Orban Ukraynanın Avropa İttifaqı üzvlüyünə qarşı olduğunu deyir

Macarıstan baş naziri Viktor Orban

Macarıstan baş naziri Viktor Orban bildirib ki, Ukraynanın Avropa İttifaqı üzvlüyü ilə bağlı irəliləyişinə qarşıdır.

Macarıstan lideri son çıxışında ölkəsinin rəsmi Kiyevin üzvlük ambisiyaları qarşısında böyük maneə yarada biləcəyini bir daha vurğulayıb.

Qeyd edək ki, Avropa Birliyinin liderləri dekabrın ortalarında Ukraynanın üzvlük danışıqlarına başlaması üçün rəsmi dəvətin olub olmayacağına qərar verəcək. Macarıstan höküməti bu məsələdə potensial maneə kimi görünür.

AzadlıqRadiosu xatırladır ki, Avropa Birliyinə yeni ölkənin qəbul edilməsi üçün üzv dövlətlər arasında yekdillik tələb olunur. Bu durum Macarıstanın baş naziri Viktor Orbana da veto hüququ verir.

Buna da bax: Macarıstan Ukraynaya yardıma veto qoysa, Aİ-nın 'B planı' var

Ukrayna, Moldova, Gürcüstan və Bosniya və Herseqovina..

Noyabrın 8-də, Avropa Komissiyası ittifaq ölkələri liderlərini birləşdirən Avropa İttifaqı Şurasına Ukrayna, Moldova, habelə Bosniya və Herseqovina ilə üzvlük danışıqlarının başlanmasını tövsiyə edib.

Avropa Şurasının Avropa Komissiyasının tövsiyələrinə dekabrın ortalarında keçiriləcək sammitində baxacağı gözlənilir.

Xatırladaq ki, Avropa Komissiyasının tövsiyələri Avropa liderləri üçün icbari xarakter daşımır.

İttifaq ölkələri arasında Macarıstan və Slovakiya Ukraynanın üzvlüyü ilə bağlı müəyyən tərəddüdlər ifadə edirlər.

Avropa Birliyinin genişləndirilməsinə dair illik hesabat bundan əvvəl bir neçə dəfə təxirə salınıb.