Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:39

Harris-Tramp debatı necə keçdi – təhlil


Keçmiş prezident Donald Tramp və vitse-prezident Kamala Harris Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Milli Konstitusiya Mərkəzində debat zamanı.
Keçmiş prezident Donald Tramp və vitse-prezident Kamala Harris Pensilvaniya ştatının Filadelfiya şəhərindəki Milli Konstitusiya Mərkəzində debat zamanı.

Sentyabrın 10-da ABŞ-də prezidentliyə demokratların namizədi Kamala Harris ilə respublikaçılardan Donald Tramp (Donald Trump) arasında debat keçirilib. Seçkiyə cəmi 56 gün qalır və namizədlər rəy sorğularında bir-birinə çox yaxındır.

AzadlıqRadiosunun jurnalisti Tod Prins (Todd Prince) yazır ki, debat namizədlərdən birini önə çıxara bilərsə, bu, yəqin ki, Harris olar.

Keçmiş prezident debata çox yaxşı başlayıb, Harrisi administrasiyanın iqtisadiyyat, immiqrasiya problemləri ilə bağlı idarəçiliyini tənqid edib. Bunlar seçicilər üçün çox vacib iki məsələdir. Prezident Co Bayden (Joe Biden) və Harris dönəmində ABŞ-də inflyasiya artaraq orta və aşağı sinif amerikalılara ziyan vurub, qanunsuz immiqrasiya da yüksələrək şəhərlərin büdcəsini əlavə yük yaradıb.

Harris məqsədinə çatdımı

Harris isə debatın əvvəlində əsəbi görünüb, ancaq mövzu aborta gəlincə, dayaq nöqtəsini tapıb. O, Trampı qadınların azadlığını əllərindən almaqda ittiham edib. Tramp 2022-ci ildə Ali Məhkəmənin abortlara icazə verən 50 illik federal qanunu ləğv etməsini dəstəkləyib. Ozamankı prezident bunu belə əsaslandırıb ki, ştatlar özləri aborta hansı şəraitdə icazə verməyə özləri qərar verməlidirlər.

Bundan sonra Harris əsas tapşırıqlarından birinə nail olub: opponentini özü və keçmişi barədə bəlağətlə danışmağa vadar edərək onu Amerika seçicisinə fokuslanmamaqda suçlayıb.

Bu zaman demokratların namizədi Trampın güclü göstərməyə çalışdığı məqamları zəiflik kimi təqdim edib, onu bir neçə dəfə "sancıb". O, Trampı ABŞ Əfqanıstandan çıxmazdan öncə Taliban qruplaşması ilə qorxunc saziş imzalamaqda ittiham edib, deyib ki, Rusiya prezidenti Vladimir Putin "onu nahara yeyərdi", xarici liderlər ona "gülürlər".

Tramp isə cavab zərbəsində Harrisə "marksist" deyib, onu prezident Baydendən ayrı hərəkət etməməkdə qınayıb, sual edib ki, niyə vəzifədə olduğu üç il ərzində planlarını yerinə yetirməyib.

İnsanlar Berklidəki Kaliforniya Universitetində Tramp və Harris arasında prezidentlik debatını izləyirlər.
İnsanlar Berklidəki Kaliforniya Universitetində Tramp və Harris arasında prezidentlik debatını izləyirlər.

Prins yazır ki, Harrisin bu debatda daha bir hədəfi vardı – özünü seçicilərə daha yaxından təqdim etmək, əsas məsələlərdə mövqeyini açıqlamaq. Bir rəy sorğusuna görə, seçicilərin azı 25 faizi 59 yaşlı vitse-prezidenti yaxşı tanımır.

Harris cəmi yeddi həftə öncə Demokratların mümkün namizədi kimi təqdim olunub, o vaxtdan mediadan, əsasən, yayınıb, bir dəfə böyük müsahibə verib. Bu səbəbdən onun debatdakı performansı seçki kampaniyası üçün çox vacib sayılırdı.

Harris bəzi siyasi təkliflərə toxunub, məsələn, uşaqlara görə daha çox vergi güzəşti kimi, amma detalları, necə maliyyələşəcəyini açıqlamayıb. Bu da seçicilərin nə qədər məmnun qalması ilə bağlı suallara yol açıb.

Trampın performansı

78 yaşlı Tramp isə təmkin nümayiş etdirməli, Harrisin immiqrasiya və iqtisadiyyat kimi zəif nöqtələrinə fokuslanmalı idi. Sonuncu məsələdə müəyyən qədər uğur qazansa da, təmkin məsələsində işi rəvan getməyib, bəzən rabitəsiz danışıb, fokusdan yayınıb, Harris daha aydın performansı ilə onu geridə qoyub.

Debatın aparıcıları bir neçə dəfə keçmiş prezidentin dedikləri faktları yoxlamalı olublar. Məsələn, Trampın immiqrantların Ohayo şəhərində ev heyvanlarını yeməsi barədə iddiası ilə bağlı aparıcılar deyiblər ki, buna dəlil tapmayıblar. Trampın tərəfdarları moderatorların Harrisin dedikləri ilə bağlı fakt yoxlaması aparmamasını tənqid ediblər. Harris belə bir yanıldıcı iddia səsləndirib ki, Trampın dövründə işsizlik Böyük Depressiyadan bəri ən yüksək səviyyədə olub.

5 noyabr seçkisinin taleyini yeddi tərəddüdlü ştatda qərarını verməmiş azsaylı seçicilərin fikri həll edəcək. Tramp və Harris onları daha yaxşı namizəd olduqlarına inandırmalı idilər.

Harrisin seçki qərargahı namizədlərinin debatda daha güclü çıxış etdiyini düşünərək dərhal ikinci debat istəyiblər. Tramp isə bunu belə izah edib ki, Harris "bu gecə çox pis uduzdu".

İndiliksə sual budur ki, debat seçicilərin bülletenlərində fərq yaradacaqmı.

Kamala Harris prezidentlik debatı zamanı Donald Tramp ilə əl sıxır.
Kamala Harris prezidentlik debatı zamanı Donald Tramp ilə əl sıxır.

Ukrayna, Qəzza məsələlərində fikir ayrılıqları

Kamala HarrisDonald Tramp Ukrayna və Qəzza münaqişələri barədə bir-birinə qarşı tikanlı ifadələr işlədiblər.

Əvvəllər heç vaxt görüşməyən namizədlərin əl sıxması gözlənilməz olub. Harris Trampın tribunasına yaxınlaşaraq öz adını deyərək əl uzadıb. Bu, 2016-cı ilin prezident debatından bəri namizədlərin ilk əl sıxması idi.

Qızğın debat zamanı Harris Trampı Rusiya prezidenti Vladimir Putinin qılığına girmək üçün ABŞ-nin Ukraynaya dəstəyini dayandırmaq niyyətində suçlayıb. O, Trampa "üzqarası" deyib, Tramp isə Harrisin İsrailə nifrət bəslədiyini iddia edib, Harris bunu təkzib edib.

Ancaq namizədlərin heç biri sözügedən münaqişələri necə bitirməklə bağlı detallı danışmayıb. Tramp israr edib ki, seçilərsə, heç vəzifəyə başlamamışdan Ukraynadakı müharibəyə son qoyacaq.

Amma belə bir addım mövcud doktrinaya ziddir - konkret zaman kəsimində bircə prezident olur, xarici siyasətlə bağlı qərarları o verir, yeni seçilmiş prezident deyil. Putin ilə Ukrayna prezidenti Zelenski arasında hər hansı razılaşmaya vasitəçilik etmək isə 19-cu əsrə aid Loqan Aktının pozulması sayıla bilər. Bu qanun sıravi vətəndaşların xarici siyasət həyata keçirməsini yasaqlayır.

"Ukraynadakı müharibənin həll olunmasını istəyirəm. Prezident olmamışdan bunu həll edəcəyəm. Müharibənin dayanmasını istəyirəm. Həyatları xilas etmək istəyirəm", – Tramp vurğulayıb.

Harrisin sözlərinə görə isə, Tramp müharibənin tezliklə başa çatmasına ona görə nail ola bilər ki, "sadəcə, təslim olar".

Demokratlardan vitse-prezident onu da deyib ki, Vaşinqtonun Avropa və NATO müttəfiqləri Trampın vəzifədə olmamasından "məmnundurlar".

Tramp iki dəfə Amerikanın Ukraynanın müharibəni udmasında maraqlı olmasına inandığını deməkdən imtina edib. Konqresdəki hər iki partiya Ukraynanı dəstəkləyir.

Namizədlər yerli siyasət – iqtisadiyyat, immiqrasiya və abort məsələlərində də bir-birini tənqid ediblər.

XS
SM
MD
LG