İrana gediş-gəlişin məhdudlaşdırıldığı bildirilir

Astara gömrük-keçid məntəqəsi. Foto arxiv

Ötən ilin sonunda Çinin Uhan şəhərində özünü göstərən yeni koronavirusun artıq Azərbaycan sərhədlərinə çatdığı bildirilir.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fevralın 23-də yaydığı açıqlamada bu virusun Azərbaycanda aşkarlanmadığını açıqlayıb.

«Gömürük-keçid məntəqələrinin bağlanması vacibdir»

Amma tibb sahəsi üzrə professor Adil Qeybulla AzadlıqRadiosuna koronavirusla bağlı Azərbaycanda görülən profilaktik tədbirləri yetərli saymadığını bildirib: «Bunun əslində heç bir əlaməti belə görünmür. Gömürük-keçid məntəqələrinin bağlanması vacibdir. Amma tədbir olaraq təkcə bu, yetərli deyil. Sərhədlərin bağlanması hansısa dövlətə qarşı etiraz deyil, başqa əsası yoxdur. Bu, karantin tədbirləridir, xalqın virusdan qorunması məqsədi güdür, ona görə də bağlanmalıdır. Həmçinin, transsərhəd keçid zonalarına nəzarət də gücləndirilməlidir».

Buna da bax: Koronavirusun epidemiyaya çevrilə biləcəyindən qorxurlar

«Dövlət səviyyəsində xüsusi bir komissiya yaradılmalı idi»

Professor habelə, ölkə daxilində bu istiqamətdə təbliğat və təşkilati işləri də qeyri-qənaətbəxş sayır: «Buna görə dövlətin aidiyyəti qurumlarının məsuliyyəti var. Bununla bağlı hələ bu virus ilk dəfə peyda olduğu vaxt dövlət səviyyəsində xüsusi bir komissiya yaradılmalı idi. Çünki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusu xüsusi təhlükəli hal kimi qeydə alıb. Bu, pandemiya xarakteri alırsa, Azərbaycan da ÜST-ün tövsiyələri əsasında lazımi tədbirləri görməli idi».

İrana iki gömrük-keçid məntəqəsinin...

«Turan» agentliyi xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirildiyinə görə, İranla sərhəddə yerləşən Biləsuvar və Astara gömrük-keçid məntəqələrində fevralın 23-dən qeyri-müəyyən müddətə xüsusi rejim tətbiq edilib: «Yalnız Azərbaycanda olan İran vətəndaşlarının İrana, İranda olan Azərbaycan vətəndaşlarının Azərbaycana qayıtmasına icazə verilir».

Buna da bax: İrana gedib-gələnlərə xəbərdarlıq

Komitədən deyilənə görə, koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycan-İran gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib: «İrandan Azərbaycana daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər».

Dini komitə: Şirkətlərə tövsiyələr verilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirildiyinə görə, İran İslam Respublikasına ziyarətlər təşkil edən şirkətlərə indiki halda koronavirus təhlükəsini nəzərə almaq, həmin yerlərə turist aparılması məsələsinə diqqətlə yanaşmaq tövsiyə olunub. «Bu təhlükəni nəzərə alaraq turist ziyarətlərinin təşkilinə müvəqqəti də olsa, müəyyən məhdudiyyət həyata keçirsinlər»,-deyə Komitə tövsiyə edir.

Komitənin vurğulamasına görə, hüquqi baxımdan həmin turizm şirkətləri müstəqil fəaliyyət göstərirlər, qanunvericilik baxımından onlara hər hansı formada qadağa qoymaq mümkün deyil: «Amma bu məsələ ilə bağlı turizm şirkətlərinə tövsiyələr verilib. Turizm şirkətlərinin nümayəndələrini qəbul etmişik və izahat işi aparmışıq».

Buna da bax: Azərbaycanda koronavirus xəbərdarlığı

Nazirlər Komitəsinin yanvar müşavirəsi

Azərbaycan Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı hələ bu il yanvarın 28-də müşavirə keçirilmişdi. Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılmışdı. Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə qərar da qəbul olunduğu açıqlanmışdı.

Müşavirədə səhiyyə nazirinin rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması barədə də qərar qəbul edildiyi bildirilmişdi.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.6 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.