Araşdırma: Rusiya maaş və müqaviləli əsgərləri əfv vədlərini pozur

Kremlin sözçüsü Dmitri Peskov ordu ilə müqavilə imzalamaq istəyənlərin sayca artımını müqavilənin "çox-çox cəlbedici" şərtləri ilə əsaslandırıb.

Rusiya bir çox hallarda müqaviləli əsgərləri Ukraynadakı savaşda döyüşmək üçün orduya apararkən müqavilə şərtlərini pozur. Onların ailələri də vəd edilən güzəştlərdən yararlana bilmir.

AzadlıqRadiosunun müxbirləri Anton Bayev və Yelizaveta Surnaçovanın yazdığı məqalədə deyilir ki, bura döyüş maaşı, məhkumların əfvi, yaralanma, yaxud ölüm hallarında kompensasiya da daxildir. Üstəlik, əsgərlər heç döyüşdüklərini təsdiqləyəcək sənədlərini belə ala bilmirlər.

"Çox-çox cəlbedici" müqavilə?

Bu faktları sübut edən dəlillər AzadlıqRadiosunun rus xidmətinə aid "Sistema" araşdırma layihəsi və CurrentTimeTV-nin indiki və keçmiş əsgər və onların yaxınları ilə müsahibələrindən götürülüb.

Ukraynada döyüşmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan yüz minlərlə insan Kremlin kütləvi səfərbərlik elan etmədən canlı qüvvə ehtiyacını ödəyə bilməsində önəmli rol oynayır. Rusiya prezidenti Vladimir Putinin ötən ilin sentyabrında başlatdığı kütləvi səfərbərlik qətiyyən rəğbətlə qarşılanmadığından çox sayda gənc vətəndaş qısa zamanda ölkəni tərk etmişdi. Üstəlik, təhlilçilər deyirlər ki, Putin gələn ilin martında keçiriləcək prezident seçkisi öncəsi belə bir qeyri-populyar addım atmaq istəməzdi.

Kremlin sözçüsü Dmitri Peskov bu yaxınlarda ordu ilə müqavilə imzalamaq istəyənlərin sayca artımını müqavilənin "çox-çox cəlbedici" şərtləri ilə əsaslandırıb.

Ukraynada döyüşmək üçün Müdafiə Nazirliyi ilə qısamüddətli müqavilə imzalayan, səfərbər olunan və könüllü əsgərlər müqavilə imzalayan peşəkar ordu heyəti qədər maaş almalıdırlar. Minimal maaş ayda 195 min rubldur (2 min 115 dollar). Bu məbləğ ölkədəki orta aylıq maaşın üç mislinə yaxındır.

Bu ödəmələrdən başqa, "Vaqner" muzdlu döyüşçü qrupu məhbusların əfv olunacaqlarını da vəd edib. "Vaqner"in avqust ayında ölən rəhbəri Yevgeni Priqojin hələ iyun ayında 32 min məhbusun əfv edildiyini demişdi. "Vaqner" fevral ayından bəri həbsxanalardan döyüşçü toplamağı dayandırıb. Ancaq göründüyünə görə, Müdafiə Nazirliyinin əməkdaşları indən belə də qısamüddətli müqavilə imzalamağa razılaşan məhbusları cəlb etməyə ara verməyiblər.

Sankt-Peterburqda mobil çağırış mərkəzi.

Müdafiə Nazirliyi məhbusların hərbi xidmətə cəlbini qanuniləşdirməyi təklif edib. "Rus sidyaşaya" (Həbsdəki Rusiya) məhbus hüquqlarını müdafiə təşkilatının rəhbəri Olqa Romanova bu təcrübəni "ən yüksək stavkalı rus ruletkası" adlandırıb.

Nə əfv var, nə də vəd edilən ödəmə?

Ancaq Ukraynada döyüşmək üçün müqavilə imzalayanların ailələri tez-tez onlayn çatlarda parlamentdəki təmsilçilərinə şikayət ünvanlayır, vəd edilən ödəmə və əfvi ala bilmədiklərini deyirlər.

Bu halın nə qədər geniş yayıldığı aydın deyil. Rusiyanın Müdafiə Nazirliyi və insan haqları müvəkkili AzadlıqRadiosunun bununla bağlı suallarına cavab verməyib. "Sistema"nın qeydə aldığı şikayətlər problemin hələ də davam etdiyini göstərir.

Oğurluq və bədənə xəsarət maddələri ilə həbsə məhkum edilən 52 yaşlı Krasnodar sakini Yuri Motornıy üçün əfv vədi ələdüşməz fürsət idi. Ancaq o vəd edilən əfvi ala bilməyib. O, ötən yaz cəbhəyə göndərilməsindən az sonra yaralanıb və sentyabrda Rusiya işğalı altında olan Krımda ölüb.

Yurinin dul xanımı Anna Motornaya deyir ki, ərinin hara göndərildiyi və nə vaxt yaralandığı ona deyilməyib. Onun sözlərinə görə, ərinin yaralanmasından bir ay sonra xəbər tutub, o zaman da onu xəstəxanada görməsinə icazə verməyiblər. Ərinin ölümündən sonra isə onun Ukraynada vuruşduğunu təsdiqləyən hər hansı sənəd, döyüş maaşı, yaxud kompensasiya ala bilməyib.

"Mən heç onun hansı hissədə xidmət etdiyini və ya oranın əlaqə nömrəsini də bilmirəm. O, Müdafiə Nazirliyinin ştatında deyildi, hərbi prokurorluqsa, hələlik, heç nə deməyib", - Motornayanın sözləridir.

Sankt-Peterburqda ordu xidmətini təbliğ edən reklam lövhəsi: "Rusiyaya xidmət etmək əsl işdir".

"Ukraynalı hərbi əsirlərdən betər davranırlar"

Beş ay heç bir məzuniyyət, yaxud vəd edilən maaşını ala bilməyən 45 yaşlı Nikolay Troşin ötən ilin dekabrında müqaviləsini uzatmamaq hüququndan yararlanıb. Həyat yoldaşı Oksana Troşina deyir ki, ordunun buna cavabı çox amansız olub - Troşini zirzəmiyə salıblar.

Əsgər hüquqlarını müdafiə fəalı Yelena Popova AzadlıqRadiosunun rus xidmətinə deyib ki, zabitlər bu – "sadəcə, orta əsrlərə aid" üsuldan adamları yenidən cəbhəyə getməyə məcbur etmək üçün faydalanırlar.

Troşin misalında buna ehtiyac qalmayıb - Müdafiə Nazirliyi onun ordudan tərxis edilməsinə dair yazılı ərizə təqdim etməsinə məhəl qoymayaraq müqaviləsini avtomatik şəkildə yeniləyib.

Xanım Troşina iddia edir ki, ərinin məruz qaldığı davranışla bağlı hərbi prokurorluğa və insan haqları müvəkkilinə şikayət edəndən sonra zabitlərdən email-lər almağa başlayıb. Onlar email-lərdə Troşini "qorxaq" və "içki düşkünü" adlandırıblar.

Troşinanın iddiasına görə, ərinin komandirləri onu döyərək hərbi geyiminin üzərindəki nişanları cırıb-söküblər: "Ukraynalı hərbi əsirlərdən betər rəftar edirlər. Özü də o [bu cür rəftar edilən] yeganə adam deyil".

O əlavə edib ki, əri hələ də aylıq maaşı olan 28 min 411 rubldan (308 dollardan) başqa heç bir ödəniş almayıb. Rusiyada rəsmi minimum aylıq əməkhaqqı 16 min 242 rubldur (177 dollar).

Səfərbər olunan əsgərlərin ailələri cəzalandırılacaqlarından çəkindikləri üçün könüllülərin və keçmiş məhbusların ailələri kimi sərbəst davrana, jurnalistlərə öz problemlərini söyləyə bilmirlər. Ancaq onlar da buna bənzər problemlərlə üzləşirlər. "Sistema"nın tanış olduğu halların, azı, ikisində adamları döyüşə göndərsələr də, döyüş maaşlarını verməyiblər.

Səfərbər edilmiş rusiyalılar Ukraynadakı müharibəyə yola düşməzdən əvvəl dəmiryol vağzalında növbəyə düzülür.

Hökumətin rəsmi qəzeti olan "Rossiyskaya qazeta"nın dərc etdiyi məlumatda deyilir ki, avqust ayından bu yana Dövlət Dumasının müdafiə komitəsinə ötən ilin noyabrından bəri səfərbər olunan əsgərlərin maaşlarının verilməməsinə dair 829 şikayət daxil olub. Qəzet bu məlumatı komitənin üzvü Dmitri Kuznetsova istinadən dərc edib.

"Redut" əsgər toplama sistemidir

Ailənin kompensasiya ala bilməsi üçün sənədlərin olmaması halları da var. Bu hallara "Redut" özəl hərbi şirkətinin topladığı əsgərlər arasında da rast gəlinir.

"Sistema" və AzadlıqRadiosunun Ukrayna xidmətinə aid "Sxemı" araşdırma layihəsi "Redut"un əslində Rusiya ordusu və onun kəşfiyyat qurumu olan QRU tərəfindən koordinasiya edilən və maliyyələşdirilən əsgər toplama sistemi olduğunu üzə çıxarıb.

Putin "Redut"un orduya cəlb etdiyi snayper Aleksandr Kopıltsovu ötən ilin noyabrında ölümündən sonra "Şücaət Ordeni" ilə təltif etsə də, ailəsinin dediyinə görə, Müdafiə Nazirliyi və hərbi prokurorluq hələ də onun Ukraynada döyüşdüyünü təsdiqləyən sənədləri üzə çıxarıb vermir.