Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 17:34

Vüqar Səfərlinin əmlaklarının bir hissəsi qaytarıldı


Vüqar Səfərli
Vüqar Səfərli

Məhkəmə onun əmlaklarından dördünün – iki bağ evinin, “AMAY” Ticarət Mərkəzində mağazayla 8 Noyabr prospektindəki bir obyektin müsadirədən azad edilməsinə qərar verib

On bir il Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV-ə) İnkişafına Dövlət Dəstəyi Fonduna rəhbərlik etmiş, 3 il yarımdır həbsdə olan Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarının bir hissəsi ailəsinə qaytarılıb. Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində buna qərar verilib.

V. Səfərliyə 10 il 6 ay həbs cəzası kəsilərkən, özünün və ailə üzvlərinin adına olan bir sıra əmlakların müsadirəsinə də qərar verilmişdi. Bunların arasında özünün və oğlunun adına bankda toplam 850 min manat pul, müxtəlif avtomobillər, bağ evi, Əhmədli qəsəbəsində ev, İsmayıllı rayonunun Ticran kəndində, Goradil qəsəbəsində torpaq sahələri, Bakıda – 8 Noyabr prospektində (əvvəlki Fəhlə prospektində) obyekt də vardı.

Ali Məhkəmədə işə baxılarkən, cəza hissəsi qüvvədə saxlansa da, əmlakların müsadirəsi hissəsi ləğv edilmiş, yenidən araşdırılmasından ötrü apellyasiya instansiyasına qaytarılmışdı. Elə bu üzdən, avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində V. Səfərlinin işinə yenidən baxılıb.

“Bu adam 1986-cı ilə qayıdıb, o pullarla necə ev ala bilərdi?”

Əmlakların müsadirəsilə bağlı qərarın qüvvədə saxlanmasını istəyən prokuror qərarın dəyişdirilməsinə, əmlakların müsadirədən azad edilməsinə əsas olmadığını desə də, vəkil onunla razılaşmayıb.

O deyib ki, əmlak cinayət yoluyla əldə olunan vəsait hesabına alınanda, cinayət predmeti olanda müsadirə edilə bilər:

“Lap tutaq ki, ittihamda göstərildiyi kimi, cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırıb. Bu adam 1986-cı ilə qayıdıb, o pullarla necə ev ala bilərdi?”.

Vəkil vurğulayıb ki, avtomobillərin, daşınmaz əmlakların nə vaxt əldə olunduğunu dəqiqləşdirməkdən ötrü Dövlət Yol Polisi İdarəsinə, Daşınmaz Əmlakın Reyestr Xidmətinə sorğular göndərilib, cavablar alınıb. Müdafiəçinin bildirdiyinə görə, cavablar da əmlakların V. Səfərliyə ittiham verilən dövrdən xeyli əvvəl alındığını sübut edir.

“Əvvəl də bankda kifayət qədər vəsaitim vardı”

“Kənd Əhmədlidəki evimi 1993-cü ildə almışam. Mağazanı 2004-cü ildə almışam. Avtomobillərimi 2005-2007-ci illərdə almışam. Mən Fondun icraçı direktoru təyin olunmazdan əvvəl də bankda kifayət qədər vəsaitim vardı. Mən özümə bir maşın ala bilməzdim? Ömür boyu qazanıb aldığım əmlakların üzərindən bir dəqiqədə xətt çəkmək olmaz. Bunların hamısı halal yolla alınıb”, - bunu isə məhkəmədə V. Səfərlinin özü söyləyib.

Məhkəmə onun əmlaklarından dördünün – iki bağ evinin, “AMAY” Ticarət Mərkəzində mağazayla 8 Noyabr prospektindəki bir obyektin müsadirədən azad edilməsinə qərar verib.

Xatırlatma

2009-2020-ci illərdə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna rəhbərlik etmiş Vüqar Səfərli daha 10 nəfərlə birlikdə mühakimə olunurdu. O, digərləriylə əlbir olub, 20 milyon manatdan çox vəsaitin yeyinti və israfında suçlanır.

Digər təqsirləndirilənlər arasında Fondun mühasibi, jurnalistlər üçün binaları inşa etmiş “Portos” MMC-nin direktoru, media ilə bağlı tədbirlərin keçirildiyi restoranların inzibatçıları və s. şəxslər var.

İttihamda binaların tikintisində 17 milyon manata yaxın yeyintidən, V.Səfərlinin ailə üzvlərinə məxsus qəzetə vəsait ayrılmasından, restoranlarda təşkil edilən tədbirlər zamanı qonaq sayını və qiymətləri artıq göstərməklə mənimsəmədən və s.-dən bəhs edilir.

XS
SM
MD
LG