Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:29

Talassemiyalı uşaqlar ilə bağlı 1 milyon manatlıq dələduzluqda məşhur klinikaların adı keçir


Hospital
Hospital

Talassemiyalı uşaqların xaricdə müalicəsi adı ilə onların valideynlərinin aldadılması ilə bağlı 1 milyon manatlıq dələduzluq işində Bakıdakı bir sıra məşhur özəl klinikaların adı keçir. Bunların arasında "Mərkəzi Klinika", "Bona Dea Hospital", "Mərkəzi Gömrük Hospitalı" da var. İddia olunur ki, aldadılan valideynlərin bir çoxunu şirkətə xaricdə müalicə adı ilə bu klinikalardan göndəriblər. Dələduzluqda suçlananlardan biri – Aysel Məmmədova bu haqda məhkəmədə danışıb.

Bu cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə üç nəfər çıxarılıb – "Urmedhelp" və "My Doc Tour" şirkətlərinin rəhbəri Nuridə Seyidova, onunla birlikdə işləmiş həkim Aysel MəmmədovaAynur Bayramova. Adları çəkilənlərdən N.Seyidova və A.Bayramova həbsdədir, A.Məmmədova haqqında isə məhkəmənin hökmünədək alternativ qətimkan tədbiri seçilib. O, məhkəməyə evindən gedib-gəlir. Amma onların üçü də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddədə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

36 nəfər aldadılıb?

İddia edilir ki, talassemiyalı uşaqların valideynlərinə N.Seyidovanın rəhbərlik etdiyi şirkətlərin bu xəstəlikdən əziyyət çəkən uşaqları Türkiyəyə müalicəyə göndərdiyi deyilib. Onlara bildirilib ki, müalicə xərclərinin bir hissəsini xarici donor təşkilatlar qarşılayır, qalan pulu onlar verməlidir. Cinayət işinin materiallarında, beləcə, 36 nəfər zərərçəkmişin aldadılmasından bəhs olunur.

Türkiyəli həkim: 'Azərbaycandan bizə daha çox qaraciyərlə bağlı müraciət edirlər'
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00

Zərərçəkənlər məhkəmədə təqsirləndirilən şəxslərə qarşı mülki iddialar qaldıraraq verdikləri pulların geri qaytarılmasını tələb edirlər. Onlardan bir neçəsi məhkəmədə verdikləri pulları bankdan kredit götürdüyünü, yaxud qohumlarından borc aldığını və bugünədək qaytarmadığını söyləyib.

Zərərçəkənlərdən bir neçəsi deyir ki, pulu verəndən sonra əməliyyat adı ilə Türkiyəyə gediblər. Orada bir müddət gözləsələr də, əməliyyat baş tutmayıb. Buna da əlavə xərcləri çıxdığından geri qayıdıblar.

Təqsirləndirilən şəxslərdən N.Seyidova və A.Bayramovaya məhkəmədə ifadə vermək təklif olunsa da, onlar hələ danışmaq istəməyiblər. Yalnız A.Məmmədova ifadə verib və özünü təqsirli bilmədiyini də söyləyib.

Azərbaycan Beynəlxalq Universitetində (2010-cu ildə lisenziyası ləğv edilib-red.) 7 il təhsil alıb "Müalicə işi" fakültəsini bitirdiyini deyən A.Məmmədova Yevlax rayonunda 5 il sahə həkimi işləyib. Orada öz istəyi ilə işdən ayrılandan sonra "Baku Medical Plaza"da həkim kimi çalışmağa başlayıb.

Digər təqsirləndirilən A.Bayramovanı 2022-ci ildən tanıdığını deyən A.Məmmədova bundan bir müddət sonra "Urmedhelp" və "My Doc Tour" şirkətlərində həkim-ekspert köməkçisi kimi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bunlar turizm şirkətləri olsa da, ağır xəstəliklərdən əziyyət çəkənlərin xarici ölkələrə müalicəyə göndərilməsi ilə məşğulmuş: "Amma bilmirəm ki, bundan ötrü lisenziya vardı, yoxsa yox. Bildiyimə görə, bizim şirkətin rəhbəri beynəlxalq donor təşkilatları ilə danışırlar aparır, razılıq alınırdı. Onların köməyi ilə xəstələr xaricə müalicəyə, əməliyyata göndərilirdi".

İcbari tibbi siğorta özünü doğrultdumu? – 'Həkimə böyük məbləğ vermirlər'
Gözlə

No media source currently available

0:00 0:08:18 0:00

Pul mühasibə ödənilib?

O vurğulayıb ki, xaricdə müalicəyə getmək istəyənləri onların yanına müxtəlif klinikalardan tanıdıqları həkimlər göndərirdi. Dediyinə görə, özü heç bir xəstə yaxınından pul almayıb, vəsait Toğrul adlı mühasibə ödənilib.

Qazancına gəlincə, bildirib ki, maaşı normal idi, üstəlik, xəstələrin klinikaya ödədiyi məbləğin 20 faizi də onlara çatırdı.

"Mərkəzi Gömrük Hospitalından həkim Mircəlal Kazımi var, qaraciyər və ilik transplantasiyası xəstələrini bizə yönləndirib. "Baku Medical Plaza", "Mərkəzi Klinika" və "Bona Dea Hospital"dan yönləndirilənlər olub. "Mərkəzi Klinika"dan Eldar doktor, "Bona Dea"dan isə Tariyel Əhmədov yadımda qalıb", - A.Məmmədovanın sözləridir.

O, mayın 15-də keçiriləcək növbəti məhkəmə iclasında sualları cavablandıracaq.

XS
SM
MD
LG