qışda evdə qazı çox yandırmaqdan qorxur, elektrik qızdırıcısına üstünlük verir, amma...

Evin üç-beş il sonra 100 yaşı tamam olacaq.
Evin üç-beş il sonra 100 yaşı tamam olacaq.

"Plitka yandırıram, o da çox pul yazır. İşıq sönəndə şam da yandırmıram ki, birdən düşər, alışar, ev yanar. Gözümüz qorxub, qonşuda bir balaca qığılcımdan evin bir hissəsi yanmışdı. Adamlar özlərini güc-bəla çölə atdılar", – qadın çarəsiz və kövrək baxışlarla söyləyir.

Baraklar başqa səbəbdən tikilmişdi, amma...

Barak - müvəqqəti, tez və ucuz ərsəyə gələn ucuz tikili deməkdir. Baraklar, əsasən, taxtadan, bəzi regionlarda isə daha ucuz və tez əldə olunduğuna görə daşdan tikilib. İlk barakların tarixi 18-19-cu əsrlərə gedib çıxsa da, keçmiş SSRİ ərazisində 1945-ci ildən sonra tikilməyə başladı. İkinci Dünya müharibəsindən sonra alman əsirlər Sumqayıtda "İnşaatçılar" massivi adlanan ərazidə müvəqqəti olaraq bir- və ikimərtəbəli taxta fin evləri tikmişdi. Bir müddət sonra bu evdə yaşayan əsirləri yerli əhali əvəzlədi.

AzadlıqRadiosu 10 il əvvəl bu evlərdə yaşayanlardan yazmışdı.

Radio 2011-ci ilin dövlət büdcəsinin Ehtiyat Fondundan bu evlərin tam və ya qismən sökülərək yerində yeni binaların tikilməsi üçün 400 min manat ayrıldığını üzə çıxarmışdı. Nazirlər Kabinetinin sözügedən qərarının 11 yaşı tamam olub, sonradan bu məqsədlə vəsaitin ayrılıb-ayrılmadığı, pulun necə xərcləndiyi bəlli deyil. Bilinən isə 10-dan çox barakda hələ də həyatın davam etməsidir. Amma necə...

Təmir edilsə də, düzəlməyən taxta daxmalar

30 ilə yaxındır barakda yaşayan 65-yaşlı Xanım adlı sakin evini hər neçə ildən bir təmir etdiyini deyir: "Qızımı gəlin köçürməli idim deyə, iki ay əvvəl evi təzədən təmir etdim. Sonuncu dəfə də beş il əvvəl o biri qızımın toyunda ev-eşiyi abıra salmışdıq. Divarlar nəmdən çatlayıb, üstünə oboy vurub gizlədirik. Oboy da uzağı üç-dörd aya sökülür. Qudalarım evə gələndə siçan, nəmişlik iyindən otura bilməmişdi. Hətta düşünün, qızımın elçiliyi günü otağın düz ortasında qızımın qaynanası siçan gördü qışqırdı. Kərtənkələlər ev yiyəsinə çevrilib".

"Qudalarım evə gələndə siçan, nəmişlik iyindən otura bilməmişdi".
"Qudalarım evə gələndə siçan, nəmişlik iyindən otura bilməmişdi".

Baraklarda qaz, su boruları tikililərin həyətində ev qapısından darvazaya kimi uzanan talvarlara bərkidilib. Sakinlər boruların bu vəziyyətindən də narahatdır. "Möhkəm külək olsa, borular evin üstünə düşə bilər. Qaz borusu partlayıb eləsə, taxtalar alışıb yanacaq, nə ev qalacaq, nə də biz", – müsahibimiz deyir.

Sirli çardaqlar, xəstəlik yuvası, daha nələr...

Barakların yuxarı mərtəbəsinə qalxanda taxta pillələr laxlayır. Sakinlərin köməyi ilə ikinci mərtəbəyə çıxırıq, uçuq tavanda qapı gözə dəyir. Sakinlər bu qapının çardağın qapısı olduğunu söyləyir, uçuq tavanın o tayında, çardaqda narkotik istifadəçilərinin məskunlaşdığını iddia edir. Bu arada çardaqdan bəzi səslər də eşidilir...

"Barakların çardağına ancaq dünya-aləm vecinə olmayanlar çıxa bilir. Bu xarabaxanaların çardaqları da oğru, narkoman yuvası olub", – sakin danışır.

Buranın sakinləri həm də xəstəlik tapdıqlarını deyirlər. Nəmişlikdən böyrək xəstəsinə çevrildiyini deyən sakin gileylənir ki, "ev deyil, dərd saçan avtomatdır. Bu evdə az qalır siçan yeyib, ilanla yatıb, suyun içində evdə oturaq".

Sakinlər çardaqda narkotik istifadəçilərinin məskunlaşdığını iddia edirlər.
Sakinlər çardaqda narkotik istifadəçilərinin məskunlaşdığını iddia edirlər.

Nə sata bilirlər, nə də...

İkimərtəbəli barakda yaşayan sakinlərdən biri danışır ki, vaxtaşırı bu tikililəri satışa çıxarırlar. Lakin təklif edilən məbləğ sakinlərin yeni ev almasına kifayət etmir.

"Təxminən dörd il əvvəl bir özəl tikinti şirkəti gəlmişdi. Mənim bu üçotaqlı, mətbəx hamam və tualeti olan daxmama cəmi 7 min manat təklif etdi. Mən o pula altınəfərlik ailəmi harada saxlayacam? Birotaqlı evə də bəs etmir. Dövlət onsuz da bizi görmür, barakda yaşayanlara gələndə hakimiyyət kor olur. Fərdi adamlar gəlir, çöldən görüntüsünə baxır, bəyənir. İçəri girəndə üfunət iyindən qaçır. Üstü bəzək, altı təzək bu baraklarda uşaq böyütməkdən yorulduq", – o, AzadlıqRadiosuna danışır.

Barak sakinlərindən Xanımağa Ədilxanova da rəsmi qurumların laqeydliyindən gileylənir. Deyir ki, onun təşkilatçılığı ilə dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlansa da, nə dərdlərinə qulaq asan, nə də çarə qılan tapılır.

"Qışda şkafların üstünə qab qoyuruq ki, damdan axan su tökülsün".
"Qışda şkafların üstünə qab qoyuruq ki, damdan axan su tökülsün".

"Sumqayıt şəhər İcra Hakimiyyətindən deyilir ki, "bacı, vallah-billah, söküləcək, xərc tökməyin, dərd çəkməyin". Amma sözdə demək asandır, biz burada problem içində batırıq", – Ədilxanova şikayətlənir.

Narazı vətəndaşlar sonuncu ərizələrini bu ilin sentyabrında veriblər. Sakinlərin sözlərinə görə, vəd verilib ki, evlər plana düşüb yeniləri tikiləcək.

Hələ 10 il əvvəl AzadlıqRadiosuna bu problemdən danışan Könül Xələfova isə bir il olar vədlərdən əlini üzüb. O deyir ki, borca girərək baraklardan başını götürüb qaçıb.

"Siz 10 il əvvəl evə gələndə görmüşdünüz də, nə gündədir. Təsəvvür edin ki, 10 qat artmışdı. Yanğına görə qazı yandıra bilmirdik. Siçan, kərtənkələ əlindən otura bilmirdik. Satmaq istəyirdik, çox az pul təklif edirdilər. İndi də aşağı qiymətə kirayə vermişəm oranı, özüm də şəhərin başqa ərazisinə köçmüşəm. Plana düşsə, ev alardıq, amma heç inanmıram. Yarım əsrdən çox yaşı var, heç kimin vecinə deyil halımız", – Xələfova deyib.

"Çöldən görüntüsünə baxır, bəyənir. İçəri girəndə üfunət iyindən qaçır".
"Çöldən görüntüsünə baxır, bəyənir. İçəri girəndə üfunət iyindən qaçır".

Baraklar barədə qərarlar kağız üzərində qalır

Memar Dilqəm İsmayılov AzadlıqRadiosuna müsahibəsində deyib ki, barakların istismar müddəti minimum 10, maksimum isə 20 il nəzərdə tutulub. Ancaq Sumqayıtdakı barakların tikilmə tarixindən 70 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də orada insanlar yaşayır. "Rusiyadakı barakların, demək olar ki, hamısı taxtadan tikilmişdi. Çünki həm oranın iqlimi buna imkan verirdi, həm də regionda ən əlçatımlı tikinti materialı taxta idi. Bu baraklarda ayrıca sanitar qovşaq və mətbəx nəzərdə tutulmurdu. Ancaq Sumqayıtdakı barakların hansı səbəbdən taxtadan tikilməsi naməlumdur. Çünki taxta baraklar həm Abşeron iqliminə uyğun deyil, həm də rentabelli deyildi. Keçmiş Sovet ölkələrinin bir çoxunda bu barakların sökülməsi ilə bağlı qərarlar var. Məsələn, ilk belə qərarlardan birini Rusiyada hələ 1998-ci ildə qəbul edilib. Azərbaycanda da qərarlar olub, amma bir çoxu kağız üzərində qalıb. Qəzalı olmaqla yanaşı, antisanitariya mənbəyi olan bu barakların ən qısa müddətdə sökülməsi lazımdır", – o bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov 2011-ci ildə deyirdi ki, "İnşaatçılar" massivində məcburi köçkünlər üçün çoxmərtəbəli binalardan ibarət "Yeni Sumqayıt" yaşayış massivi salınacaq. Həsənov bu ərazidəki evlərin istismar müddətini başa vurduğunu da vurğulayırdı.

"Baraka ayrılan pul bu ölkədə qəlibləşmiş korrupsiya alətidir".
"Baraka ayrılan pul bu ölkədə qəlibləşmiş korrupsiya alətidir".

İcra hakimiyyəti deyir ki...

Üstündən 10 il keçəndən sonra, 2022-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, həmin evlərin sökülüb yenidən tikilməsi prosesinə start verilib. Sumqayıt İH-dən deyilib ki, sahibkarlar tərəfindən taxta və daş evlər müasir tikililər ilə əvəz ediləcək.

Ancaq AzadlıqRadiosunun əməkdaşı sözügedən massivdə hər hansı tikinti işlərinə rast gəlməyib. Bir neçə sakin bu yaxınlarda belə vədlər aldıqlarını desələr də, sənədləşmə işləri aparılmayıb. Buna görə də əhali onlara deyilən sözləri illərdir aldıqları boş vədlərin davamı hesab edir.

Radionun Sumqayıt şəhər İcra Hakimiyyətinə barakların sökülməsinin niyə gecikməsi, eləcə də bununla bağlı ayrılan məbləğin aqibəti barədə sualları cavabsız qaldı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də AzadlıqRadiosunun zənglərinə cavab vermədi.

"Tavan çatlayır, qapı-pəncərə laxlayır".
"Tavan çatlayır, qapı-pəncərə laxlayır".

FHN icra hakimiyyətindən müraciət almayıb

Prosedur belədir ki, yaşayış evlərinin qəzalı olması barədə sakinlərin müraciətinə əsasən icra hakimiyyəti Fövqəladə Hallar Nazirliyini binaya baxış üçün əraziyə dəvət etməlidir. Həmin texniki baxışdan sonra sakinlərin oradan köçürülməsi haqda FHN də aidiyyəti üzrə müraciətlər edir. AzadlıqRadiosunun FHN-dəki mənbədən əldə etdiyi məlumata görə, icra hakimiyyətindən onlara hər hansı müraciət daxil olmayıb. İcra hakimiyyəti isə bununla bağlı radionun sualını cavabsız qoydu.

Barakların sökülüb-sökülməməsi, sakinlərin köçürülməsi barədə qərarı Nazirlər Kabineti verməlidir. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, üç-dörd il əvvəl sakinlər özləri Nazirlər Kabinetinə yazılı müraciət ünvanlayıb. Həmin müraciətin aqibəti haqda Nazirlər Kabinetindən cavab almaq mümkün olmadı.

Taxta evlərin sökülməsi də korrupsiyanın bir qolu idi

Memar Dilqəm İsmayılov köhnə tikililərin sökülməsi və yeni evlərin tikilməsi prosesində xərclənən pulun hesabatının verilməməsinə diqqət çəkir: "Vaxtilə 400 min manat neçə evə ayrılıb, nəyə xərclənib, bilinmir. Həmin pul mənimsənilmiş də ola bilər. Ümumiyyətlə, köhnə binalar sökülməzdən əvvəl yeni binalar üçün layihə hazırlanmalıdır. Layihənin smetası təqdim olunmalıdır. Özəl, yaxud dövlət tərəfindən həmin pul veriləndən sonra şəffaflıq üçün xərclənmə barədə hesabat da lazımdır".

"İcra hakimiyyətindən deyilir ki, "vallah-billah, söküləcək, xərc tökməyin". Amma...".
"İcra hakimiyyətindən deyilir ki, "vallah-billah, söküləcək, xərc tökməyin". Amma...".

İqtisadçı Fərid Abbasov isə barakların büdcədən pul silinməsi mexanizmində xüsusi rolu olduğunu vurğulayır. O, Sumqayıtda yaşayan məcburi köçkünlər üçün hər il müxtəlif ad altında pul ayrıldığını qeyd edir.

"400 min manat əslində evlərin yenilənməsi üçün az pul idi. Nəzərə alsaq ki, orada azı 40 ailə var, onların yaşamağı üçün tikilən ev sayı və şəraiti 400 min manat ilə həll edilə bilməzdi. Baraka ayrılan pul bu ölkədə qəlibləşmiş korrupsiya alətidir. Büdcədən pul silmək üçün belə işləməyən layihələr ortaya atılır. Bəzi hallarda ayrılan pul çatmır deyə, əlavəsi verilir. Bu araşdırılsa, altından böyük bir şəbəkə çıxacaq ki, korrupsiya aləti kimi layihələr yazmaqla məşğuldur. Xarici ölkələrdə tikinti layihələrinə pul ayrılması qaydaları var, onlar sayəsində bir əsrlik ev belə yaşamalı olur, ağlamalı yox", – iqtisadçı bildirir.

"Başımıza uçmadan bizi bu evdən çıxarın"

100-ə yaxın yaşı olan bu taxta evlərin bir gün söküləcəyi qaçılmazdır. Sakinlər baraklardan qurtulmaq üçün bütün variantlara hazır olduqlarını deyirlər.

"Bu evlər başımıza uçmadan bizi xilas etsinlər. Prezidentdən xahiş edirik ki, nəmişlik və siçanlar ilə birgə yaşayıb birgə ölməyimizə göz yummasın", – orada yaşayan sakinlər deyir.

...Hava qaraldıqca evlərdən gələn nəm qoxusu isə artır. Evlərdə qaçaqaç başlayır. Kimi siçan tələsini qurur, kimi elektrik sobasını yandırır.

Döşəmənin aralanmış taxtasından evin ikinci mərtəbəsinə dırmaşan siçan sanki baxışları ilə sakinlərin giley-güzəranı təsdiqləyir... Bu yaşam mücadiləsi hələ bir 10 il də davam edəcəkmi, bunu nə o siçan bilir, nə də barak sakinləri…

XS
SM
MD
LG