Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:29

Ukrayna cənubda əkshücuma keçdiyini deyir


Nova Kaxovkada Rusiya əsgərləri
Nova Kaxovkada Rusiya əsgərləri

Ukrayna hərbi kəşfiyyatının iyulun 12-də bildirdiyinə görə, əsgərlər Xerson vilayətində Rusiya qüvvələrinin tutduğu ərazidə xüsusi əməliyyat zamanı beş ukraynalını xilas ediblər.

Həmin şəxslərdən birinin hərbçi, birinin keçmiş polis əməkdaşı, üçünün mülkilər olduğu, birinin döyüş yaraları aldığı bildirilir.

***

Ukrayna ordusu ölkənin şərqində Rusiyanın ələ keçirdiyi ərazilərin geri alınması üçün böyük əkshücum əməliyyatına başladığını bildirir. Rusiya qüvvələri isə Donbas regionunu bütünlükdə tutmaq məqsədilə hücumu davam etdirir.

İyulun 12-də Ukrayna cənub komandanlığı Rusiyanın nəzarətində olan Nova Kaxovkada sursat deposunu vurduğunu bildirib. İrimiqyaslı partlayış görüntüsü sosial mediada da yayılıb, bir neçə rusiyalı əsgərin həlak olduğu bildirilir.

Ukraynanın hədəfi

Rusiyanın TASS dövlət xəbər agentliyi isə mineral gübrə anbarının partladıldığını, yaxınlıqdakı bazara, xəstəxanaya, evlərə ziyan dəydiyini xəbər verib. Bəzi gübrə elementləri sursatda da istifadə oluna bilər.

Xerson vilayətinə Kremlin təyin etdiyi mülki-hərbi administrasiyanın başçısı Vladimir Leontyev zərbəni “terror aktı” adlandırıb, yeddi dinc sakinin öldürüldüyünü, daha 80 nəfərin xəsarət aldığını deyib.

Tərəflərin iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb.

Nova Kaxovka Qara dəniz sahilindəki Xerson liman şəhərindən 55 km şərqdə yerləşir, müharibənin əvvəlində Rusiya qüvvələrinin nəzarətinə keçib.

Ukrayna bir neçə gün öncə bildirib ki, cənubda əkshücuma keçmək üçün qüvvə yığır. Ordu Xerson daxil olmaqla əsas limanlara nəzarətini bərpa etmək istəyir.

Rusiya qüvvələrini yenidən qruplaşdırır

Rusiya qüvvələri isə Donetsk vilayətini atəşə tutmaqdadır. Donetsk Luqansk vilayəti ilə birlikdə Donbas sənaye regionunu təşkil edir.

Ukrayna ordusu Rusiya qüvvələrinin şərq hissəni genişmiqyaslı atəşə tutduğunu deyir. Prezident Volodimir Zelenskinin iyulun 11-də bildirdiyinə görə, Rusiya qüvvələri son iki gündə 34 hava zərbəsi həyata keçirib. Çasov Yar şəhərində beşmərtəbəli binanın bombalanması nəticəsində ölənlərin sayı isə 33-ə çatıb. Onlardan azı biri uşaqdır.


ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya qüvvələrini yenidən qruplaşdırır, böyük artilleriya hücumlarının məqsədi isə quruda irəliləmək üçün şərtləri yaratmaqdır.

Video dəlillərə və Ukraynada bir çox şəhərlərin demək olar, tam dağıdılmasına baxmayaraq, Moskva mülki hədəfləri vurmadığını bildirir.

XS
SM
MD
LG