Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:13

Ukraynada yoluxmalar 3 milyonu keçir


Kiyevdə eiraz aksiyası
Kiyevdə eiraz aksiyası

Hakimiyyət sərt qadağalar tətbiq edir, əhalini peyvəndlənməyə çağırır. Amma qadağalar etirazlara səbəb olub

Ukraynada koronavirusa yoluxmalar 3 milyonu, ölüm halları isə 70 mini keçib. Səhiyyə Nazirliyi bu haqda noyabrın 4-də məlumat yayıb.

Nazirlik son 24 saat ərzində 27 mindən çox yoluxmanın, 699 ölümün aşkarlandığını bildirib.

Etiraz

40 milyon əhalisi olan Ukrayna Avropanın ən yoxsul ölkələrindəndir. Yüksək yoluxucu delta ştammı yoluxmalarda kəskin artıma səbəb olub.

Hakimiyyət isə sərt qadağalar tətbiq edir, əhalini peyvəndlənməyə çağırır. Amma qadağalar etirazlara səbəb olub.

Noyabrın 3-də Kiyevin mərkəzində mindən çox nümayişçi parlament binası yaxınlığına yığışıb, yolları bağlayıb, əllərində “Vaksinasiyaya yox”, “COVID pasportlarına yox”, “COVID soyqırımına yox” yazılmış plakatlar tutublar.

Əraziyə böyük sayda polis qüvvələrinin cəlbinə baxmayaraq, insident qeydə alınmayıb.

Cəmi 17 faiz peyvəndlənib

Hazırda Ukraynada 7.6 milyon nəfər, əhalinin cəmi 17 faizinin mümkün dörd vaksinlə – Pfizer-BioNTech, Moderna, AstraZeneca və Sinovac-la peyvəndləndiyi bildirilir.

Ukraynalıların bəziləri saxta vaksinasiya sertifikatı almağa üstünlük verirlər. Polis saxta sənədlərlə bağlı yüzlərlə cinayət işi açıb.

Dövlət işçiləri, eləcə də Kiyev kimi yoluxma səviyyəsinin yüksək olduğu ərazilərdə vaksinasiya məcburi elan edilib. Restoranlara, idman zallarına, ictimai nəqliyyata yalnız vaksinlənmiş, yaxud mənfi COVID testi olanlar buraxılır.

Ötən həftədən təyyarələr, qatarlar, uzaq məsafəyə işləyən avtobuslarda da vaksinasiya, xəstəlikdən sağalma sənədi, yaxud mənfi test istənilir.

Xəstəxanalar dolur

Kiyevin meri Vitali Kliçko bu həftə AzadlıqRadiosu-na (RFE/RL) deyib ki, xeyli adam xəstəliyi ağır keçirir, xəstəxanaların tutumunun 80 faizindən çoxu dolub.

Səhiyyə Nazirliyi tibb ocaqlarının noyabrın ortasından gələn ilin əvvəlinəcən daha çox yüklənəcəyini proqnozlaşdırır.

Vaksinə genişmiqyaslı skeptisizm dövlət qurumlarına inamsızlıq, sosial mediada dezinformasiya ilə əlaqələndirilir.

Prezident Volodimir Zelenski ötən həftə ukraynalıları saxta xəbərlərə fikir verməməyə, peyvənd olunmağa çağırıb.

“Sosial şəbəkələri söndürün, beyninizi işə salın”, – Zelenski deyib.

XS
SM
MD
LG