Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 17:34

Xəbərlər

Rusiyada qanunsuz miqrantların uşaqları məktəbə buraxılmayacaq

Rusiyada miqrant işçilər
Rusiyada miqrant işçilər

Rusiyada qanunsuz miqrantların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bu barədə "Kommersant"a Daxili İşlər Nazirliyi (DİN) rəisinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.

İndi hakimiyyət Rusiyada qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaradır. Həmin sistemə düşdükdən sonra miqrantlar nəqliyyat vasitələri sürə, bank xidmətlərindən istifadə edə, əmlakı qeydiyyata ala, nikah bağlaya və ya poza bilməyəcəklər.

Qorovoy qeyd edib ki, "maraqlanan idarələr" və deputatlar miqrasiya sahəsində digər qanunvericilik təşəbbüsləri üzərində də işləyirlər.

Qorovoyun sözlərinə görə, hazırda Rusiyada 739 minə yaxın və ya miqrantların ümumi sayının 9 faizi qədər qanunsuz miqrant var. Bunlar, əsasən, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşlarıdır.

DİN rəsmisi 2022-ci ilə qədər qeyri-qanuni miqrantların xüsusi çəkisinin 30 faizdən çox olduğunu vurğulayıb. O, indiki azalmanı "Daxili İşlər Nazirliyinin bütün səviyyələrdə hakimiyyət orqanları ilə birgə fəaliyyətinin yaxşı nəticəsi" adlandırıb.

Qorovoy həmçinin bildirib ki, bu ilin birinci yarısında miqrantların Rusiyadan çıxarılması ilə bağlı 100 minə yaxın qərar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Xatırlatma

Bu ilin martında "Crocus City Hall" konsert zalında 145 nəfərin ölümü və 550-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra Rusiyada miqrantlara qarşı ksenofobiya hissləri kəskinləşib. Hüquq-mühafizə orqanları xaricilərin evlərində və iş yerlərində reydlər keçirir.

İqtisadçıların fikrincə, Rusiyaya son 10 ildə ən aşağı səviyyəyə düşən miqrant axını ölkədə kadr böhranını ciddi şəkildə gərginləşdirə bilər.

Dövlət Suverenliyi Günü təsis edilib

İlham Əliyev
İlham Əliyev

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.

Bununla bağlı bu gün, sentyabrın 19-da prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edilsin.

Sənəddə vurğulanır ki, 2020-ci ildə 44 günlük savaşda Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Sərəncamda daha sonra 2023-il sentyabrın 19-da cəmi 23 saat çəkən "antiterror" əməliyyatının keçirildiyi vurğulanır. Sənədə görə, bununla da Azərbaycanın bütün ərazisində suverenliyi bərpa edilib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Şoyqu gözlənilmədən İrana gedib

Sergey Şoyqu və Məsud Pezeşkian
Sergey Şoyqu və Məsud Pezeşkian

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də İran paytaxtı Tehrana gəlib. İran prezidenti qonağa müraciət edərək Qərb sanksiyalarına qarşı Rusiya ilə daha dərin əlaqələrin inkişaf etdiriləcəyinə söz verib.

Bu barədə "Reuters" İran dövlət mediasına istinadən məlumat yayıb.

"Mənim hökumətim iki ölkə arasında davam edən əməkdaşlığı və münasibətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərini ciddi şəkildə izləyəcək", — IRNA dövlət informasiya agentliyi İran prezidenti Məsud Pezeşkianın Rusiya Təhlükəsizlik Şurasının katibinə dediyi sözləri sitat gətirir.

Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşdən bir neçə gün sonra İran paytaxtına gəlib. "Reuters" vurğulayır ki, Rusiya Ukrayna ilə iki il yarımdan çox davam edən müharibədə ABŞ-yə düşmən olan sözügedən iki ölkə ilə əlaqələri inkişaf etdirməyə çalışır. Bu ölkələrin Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün ballistik raketlər verdiyi bildirilir. Amma İran Rusiyaya ballistik raketlərin göndərilməsini inkar edir. Moskvada isə deyirlər ki, İran bütün mümkün sahələrdə Rusiyanın tərəfdaşıdır.

Şoyqunun xarici səfərləri müharibənin kritik anına təsadüf edir, Kiyev Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə etməyə icazə almaq üçün ABŞ və onun müttəfiqlərinə təzyiq göstərir.

Rusiya prezidenti Vladimir Putin ötən həftə bildirib ki, Qərb ölkələri Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməyə icazə versə, bu, NATO-nun Rusiya ilə birbaşa toqquşması olacaq və Moskva buna cavab verəcək.

İranın Ali Milli Təhlükəsizlik Şurası ilə əlaqəli "Nour" xəbər agentliyi Şoyqunun iranlı həmkarı Əli Əhmədian ilə görüşdüyünü bildirib. Bu görüşün təfərrüatları hələ açıqlanmayıb.

Rusiya dəfələrlə bəyan edib ki, strateji tərəfdaşlığı möhkəmləndirmək üçün İranla böyük sazişin imzalanmasına yaxındırlar.

Gələn ilin büdcəsində gəlirlər arta, xərclər azala bilər

Azərbaycanın 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat proqnozlaşdırılır. Bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0,6 faiz çoxdur.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.

Həmin məlumata görə, amma layihəyə görə, növbəti ildə dövlət büdcəsinin xərclərində 2024-cü ilin proqnozu ilə müqayisədə 74,7 milyon manat ( 0,2 faiz) azalma var. Xərclər 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır.

Sənəddə 2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.Bu da 2024-cü ilin büdcəsində eyni göstəricidən 5 dollar azdır.

2024-cü ilin ilkin bücəsində bu rəqəm 60 götürlsə də iyunda sənədə edilən dəyişikliklə həmin rəqəm 75 dollara yüsəldilmişdi.

Son günlər dünyda Azərbaycan neftinin bir bareli 75 dollar civarında dəyişir

Keçmiş vəkil Elman Paşayev Moskvada saxlanılıb 

Elman Paşayev
Elman Paşayev

Moskvada hüquq-mühafizə orqanları əməkdaşları vəkil statusundan məhrum edilmiş Elman Paşayevi saxlayıblar. Ona qarşı xüsusilə böyük məbləğdə dələduzluq maddəsi ilə cinayət işi qaldırılıb. Məlumatı İstintaq Komitəsi yayıb.

İstintaq materiallarına görə, Paşayev bloger Yelena Blinovskayanın əri Alekseyə “böyük pul mükafatı” qarşılığında cütlüyün cinayət məsuliyyətindən azad olunmasında kömək vəd edib. Keçmiş vəkilin Blinovskidən “xüsusilə böyük məbləğdə” pul vəsaiti aldığı iddia edilir. Ancaq Paşayevə hansı məbləğin verildiyi açıqlanmır.

İnstagram blogeri Yelena Blinovskaya “Arzular marafonu” şəxsi kurslarının müəllifidir. Onun hesabına milyonlarla adam yazılıb. Blinovskaya özünü “motivasiya spikeri” adlandırıb. Rusiya hakimiyyəti onu vergidən yayınmada, qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham edir. Blogerin təxminən milyard rubl vergi borcu olduğu iddia edilir, ona qarşı məhkəmə davam edir. Onun həyat yoldaşı isə cinayət yoluyla əldə olunmuş gəlirlərin leqallaşdırılmasında, vergidən yayınmada əlbirlikdə ittiham olunur. O, Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsində iştirak edib.

Elman Paşayev Moskvada ölümlə nəticələnmiş yol qəzasına görə 8 il azadlıqdan məhrum edilmiş aktyor Mixail Yefremovu müdafiə edib. Yefremov hökm çıxarılandan dərhal sonra onun xidmətlərindən imtina edib.

Bundan öncə Paşayev bir neçə dəfə vəkil statutusundan məhrum edilib, həmçinin dələduzluğa görə mühakimə olunub.

Meta RT-ni, Rusiyanın digər dövlət media şəbəkələrini bloklayır

Meta RT-ni, Rusiyanın digər dövlət media şəbəkələrini qadağan edir 
Meta RT-ni, Rusiyanın digər dövlət media şəbəkələrini qadağan edir 

Facebook və Instagram sosial şəbəkələrinin, eləcə də WhatsApp mesencerinin sahibi Meta sentyabrın 16-da bildirib ki, RT, Rossiya Segodnya və Rusiyanın digər dövlət media şəbəkələrini platformalarından çıxarır.

İddia olunur ki, bu media orqanları onlayn gizli müdaxilə əməliyyatları aparmaq üçün aldadıcı taktikadan istifadə ediblər.

Bu, dünyada ən böyük sosial media platforması olan Meta-nın Rusiya dövlət mediasına qarşı tədbirlərində kəskin eskalasiya deməkdir. Bundan öncə Meta sözügedən media orqanlarının reklam verməsini, postlarının yayılmasını məhdudlaşdırıb.

“Diqqətli araşdırmadan sonra, Rusiya dövlət media orqanlarına qarşı tədbirləri genişləndirdik. Rossiya Segodnya, RT, digər əlaqədar qurumlar xarici müdaxilə fəaliyyətinə görə bizim tətbiqlərdən çıxarılır”, -- sosial media şirkəti bəyanatında bildirib.

Bəyanata görə, qadağanın tətbiqi yaxın günlərdə başlanacaq.

Ötən həftə, sentyabrın 13-də ABŞ hakimiyyəti “Rossiya segodnya” və RT-ni Rusiya xüsusi xidmətinə işləməkdə ittiham edib. Onlara qarşı sanksiyalar tətbiq olunub, beynəlxalq diplomatik kampaniya vəd edilib.

“‘Rossiya segodnya’nın strukturları, özəlliklə, RT televiziyası təkcə Kreml propaqandasının ruporu deyil, həmçinin Rusiya kəşfiyyatının gizli əməliyyatlarının iştirakçılarıdır”, -- Dövlət katibi Entoni Blinken deyirdi.

ABŞ Gürcüstan rəsmilərinə sanksiyalar elan etdi

Gürcüstanda etiraz aksiyası
Gürcüstanda etiraz aksiyası

ABŞ Maliyyə Nazirliyi Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi tapşırıqlar üzrə departamentinin başçısı Zviad Xarazişvili və onun müavini Mileri Laqazauriyə, habelə rusiyayönlü Alt-Info partiyasının liderləri Konstantin MorqoşiyaZurab Maxaradzeyə sanksiyalar elan edib.

ABŞ onları “xarici agent” qanununa etiraz edənlərin zorakılıqla dağıdılması zamanı insan haqlarının pozulmasında ittiham edir.

Bundan başqa Alt-Info partiyasının fəalları 2021 və 2023-cü illərdə jurnalistlərin, QHT ofislərinin və polisin üzərinə homofob hücumlarda iştirak ediblər.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Xarazişvili və Laqazauri “etirazçılara və siyasi opponentlərə qarşı qəddar repressiyalarla” bağlıdırlar, Morqoşiya və Maxaradze isə vətəndaşların dinc mitinqlərinin zorakılıqla dağıdılmasında birbaşa və dolayısı ilə iştirak ediblər.

Sözü gedən 4 nəfərə 13818 saylı Fərman və bütün dünyada insan haqlarını pozanları hədəfləyən Maqnitski qanunu əsasında sanksiyalar tətbiq olunacaq.

ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini əvəzi Bredli Smit deyib ki, yenicə elan edilmiş sanksiyalar “bizim Gürcüstandakı antidemokratik hərəkətlərdən narahatlığımızı ifadə edir”.

“Rusiya qanunu”

Tənqidçilər bildirirlər ki, “Gürcü arzusu” partiyasının bu qanunun qəbulundan məqsədi qarşıdan gələn seçkilərədək hakimiyyətini möhkəmlətməkdir.

Bu qanuna görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Müxalifət bu qanunu “Rusiya qanunu” adlandırır. Rusiyada “xarici agent” qanunun qəbul edilməsi müxalifətin və müstəqil medianın daha sərt təqib olunmasına imkan vermiş, çoxsaylı cərimə həbslərə yol açmışdı.

Bakı Çeçenistanda saxlanmış azərbaycanlılarla bağlı Rusiya XİN-ə müraciət edib

Rusiyada polis reydlərindən birindən sonra (Arxiv fotosu)
Rusiyada polis reydlərindən birindən sonra (Arxiv fotosu)

Bakı Çeçenistanda saxlanmış Azərbaycan vətəndaşları – Nihad Rzayev, Elxan ŞirinovVüqar Məhərrəmovla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Azərbaycan hökuməti iddia edir ki, onları zorla Ukraynaya qarşı müharibəyə göndəriblər.

Bu barədə Azərbaycanın Vesti.az saytı və APA agentliyi məlumat yayıblar.

Xəbərdə deyilir ki, Azərbaycan tərəfi Rusiya XİN-dən bu məsələnin araşdırılmasını və Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi üçün tədbirlər görülməsini tələb edib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Rusiya güc strukturları Krasnoyarskdakı yerli bazarlara reyd keçirərək 520 nəfəri , o cümlədən 417 xaricini saxlayıblar.

Onların arasında Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycan vətəndaşlarının olduğu xəbər verilirdi.

Bu da bildirilir ki, saxlananlardan 92 nəfərinin Rusiya vətəndaşlığı olub. Onlara hərbi komissarlıqlara çağırış vərəqələri təqdim ediblər.

Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin avqustunda Rusiya vətəndaşlığı almış şəxslərin icbari qaydada hərbi qeydiyyata düşməsinə dair qanunu imzalayıb.

Bu tələbin yerinə yetirilməməsi Rusiya vətəndaşlığından məhrum edilməsi ilə nəticələnə bilər.

Azərbaycan iqtisadiyyatında müsbət saldo iki dəfədən çox azalıb

Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12 faizdən çox azalaraq 30 milyard 995 milyon ABŞ dollarına düşüb.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Son bir ildə ölkə üzrə ixrac da 25-faizdən çox azalaraq 18 milyard 231 milyon, idxal isə 14 faizdən çox artaraq 12 milyard 763 milyon dollar təşkil edib.

Xarici ticarət dövriyyəsinə 5 milyard 467 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə azdır.

Azərbaycanda qeyri-neft sektoru zəif inkişaf etdiyinə görə...

İqtisadçı Natiq Cəfərlinin AzadlıqRadiosuna deməsinə görə, müsbət saldonun azalmasının səbəblərini, əsasən, ölkədə neftin hasilatının azalmasında axtarmaq lazımdır: "Bizdə hasilat kəskin olaraq aşağı düşüb. Biz may ayından bəri ortalama 475 min barel neft hasil edirik, hansı ki, bir neçə il bundan əvvəl 700-800 min barel idi. Bununla paralel olaraq qiymətlər da son rübdə aşağı düşüb. Bu iki faktor ixracat göstəricilərdə öz əksini tapdı".

Onun fikrincə, Azərbaycanda qeyri-neft sektoru zəif inkişaf etdiyinə görə enerjidaşıyıcıların həcmində və qiymətində azalma olan kimi bu, ixrac göstəricilərinə ciddi təsir göstərir.

İdxalın artmasına gəldikdə, N.Cəfərli bunu iki səbəblə izah edir: "Birinci, qlobal səbəb - bizdə istehsal çox zəifdir və idxaldan çox asılı ölkəyik. Bu səbəbdən də bizim idxal göstəricilərimiz həmişə artır. İkinci səbəb isə Qarabağda aparılan təmir-bərpa işləridir ki, onlara hər il büdcədən milyardlarla vəsait ayrılır. Təmir-tikinti işlərində istifadə olunan materialların, avadanlıqların çoxu xaricdən gətirilir. Bu da idxal rəqəmlərinə təsir göstərir".

Trampa sui-qəsd cəhdi. Florida atışması haqqında nə məlumdur

Uest-Palm-Biçdəki Tramp Beynəlxalq Qolf Klubunda atışma
Uest-Palm-Biçdəki Tramp Beynəlxalq Qolf Klubunda atışma

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Florida ştatının Uest-Palm-Biç şəhərindəki qolf meydançasında sentyabrın 15-də atışmanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi kimi araşdırır.

Şübhəlinin saxlanıldığı bildirilir. Mətbuatın məlumatına görə, bu, 58 yaşlı Rayan Rutdur. Onun arxasında bir neçə cinayəti var. 2023-cü ildə Rut "The New York Times" qəzetinə müsahibəsində əfqan ordusunun keçmiş əsgərlərini Ukrayna ordusuna cəlb etməyə çalışmasından və 2022-ci ildə bir neçə ay Ukraynada qalmasından danışıb.

Olayın motivləri məlum deyil. "The Associated Press"in məlumatına görə, şübhəli sosial mediada 2020-ci ildə D.Trampın namizədliyinə dəstəyindən yazıb, lakin son vaxtlar Co Bayden və Kamala Harrisin tərəfdarı olub.

Olayın qarşısının məxfi xidmət agentinin yaşıllıqlar arasında pulemyotun ağzını görərək qolf meydançasını əhatə edən kollara xəbərdarlıq atəşi açması ilə alındığı bildirilir. D.Tramp həmin an təxminən dörd yüz metr aralıda qolf oynayırdı. Şübhəlinin atəş açmağa müvəffəq olub-olmadığı, hələlik, məlum deyil. Onun avtomobillə qaçmağa çalışsa da, avtomobilinin fotosunu çəkən şahidlərin sayəsində tezliklə saxlandığı vurğulanır. Qolf klubunu magistral yoldan ayıran qəfəs hasarın arxasındakı kolluqlardan snayper nişangahı olan yarımavtomat tüfəng və videokamera aşkar edilib.

Tərəfdarlarına göndərdiyi e-mailı-də D.Tramp təhlükəsizlikdə olduğunu, özünü yaxşı hiss etdiyini və heç vaxt təslim olmayacağını yazıb.

Trampın prezidentlik uğrunda yarışda rəqibi, vitse-prezident K.Harris "Amerikada zorakılığa yer yoxdur" deyən açıqlama verib. Prezident C.Bayden keçmiş prezidentin (D.Tramp) təhlükəsizliyinin təminatı üçün bütün lazımi resursların ayrılmasını əmr edib.

Bundan əvvəl, iyulun 13-də D.Tramp Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsd cəhdi nəticəsində yüngül yaralanıb. Motivləri hələ də bəlli olmayan sui-qəsdçi Tomas Mettyu Kruks güllələnib. Bundan əvvəl o, mitinq iştirakçılarından birini öldürməyi və daha bir neçə nəfəri yaralamağı bacarıb.

Məhsa Əmininin ailəsi onun ölümünün ikinci ildönümünə hazırlaşır

İranda Məhsa Əmininin ölümünə etiraz aksiyası.
İranda Məhsa Əmininin ölümünə etiraz aksiyası.

2022-ci ildə İranda polis saxlayandan sonra vəfat etmiş kürd əsilli Məhsa Əmininin ailəsi hakimiyyət icazə verəcəyi halda, onun ölümünün ikinci ildönümünü keçirəcəyinə ümid edir. Əmininin ölümü "Qadınlar, Həyat, Azadlıq" şüarı ilə etiraz hərəkatına səbəb olmuşdu.

Sentyabrın 12-də AzadlıqRadiosuna göndərdiyi mesajda Məhsanın atası Amjad Əmini deyir ki, qızının dəfn olunduğu qəbiristanlıqda anım tədbiri keçirməyə hazırlaşırlar, bir çox adam ziyarət istəyini dilə gətirib.

"Biz, Məhsa Cina Əmininin ailəsi, İranda kədər içində olan bütün ailələr kimi qızımızın xatirəsini onun vəfatının ildönümündə ənənəvi dini mərasimlə yad etmək hüququmuzdan yararlanmaq istəyirik", – o, audio mesajda söyləyib.

Əmini ötən il deyirdi ki, ictimai tədbir keçirə bilməyiblər, çünki hakimiyyət Məhsanın dəfn olunduğu, Kürdüstan vilayətindəki Aiçi məzarlığına girişi bağlayıb.

"Bu il belə məhdudiyyətlər qoyulmasa, sentyabrın 15-də il mərasimi keçiriləcək, əziz və şərəfli xalqımızdan çoxsaylı xahişlər almışıq", – o deyib.

Ötən il Əmini qızının il mərasimində qısa müddətə saxlanılıb, ailənin evdən çıxmasına icazə verilməyib.

İki il öncə baş verənlər

22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 16-da vəfat edib. Bu il onun vəfatının ildönümü sentyabrın 15-nə düşür.

Əmini sentyabrın 13-də guya hicabı düzgün bağlamadığına görə saxlanılıb. Bir neçə saat sonra koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Həmin il İranı bürüyən etirazlarda azı 500 etirazçı öldürülüb. Bunu Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı hesablayıb.

Etirazlarla bağlı azı 10 nəfər edam olunub, onların nümayişlər zamanı təhlükəsizlik qüvvələrinə hücumlarda əli olduğu iddia edilib.

Ötən il Əmininin vəfatının ildönümü ərəfəsində hakimiyyət öldürülənlərin ailə üzvlərinə təzyiqi gücləndirib. Adamlar həbs edilib, dindirilməyə çağırılıb, onlara anım tədbirləri keçirməmək üçün xəbərdarlıq olunub.

Tramp Harris ilə ikinci debata qatılmayacağını deyir

Donald Tramp və Kamala Harris
Donald Tramp və Kamala Harris

ABŞ-nin keçmiş prezidenti Donald Tramp (Donald Trump) sentyabrın 12-də deyib ki, prezident seçkisində rəqibi, vitse-prezident Kamala Harris ilə ikinci debatda iştirak etməyəcək.

"ÜÇÜNCÜ DEBAT OLMAYACAQ!", – Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

O, iyunda prezident Co Bayden (Joe Biden), bu həftə isə demokratların namizədi Harris ilə debata çıxıb.

Respublikaçıların namizədi Tramp bundan öncə demişdi ki, Harris ilə debatı "daha yaxşı debatlarımdan biri, bəlkə də, ən yaxşısı" idi.

Bayden Tramp ilə debatda zəif performans göstərmişdi. Harris isə sentyabrın 10-da Trampı müdafiə mövqeyinə salıb, onun vəzifəyə uyğunluğu ilə bağlı hücuma keçib, Trampın ideyalarını köhnəlmiş adlandırıb.

"Reuters" rəy sorğularının nəticələrinə istinadla yazır ki, izləyicilərin əksəriyyəti Harrisi ABC televiziyasındakı debatın qalibi adlandırıb.

"Nielson" araşdırma mərkəzinin məlumatına görə, debatı 67 milyon amerikalı izləyib. Debatdan sonra seçicilərlə görüşən Harris deyib ki, onun fikrincə, respublikaçılar seçicilərə daha bir debat "borclu qalıblar". Elə Harrisin seçki qərargahı da debatdan dərhal sonra respublikaçıların namizədi ilə daha bir debata hazırlaşdığını açıqlayıb. Debata qədər K.Harris belə bir arzusunu dilə gətirməmişdi.

ABŞ-də dörd amerikalı Kremlə işləməkdə ittiham olunur

ABŞ Ədliyyə Departamenti
ABŞ Ədliyyə Departamenti

Sentyabrın 12-də Birləşmiş Ştatlarda dörd fəal Rusiyanın qeydiyyata alınmamış agentləri kimi işləmək cəhdində ittiham olunub. Bu barədə Ədliyyə Departamenti məlumat yayıb.

Floridada andlılar məhkəməsi həmin şəxsləri xarici hökumətin agenti kimi hərəkət etmək kimi daha ağır ittiham üzrə təqsirli bilməyib. Təqsirləndirilənlərin qaradərililərin hüquqlarını müdafiə edənlər olduğu bildirilir.

Departamentin məlumatına görə, onlara maksimum 5 ilədək həbs cəzası kəsilə bilər. Afrika Xalq Sosialist Partiyasının qurucusu, 82 yaşlı Omali Yeşitela, "Black Hammer" qrupunun lideri, 38 yaşlı Oqastes Romeyn də təqsirləndirilənlər sırasındadır.

Hökmün çıxarılacağı tarix bəlli deyil.

İonov kimdir

İttihamnaməyə görə, dörd fəal 2015-2022-ci illərdə Birləşmiş Ştatlarda Rusiya hökuməti adından bir sıra hərəkətlər gerçəkləşdiriblər. Onların Rusiya Anti-Qlobalizasiya Hərəkatının prezidenti Aleksandr İonovdan pul və dəstək aldığı bildirilir. İonov isə fəallardan siyasət, Ukrayna müharibəsi ilə bağlı Rusiyanın baxışlarının təbliğində istifadə edib, - məlumatda vurğulanır.

AzadlıqRadiosunun rus xidməti İonovun uzun illər FSB ilə əməkdaşlıq etdiyini yazır. Onun yerinə yetirdiyi tapşırıqlar içində ABŞ-da siyasi hərəkatlara dəstək, ABŞ-də məhkum edilmiş Mariya Butinaya yardım, Rusiya media orqanları və Telegram kanallarında lazımi mövzuların işıqlandırılması olub.

"Radio Svoboda" yazır ki, jurnalistlər azı 2021-ci ildən İonovun FSB ilə əlaqəli ola biləcəyindən şübhələniblər. Ona xüsusi xidmətin başçısı Bortnikovun imzası ilə 2017-ci ildə verilmiş fəxri fərmanı aşkarlayıblar. Amma İonov özü deyibmiş ki, onun əlaqələri tədbirlərin təşkili ilə məhdudlaşır, məsələn, xüsusi xidmət veteranları üçün voleybol turnirinin təşkili kimi.

2022-ci ilin yayında isə ABŞ Ədliyyə Departamenti İonovun uzun illər bir neçə qrup amerikalı fəalla əməkdaşlıqda ittiham etdi. Prokurorların bildirdiyinə görə, onlar FSB-yə ABŞ-də "fikir ayrılığı yaymaq" üçün informasiya ötürüblər.

Azərbaycandan xaricə və əksinə köçürülən pulun məbləği artıb

ABŞ dolları
ABŞ dolları

Bu ilin altı ayında Azərbaycandan xaricə 259.6 milyon ABŞ dolları, xaricdən Azərbaycana isə 567.8 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, uyğun olaraq, 1.9 faiz və 36.3 faiz çoxdur.

Bu barədə sentyabrın 12-də Mərkəzi Bankda keçirilən brifinqdə məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə Azərbaycana ən çox pul baratı Rusiyadan (287 milyon), Türkiyədən (82.3 milyon), ABŞ-dən (30.5 milyon), Gürcüstan (17.4 milyon) və Birləşmiş Krallıqdan (16.1 milyon) daxil olub.

Altı ayda ölkədən xaricə köçürülən pul baratlarının həcminə görə isə birinci yerdə Türkiyə (76.6 milyon), sonra isə Rusiya (29.9 milyon), ABŞ (28.3 milyon), Gürcüstan (25.1 milyon) və Birləşmiş Krallıq (13.6 milyon) qərarlaşıb.

Telejurnalist Nikolay Svanidze vəfat edib

Nikolay Svanidze
Nikolay Svanidze

Telejurnalist Nikolay Svanidze Moskvada vəfat edib. Bu barədə "Moskovski komsomolets" qəzeti yazıb. Məlumatı insan haqları müdafiəçisi Yeva Merkaçeva təsdiqləyib.

Svanidzenin 69 yaşı vardı. Son illər o, beyin işemiyasından əziyyət çəkirdi.

Svanidze Rusiya televiziyasının qurucularından sayılır. O, ictimai-siyasi proqramların aparıcısı, 1990-cı illərin sonlarında isə Rusiya Dövlət Teleradio Yayım Şirkətinin sədri olub.

"Rossiya" telekanalında "Zerkalo" analitik proqramına aparıcılıq edib. 2013-2022-ci illərdə "Serebryannıy dojd" radiostansiyasında xəbərləri, tarixi verilişləri aparıb. Buna qədər 10 il "Rossiya-1" telekanalında "Tarixi xronikalar" verilişinin aparıcısı olub. O, ondan çox tarixi film çəkib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı müdaxiləyə başlayanda Svanidze birbaşa efirdə bunu Rusiyanın Ukraynaya "motivasiyasız və təhrik olunmayan" hücumu adlandırıb. Sonradan isə bir neçə dəfə bu "qanlı" müharibənin Rusiya üçün fəsadlarından danışıb.

2022-ci ilin noyabrında Rusiya prezidenti Vladimir Putin Svanidzeni bir sıra digər hüquq müdafiəçiləri və jurnalistlərlə birlikdə İnsan Haqları Şurasından çıxarıb. Putin şuraya Rusiyada müharibəyönlü gündəmi təbliğ edənləri salıb.

Svanidze 2022-ci ilin dekabrında Rusiya Dövlət Humanitar Universitetinin Mass-media və reklam institutunun direktoru vəzifəsindən kənarlaşdırılıb. O, 12 il idi həmin vəzifəni tuturdu.

Harris və Tramp həlledici ştatlarda mübarizəyə girişirlər

Donald Tramp və Kamala Harris
Donald Tramp və Kamala Harris

ABŞ-nin vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp 5 noyabr seçkisində "tərəddüdlü" ştatları öz xeyirlərinə dəyişmək üçün mübarizəni gücləndirirlər.

Harris sentyabrın 12-də Şimali Karolinada mitinqlər keçirəcək. Bu onun sentyabrın 10-da Trampla debatından sonra ilk siyasi tədbiridir.

Harrisin komandası onun debatda Trampa qalib gəldiyini deyərək daha bir debat istəyib, amma respublikaçı namizəd bu təklifə birbaşa cavab verməyib.

"Cavab matçına giririkmi? Bilmirəm", – Arizonaya yollanan Tramp söyləyib.

Şimali Karolina və Arizona

Demokratlar 2008-ci ildən, Barak Obama prezident seçiləndən bəri Şimali Karolinada seçkiləri udmayıblar. 2020-ci ildə Tramp həmin ştatda digərlərindən ən az 1.3 faiz fərqlə önə çıxıb. Demokratlar ümid edilər ki, Şimali Karolinanın artan və fərqli əhalisi bu dəfə onlara üstünlük qazandıra bilər.

Harrisin seçki qərargahı onun bu il həmin ştata doqquzuncu səfərini etdiyini deyir. Rəy sorğuları isə rəqib namizədlərin mövqelərinin çox yaxın olduğunu göstərib.

Respublikaçılar Trampın bu ştatda şansının böyük olduğunu deyirlər. Keçmiş prezident avqustda orada mitinqlər keçirib.

Arizonaya gəlincə, İkinci Dünya müharibəsindən bəri respublikaçılar bu ştatda, demək olar, bütün prezident seçkilərini udublar. 2020-ci ildə Bayden orada cüzi fərqlə qələbə çalıb. AP yazır ki, respublikaçılar Arizonada demokratlardan sayca çoxdurlar, amma seçicilərin üçdə biri müstəqildir.

ABŞ-də prezident seçkisi noyabrın 5-dədir. Rəy sorğularında rəqiblərin mövqeyində kəskin fərq yoxdur.

5 məntəqədə nəticələr ləğv edilib

MSK iclası
MSK iclası

Milli Məclisə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd və 22 saylı Nəsimi-Yasamal seçki dairələrinin bəzi məntəqələrinin nəticələri etibarsız sayılıb.

Bu barədə sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən iclasında qərar qəbul olunub.

İclasda 78 saylı Lənkəran kənd seçki dairəsindən namizəd Əzizxan Əzizovun şikayətinə baxılıb. MSK-nın qərarına görə, dairənin yalnız 29 və 32 saylı seçki məntəqələrində pozuntu aşkarlanıb və həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib. Ümumi nəticələrə gəlincə, bildirilib ki, dairədəki 53 seçki məntəqəsindən yalnız ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

MSK-nın açıqlamasına görə, həmin dairədən lider namizəd hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, keçmiş deputat Anar İsgəndərovdur.

İlqar Məmmədovun şikayəti

MSK-nın digər qərarına görə, 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç məntəqəsində (2, 14 və 20) qanun pozuntusu qeydə alınıb və həmin məntəqələrdə nəticələr ləğv olunub. Həmin dairədən deputatlığa namizəd, ReAL Partiyasının sədri İlqar Məmmədov şikayətlə MSK-ya müraciət etmişdi. Namizəd seçki günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutusuna topa bülleten atıldığını, protokolların təqdim edilmədiyini və digər pozuntuların olduğunu bildirmişdi. O, nəticələrin ləğvini istəyirdi.

Qurumun qərarına görə, dairədəki 38 seçki məntəqəsindən üçünün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

Həmin dairədən isə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, keçmiş deputat Asim Mollazadə lider namizəd sayılır.

İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, parlament seçkiləri ilə bağlı quruma 12 müraciət daxil olub. Xatırladıb ki, MSK-ya müraciətlərin daxil olması müddəti bu gün, sentyabrın 11-i saat 18:00-da başa çatır.

MSK kameralarının qeydə aldığı topa bülletenlər
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Dörd il əvvəl

MSK bundan əvvəlki parlament seçkilərində dörd dairədə - 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrində pozuntulara yol verildiyini bildirərək onların nəticələrini ləğv etmişdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bir gün sonra açıqlanan ilkin hesabatında isə vurğulandı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib.

MSK isə hesab edir ki, seçkilər yüksək səviyyədə keçirilib.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. 125 mandat uğrunda 990 namizəd mübarizəyə qoşulub.

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

Bundan əvvəlki parlament və prezident seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyaları həmin seçkilərdə bəyan etmişdilər ki, hakimiyyət seçkiləri əslində önə çəkməklə onu tələsik saxtalaşdırmaq məqsədi güdür.

ABŞ Ermənistana yardımı 120 milyon dollardan 250 milyon dollara qaldırıb

Müvafiq sənədi USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan sentaybrın 11-də imzalayıblar
Müvafiq sənədi USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan sentaybrın 11-də imzalayıblar

ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb.

Bunu USAID ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistan ofisi sentyabrın 11-də bəyan edib.

Məlumatda deyilir ki, İnkişaf Qrantına dair sənədin birinci düzəlişi artıq imzalanıb.

Müvafiq sənədi USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan sentaybrın 11-də imzalayıblar.

Xəbərdə deyilir ki, yardımın artırılmasından məqsəd Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir.

USAID bunu da bildirib ki, agentlik Ermənistanın, geosiyasi oriyentasiyasının dəyişməsi də daxil, dəyişən ehtiyaclarına uyğun şəkildə Yerevana dəstəyini davam etdirəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan bu il aprelin 5-də USAID-in rəhbəri Samanta Paueri qəbul etmişdi.

Pauer o vaxt bildirmişdi ki, USAID Ermənistana davamlı maliyyə dəstəyi göstərməyə hazırdır.

Bu görüşdən bir neçə gün sonra USAID-in Yerevan ofisi bildirmişdi ki, Vaşinqton Yerevana 33 milyon dollarlıq yardım ayırıb və bu fond genişləndirilməkdə davam edəcək.

İtkin düşən uşağın yaxınları yolu bağlayıblar

Aksiya
Aksiya

Sentyabrın 11-i səhər saatlarında aralarında gənc, yaşlı, qadın olmaqla təxminən 25 nəfərin Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun Qaragüvəndikli kəndindən keçən hissəsini bağladıqları bildirilir.

Yerli sakinlərin AzadlıqRadiosuna deməsinə görə, hər iki istiqamət üzrə hərəkət bir saatadək məhdudlaşdırılıb.

Etirazçıların ötən ildən itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin ailə üzvləri, qohumları və həmkəndliləri olduqları bildirilir.

Bu barədə AzadlıqRadiosuna itkin düşmüş uşağın babası Atamoğlan Əliyev danışıb. Onun sözlərinə görə, aksiyaya səbəb istintaqın gedişindən narazı qalmalarıdır: "Hadisə ilə bağlı şübhələndiyimiz bəzi şəxslər var ki, onlar barədə hüquq-mühafizə orqanlarına məlumat vermişik. Lakin həmin adamlar istintaqa cəlb edilmir, barələrində araşdırma aparılmır. Ümumiyyətlə, doqquz ay ərzində aparılan istintaqın heç bir nəticə əldə etməməsindən narazıyıq".

A.Əliyev onu da əlavə edib ki, aksiya dinc xarakterli olub, polis əməkdaşları onlarla danışıq apardıqdan sonra yolu açıblar: "Bizə qarşı zorakılıq edilmədi, saxlanılan olmadı".

Xəbəri İmişli rayon Polis Şöbəsindən də təsdiqləyiblər.

Amma istintaqla bağlı tənqidlərə hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

İmişli rayonunun Qaragüvəndikli kəndinin 2013-cü il təvəllüdlü sakini R.Xankişiyevin ötən il dekabrın 26-da itkin düşdüyü bildirilir. Faktla bağlı İmişli rayon Prokurorluğunda açılan cinayət işi üzrə istintaq hazırda Baş Prokurorluğun İstintaq İdarəsində davam etdirilir.

'Gürcü Arzusu' İvanişvilini oktyabr seçkisinə əsas namizədi seçir

Bidzina İvanişvili
Bidzina İvanişvili

Sentyabrın 10-da hakim "Gürcü Arzusu" partiyası milyarder və keçmiş baş nazir Bidzina İvanişvilini oktyabrın 26-na təyin olunmuş parlament seçkilərində əsas namizədi seçib.

Baş nazir, İvanişvilinin müttəfiqi İrakli Kobaxidze partiyanın ikinci, "Gürcü Arzusu"nun sədri, keçmiş baş nazir İrakli Qaribaşvili isə üçüncü namizəd olub.

Siyahıdakı ilk onluğa Olimpiya atleti Laşa Talaxadze, sərbəst güləşçi Geno Petriaşvili də daxildir.

2012-2013-cü illərdə baş nazir olmuş İvanişvili dekabrdan bəri "Gürcü Arzusu"nun fəxri sədridir. O, "xarici agentlər" qanunu ətrafında yaranmış siyasi böhranda böyük rol oynayıb. Böyük etirazlara baxmayaraq, ilin əvvəlində hökumət bu qanunu irəli sürüb.

Apreldəki çıxışında İvanişvili Qərbi sərt tənqid edərək deyib ki, "xarici agent" qanunu Gürcüstanın suverenliyini, onu Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərindən qorumaq üçün vacibdir. O, həmin səylərin "qlobal müharibə partiyası" tərəfindən göstərildiyini iddia edib.

Qərbin reaksiyası

ABŞ və digər Qərb ölkələri qanunla bağlı narahatlıq bildiriblər. Qanuna görə, maliyyəsinin azı 20 faizini xaricdən alan təşkilatlar "xarici təsir agentləri" kimi qeydiyyatdan keçməlidirlər.

On minlərlə gürcüstanlı bu qanun layihəsinə etiraz edib. Etirazlar amansızlıqla yatırdılıb, etirazçılara qarşı zorakı tədbirlər görülüb. Tənqidçilər bu qanun layihəsinə "Rusiya qanunu" adını veriblər. Rusiyada 10 ildir mövcud olan oxşar qanunvericilik müstəqil media, ictimai narazılığa sərt divan tutulmasında istifadə edilib.

Avropa İttifaqı bu qanunun qüvvəyə minməsinə cavab olaraq Tbilisi ilə üzvlük danışıqlarına fasilə verib. Birləşmiş Ştatlar Gürcüstanla münasibətləri hərtərəfli nəzərdən keçirməyə başlayıb.

Gürcüstan prezidenti Salome Zurabişvili ötən ay imzaladığı fərmanla oktyabrı 26-na parlament seçkiləri təyin edib. O, seçkiləri "Rusiyanın nökəri olmaqla Avropa ilə əməkdaşlıq arasında seçim" adlandırıb.

Rəy sorğularına görə, "Gürcü Arzusu" seçkiöncəsi ölkədə ən populyar partiyadır.

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri görüşüb

Bugün, sentyabrın 10-da Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Zakir Həsənov (Azərbaycan), Yaşar Güler (Türkiyə) və İrakli Çikovani ( Gürcüstan) regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyindən bəhs ediblər:

“Müdafiə nazirləri üçtərəfli və ikitərəfli birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.”

Açıqlamaya görə, sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb. Həmin sənədin detalları, hələlik, açıqlanmır.

Bundan əvvəl bu formatda sonuncu - 10-cu görüş ötən il noyabrın 27-də Bakıda keçirilmişdi.

Azərbaycan-Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli formatda görüşlər 2014-cü ildən etibarən keçirilir.

Rusiyada məhkəmə dövlətə xəyanətdə ittiham olunan fizikin şikayətini rədd edib

Anatoli Maslov
Anatoli Maslov

Sankt-Peterburqda ikinci apellyasiya məhkəməsi dövlətə xəyanətdə ittiham olunan 78 yaşlı fizik-alim Anatoli Maslovun şikayətini təmin etməyib. İclas qapalı keçirilib. Bu haqda "SotaVision" müxbiri xəbər verir.

Maslov mayda cəzasını sərt rejimdə çəkməklə 14 il həbsə məhkum edilib. Məhkəmənin qərarından sonra Maslovun vəkili Olqa Dinze jurnalistlərə deyib ki, alimin sağlıq durumu "sabit olaraq pisdir", mənəvi baxımdan da sarsılmış vəziyyətdir.

Rusiya Elmlər Akademiyasının Sibir filialının Nəzəri və Tətbiqi Mexanika İnstitutunun aparıcı elmi işçisi A.Maslov 2022-ci ildən təcridxanada saxlanılır. Hökm çıxarılmazdan 3 ay öncə onun ürəyi tutub.

Mayda ona 14 il həbs cızası kəsilib, amma prokurorluq 17 il cəza istəmişdi. Onda da məhkəmə qapalı keçirilmişdi. academ.info-nun yazdığına görə, alim Çinə hipersəslə bağlı məlumat ötürməkdə ittiham olunub.

2018-ci ildən bəri Rusiyada hipersəs sahəsində tədqiqatlarla bağlı azı 12 alim dövlətə xəyanət işi çərçivəsində həbs olunub. Onlardan bəziləri artıq vəfat edib.

Hüquq müdafiəçiləri "hipersəs" mövzusu ilə əlaqədar bütün cinayət işlərini qurama sayırlar. Onlar həmin işləri prezident Vladimir Putinin şəxsi maraqları ilə izah edirlər. Putin bir neçə dəfə bəyan edib ki, yalnız Rusiyada səsdən iti silahlar var.

Senator Kardin Azərbaycan hökumətini haqsız tutulanları azad etməyə çağırır

Ben Kardin
Ben Kardin

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Ben Kardin (Ben Cardin) Azərbaycanı hökumətin haqsız həbs etdiyi şəxsləri "yubanmadan" azadlığa buraxmaqla insan haqları öhdəliyini nümayiş etdirməyə çağırıb.

Senator Kardin noyabrda keçiriləcək COP29 sammiti öncəsi belə bir bəyanatla çıxış edib.

"COP29 kimi böyük beynəlxalq konfransa ev sahibliyi edən ölkələr informasiyanın açıq müzakirəsinə imkan verilməsi, ifadə və sərbəst toplaşma azadlıqlarının tanınması üçün məsuliyyət daşıyır, onlardan bunu gözləyirlər. Azərbaycan bunu etməyib", – bəyanatda deyilir.

Senator Kardin qeyd edir ki, Azərbaycan Avro-Atlantik icması ilə davamlı münasibət qurmaq istəyirsə, o, prezident İlham Əliyevi hökumətin haqsız yerə tutduğu şəxsləri azad etməyə çağırır. Senator bu sırada erməni məhbusları, pis əmək şəraitinə, qızıl hasilatı əməliyyatlarının ətraf mühitə ziyanlı təsirinə etiraz edənləri sadalayır.

Azərbaycanın potensialı var...

"Azərbaycanın beynəlxalq icmanın vacib üzvü, Birləşmiş Ştatların tərəfdaşı olmaq potensialı var. Amma bundan ötrü keçmiş deputat, ətraf mühit fəalı Nazim Bəydəmirli, korrupsiyaya qarşı çıxan Qubad İbadoğlu, demokratiya fəalı Bəxtiyar Hacıyev, insan haqları fəalı İlhamiz Quliyev, müstəqil seçki müşahidəçisi Anar Məmmədli, korrupsiyaya qarşı çıxan redaktorlar və jurnalistlər Ülvi Həsənli, Məhəmməd Kekalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, müstəqil jurnalist Əziz Orucov, fəal Tofiq Yaqublu, jurnalist Ələsgər Məmmədli və iqtisadı Fərid Mehralızadəni buraxmalıdır", – bəyanatda vurğulanır.

Bəyanatda adları çəkilən şəxslər 2023-cü ilin ortasından başlayaraq həbs ediliblər. Hakimiyyət ölkədə siyasi motivli həbslərin olmadığını desə də, insan haqları təşkilatları onların peşə fəaliyyəti, tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Erməni məhbuslara gəlincə, onların sırasında ötən ilin sentyabrında Qarabağda birgünlük hərbi əməliyyatdan sonra saxlanaraq Bakıya gətirilənlər var. Onlar Qarabağdakı keçmiş separatçı rejimin təmsilçiləridir, separatizmdə ittihamlar olunurlar.

Dövlət Departamenti Əfqanıstandan çıxmaqla bağlı hesabatın 'seçilmiş' faktlara əsasən hazırlandığını deyir

Taliban döyüşçüləri Kabildə ABŞ-ın rəhbərlik etdiyi qoşunların Əfqanıstandan çıxarılmasının üçüncü ildönümünü qeyd edirlər.
Taliban döyüşçüləri Kabildə ABŞ-ın rəhbərlik etdiyi qoşunların Əfqanıstandan çıxarılmasının üçüncü ildönümünü qeyd edirlər.

Dövlət Departamenti Nümayəndələr Palatasındakı respublikaçıları 2021-ci ilin avqustunda ABŞ qoşunlarının Əfqanıstandan çıxmasına dair uzun hesabatı xüsusi seçilmiş faktlar əsasında hazırlamaqda, informasiya gizləməkdə ittiham edib.

Departament Palatanın xarici məsələlər komitəsinin sentyabrın 9-da yaydığı hesabata cavabını açıqlayıb. Bu hesabatın həmçinin ölkədə prezident seçkisi kampaniyası dövründə bir partiyanın mövqeyini əks etdirdiyi bildirilir.

Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasının respublikaçı üzvləri "bir partiyanın mövqeyindən bəyanatlar verib, faktlar seçib, Amerika xalqının ifadələrindən istifadə etməyib, gerçəyi fərziyyələrlə ört-basdır edib", – Dövlət Departamenti vurğulayıb.

Bayden-Harris administrasiyası hədəfdə

Hesabatda özəlliklə Bayden-Harris administrasiyası hədəf göstərilir, onların fövqəladə hallarla bağlı plan hazırlamadığı qeyd edilir.

Palatadakı respublikaçılar Birləşmiş Ştatların ən uzunmüddətli müharibəsinin acınacaqlı sonuna görə Bayden administrasiyasını, demokratların prezidentliyə hazırkı namizədi olan vitse-prezident Kamala Harrisi ittiham edir. Əfqanıstandan çıxmağa dair Talibanla sazişi imzalamış keçmiş prezident Donald Trampın rolu kiçildilib.

Palatanın xarici əlaqələr komitəsinin respublikası sədri Maykl Makkolun (Michael McCaul) sözlərinə görə, icmal onu ortaya qoyub ki, Bayden administrasiyasının Əfqanıstan hökumətinin qaçılmaz çöküşü barədə informasiyası olub.

Ancaq təhlükəsiz evakuasiyaya yönəlik tədbir görməkdənsə, "administrasiya görüntünü təhlükəsizlikdən üstün tutub", – Makkol bəyanatında deyib.

Trampın saziş imzalamasından sonra

Hesabatda Trampın 2020-ci ilin fevralında Əfqanıstandan çıxmaqla bağlı imzaladığı sazişdən sonrakı hərbi və mülki uğursuzluqlar sadalanır. Həmin saziş fundamentalist Talibana imkan verdi ki, ABŞ-nin sonuncu məmurları 2021-ci il avqustun 30-da ölkədən çıxmamışdan ölkəni tamamilə ələ keçirsin.

Xaotik çıxış nəticəsində çoxsaylı ABŞ vətəndaşı, əfqan müttəfiqlər, qadın fəallar, Talibanın təhdidi ilə üzləşə biləcək digərləri ölkədən çıxa bilmədi.

Dövlət Departamenti bildirir ki, "Bayden əsgərlərimizi evlərinə qaytarmaq, Amerikanın ən uzunmüddətli müharibəsini bitirmək qərarını verməklə Amerikanın xalqının maraqlarına xidmət edib".

Departamentin cavabında respublikaçı konqresmenlərin 2022-ci ildə hazırladığı hesabatla da paralellər aparılır. Qeyd edilir ki, hesabat "ikipartiyalı həllərə fokuslanmaq əvəzinə ABŞ-nin Əfqanıstana doğru siyasətini daha da siyasiləşdirməklə Amerika xalqına çox pis xidmət göstərib".

Paşinyan Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə danışıqların başladığını deyir

Aİ Şurası iyulda Ermənistanla vizasız rejimlə bağlı danışıqların rəsmən başladığını elan edib.
Aİ Şurası iyulda Ermənistanla vizasız rejimlə bağlı danışıqların rəsmən başladığını elan edib.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminə baxılması üzrə danışıqların başladığını bildirib. Bu barədə o, Avropa Komissiyası başçısının müavini Marqarita Sxinasla görüşdə deyib.

"Münasibətlərimizdə gözəçarpan dəyişikliklərin olmasından şadam: viza rejiminin liberallaşdırılması üzrə danışıqlar başlanır, Avropa Sülh Fondu Ermənistan Respublikasını dəstəkləmək qərarı verib, bunları yüksək qiymətləndiririk", – Paşinyan deyib.

O qeyd edib ki, Ermənistanda Aİ-yə üzv olmağın mümkünlüyü barədə müzakirələr davam edir. "Bu mövzuya detallı və kompleks şəkildə baxmaq lazımdır. Bu zaman Aİ-dəki tərəfdaşlarımızın müşahidələri və məsləhətlərinə qulaq asmaq vacibdir", – baş nazir deyib.

Aİ Şurasının mətbuat xidməti iyulda Ermənistanla vizasız rejimlə bağlı danışıqların rəsmən başladığını elan edib. Bloka üzv ölkələrin viza liberallaşdırılması üzrə dialoqu təsdiqləmək qərarı Ermənistan hökumətinin Qərblə yaxınlaşması, Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda baş verir. İndiliksə Ermənistan vətəndaşlarının Avropa ölkələrinə viza alması çətinliklə başa gəlir.

Yerevanda Yunanıstan, Avstriya, Litva və Xorvatiyaya viza verilən mərkəzlərdə böyük növbələr var. Ajiotaj hər gün yaranmasa da, bəzən vizaların verilməsi aylarla çəkir.

Davamı

XS
SM
MD
LG