Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 03:28

Xəbərlər

update

Rusiya dronları da Kiyevi hədəfə alıb

Ukrayna dronunun hücumundan sonra zədələnmiş çoxmərtəbəli yaşayış binası
Ukrayna dronunun hücumundan sonra zədələnmiş çoxmərtəbəli yaşayış binası

Ukrayna rəsmiləri sentyabrın 10-da bildiriblər ki, Rusiya Kiyevə, Ukraynanın şimal-şərqində kritik infrastruktura genişmiqyaslı dron-raket hücumu gerçəkləşdirib. Rusiya rəsmiləri isə ötən gecə Ukraynanın dron hücumundan Moskva yaxınlığında bir qadının öldürüldüyünü, Moskvanın üç aeroportunda uçuşların dayandırıldığını açıqlayıblar.

Moskvadakı aeroportlarda əməliyyatların artıq bərpa olunduğu deyilir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə iki raket və azı 46 dronla hücuma keçib, dronlardan 38-i vurulub.

Paytaxt Kiyevə istiqamətlənən dronların hamısının vurulduğu bildirilir. Kiyev rəsmiləri şəhərə ziyan dəymədiyini deyirlər.

Ukraynanın şimal-qərbindəki Sumı vilayətində isə kritik infrastruktur obyektlərinə hücum olduğu, amma müdafiə qüvvələrinin hücumu dəf etdiyi xəbər verilir.

AzadlıqRadiosu tərəflərin iddialarını müstəqil yoxlaya bilməyib.

Moskva vilayətinə dron zərbəsindən ölən və yaralananlar var

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Ramenskoye şəhərinə dron zərbələri nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını bildirib. Daha öncə 9 yaşlı uşağın həlak olması barədə informasiya təsdiqini tapmayıb. Qubernator ölənin 46 yaşlı qadın olduğunu deyib.

Vorobyov xəsarət alan üç nəfərin Ramenskoye xəstəxanasına yerləşdirildiyini söyləyib.

Sentyabrın 10-da səhər Sportivnoye döngəsindəki binaya dron zərbəsindən 11-12-ci mərtəbələrdəki mənzillər yanıb. Hazırda yanğının söndürüldüyü bildirilir. Vilayət rəhbəri daha bir dronun Vısokovoltnoye küçəsində evin üzərinə düşdüyünü, orada 9-cu mərtəbədə mənzilə ziyan dəydiyini söyləyib. Onun sözlərinə görə, bir nəfər xəsarət alıb.

"Müvəqqəti sığınacaqlara 43 nəfər yerləşdirilib. Onlar isti yeməklə təmin ediliblər", – Vorobyov vurğulayıb.

O, ötən gecə bir neçə rayonda ümumilikdə dörd dronun məhv edildiyini açıqlayıb.

Paytaxta yaxınlaşan dronlar vurulub

Moskvanın meri Sergey Sobyanin isə həmin dronların paytaxta yaxınlaşarkən vurulduğunu, dron qalıqlarından xəsarət alanların, dağıntıların olmadığını deyib.

"Jukovski" aeroportu yaxınlığında vurulan dronun qalıqlarının yaratdığı fəsadlar aradan qaldırılır, – Sobyanin bildirib.

Aeroportun mətbuat xidməti onun bağlandığını açıqlayıb. Moskvaətrafına dron hücumlarından sonra "Vnukovo", "Şeremetyevo" və "Domodedovo"da reyslər gecikir.

Moskvada Kaşirsk şosesinə dron qalıqları düşməsi orada nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olub.

Tula vilayətində də iki dron vurulub, xəsarət alan olmayıb. Dronların qalıqlarının yanacaq-energetika kompleksi obyektlərindən birinin üzərinə düşdüyü xəbər verilir.

Bundan başqa, Bryansk və Lipetsk vilayətləri də dron hücumuna məruz qalıb. Bryanskın qubernatoru 59 dronun məhv edildiyini açıqlayıb.

Əliyev sülh danışıqlarının Astanada keçirilməsi təklifini qəbul edib

İlham Əliyevin Kasım-Jomart Tokayevi qarşılaması (Arxiv fotosu)
İlham Əliyevin Kasım-Jomart Tokayevi qarşılaması (Arxiv fotosu)

Azərbaycan Bakı və Yerevan arasında sülh müqaviləsi danışıqların Astanada aparılmasına dair Qazaxıstanın təklifini məqbul hesab edir.

Bunu sentyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyevin mətbuat xidməti onun qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon söhbətindən sonra xəbər verib.

Mayın əvvəllərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan Astanada görüşərək iki ölkə arasında sülh müqaviləsini müzakirə etmişdilər.

Ötən həftə Əliyev bəyan etmişdi ki, sülh müqaviləsi mətninin 80 faizinə dair razılaşma əldə olunub.

Bakı Yerevandan Ermənistan konstitusiyasının preambulasında Qarabağın Ermənistanla birləşməsinə dair qərara istinadın çıxarılmasında israr edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində nəzarətini, ərazi bütövlüyünü bərpa edib.

Amma tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

‘Abzas Media işi’ üzrə ibtidai istintaq bitib

“Abzas Media işi” üzrə müttəhimlər
“Abzas Media işi” üzrə müttəhimlər

“Abzas Media işi” üzrə ibtidai istintaqın başa çatdığı bildirilir. Bu barədə vəkil Zibeyda Sadıqova məlumat verib.

Onun sözlərinə görə, bu gün, sentyabrın 9-da istintaq orqanı yekun protokolu elan edib.

Vəkil qeyd edib ki, jurnalistlər Cinayət Məcəlləsinin 7 maddəsi üzrə ittiham olunur:

"192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci ,320.2-ci və 213.2.1-ci maddələri ilə ( külli miqdarda gəlirlə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstənin cinayət yolu ilə əldə etdiyi xeyli miqdarda pulu leqallaşdırma, mütəşəkkil dəstənin qaçaqmalçılığı, sənəd saxtalaşdırma... və mütəşəkkil dəstə halında vergidən yayınma) ittiham verilib”.

Z. Sadıqova qeyd edib ki, növbəti mərhələdə vəkillər işin materialları ilə tanış olacaqlar: "Cinayət işi 20 cilddən ibarətdir". Daha sonra iş baxılması üçün məhkəməyə göndərilməlidir.

Hələlik, işlə bağlı istintaq qurumu olan Daxili İşlər Nazirliyi ilə isə danışmaq mümkün olmayıb.

“Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə bu iş üzrə təqsirləndirilən şəxslərdir.

Əvvəlcə ötən il noyabrın 21-də Ülvi Həsənli və Sevinc Vaqifqızı daha sonra isə digərləri həbs ediliblər. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hər biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Qardaşı: 'Ələsgər Məmmədlinin böyrəyində daş aşkarlanıb'

Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli
Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli

Qardaşı Nəsimi Məmmədli deyir ki, "Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin sol böyrəyində daş aşkar edilib.

Onun sözlərinə görə, Ə.Məmmədli ötən həftəsonu saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında müayinədən keçib. "Mədəaltı vəzin genişlənməsi sabit olaraq qalır. Özəl həkim tərəfindən qalxanabənzər vəzin təkrar müayinəsi zamanı düyünlərin daha da böyüməsi aşkar edilməyib. Eyni zamanda, Ələsgərin boğulma halları və baş ağrıları davam edir, görməsi zəifləyib", - qardaşı vurğulayıb.

N.Məmmədlinin sözlərinə görə, həbsdə saxlandığı yarım il ərzində qardaşı ilə bağlı heç bir istintaq hərəkəti aparılmayıb: "Qardaşımda olan ciddi xəstəliklərlə onu həbsdə saxlamağın mənası aydın deyil".

Penitensiar Xidmət və istintaq orqanının (Daxili İşlər Nazirliyi) nümayəndələrindən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Ukraynanın yeni xarici işlər naziri Gürcüstandakı ötkəm elçinin missiyasına son verir

Andrey Sibiqa
Andrey Sibiqa

Ukraynanın yeni təyin olunmuş xarici işlər nazir Andrey Sibiqa vəzifədə ilk addımlarından biri olaraq Gürcüstandakı müvəqqəti işlər vəkilinin uzunmüddətli missiyasına son verib. O, vəzifədən kənarlaşdırılan Mixaylo Xarışinin müharibə dövrü diplomatiyası reallıqlarını anlamadığını deyib.

Xarışin bu yaxınlarda ictimai şəkildə deyib ki, adı çəkilməyən qüvvələr Gürcüstanla Ukraynanın tarixən güclü əlaqələrinə zərbə vurmağa çalışırlar.

Sıbiqa sentyabrın 5-də xarici işlər naziri təyin olunub. İki il yarım öncə Rusiyanın işğalı başlayandan Ukrayna hökumətdə ən böyük dəyişikliklərdən birini gerçəkləşdirib.

Sibiqa Kiyevin səfirləri və konsulları ilə məsləhətləşmələr barədə xəbərlərdən sonra sosial mediada yazıb ki, Ukrayna diplomatiyası üçün qeyd-şərtsiz prioritet ölkəsinin silahlar və başqa müdafiə ehtiyaclarıdır.

Kiyev Tbilisidəki səfirini təxminən iki il qabaq müvəqqəti işlər vəkili ilə əvəzləyib. Ukrayna prezidenti Volodimir Zelenski işğal başlayandan bir həftə sonra Gürcüstandakı səfiri məsləhətləşmələr üçün geri çağırmışdı. Buna Gürcüstan hökumətinin Ukraynaya köməyə getmək istəyən könüllülərə əngəl törətməsi barədə məlumatlar səbəb olmuşdu.

Gürcüstanın Kiyevdəki səfiri Giorgi Zakaraşvili 2023-cü ilin iyulunda Zelenski ilə Tbilisi arasında açıq mübahisədən sonra Ukraynanı tərk edib.

Müharibə boyunca tərəflər arasında gərginlik artıb. Belə ki, Gürcüstanın hakim partiyası Moskva ilə əlaqələri bəzi aspektlərdə görünən şəkildə yumşaldıb, Qərb tərəfdaşları ilə mübahisələri qızışdırıb.

Rusiyada səsvermə bitir. Putinin müttəfiqlərinin qalib gələcəyi gözlənilir

İlhaq edilmiş Sevastopolda seçki təbliğatı
İlhaq edilmiş Sevastopolda seçki təbliğatı

Hakim Vahid Rusiya Partiyası təmsilçilərinin 21 regionun çoxunda qubernator və yerli qanunverici orqanlara deputat seçkilərində qalib gələcəyi gözlənilir. Əksər insan haqları qrupları və müstəqil ekspertlər isə seçkidə həqiqi rəqabətin olmadığını deyirlər.

Üçgünlük səsvermə sentyabrın 8-də başa çatıb. Moskva Şəhər Dumasının, Sankt-Peterburq şəhəri rəhbərliyi də seçilirdi.

Hazırda vəzifədə olanlar öndədir

Vəzifədə olan, yaxud müvəqqəti vəzifə icra edən qubernatorların, əsasən, birtərəfli keçmiş seçki yarışında öndə getdiyi görünür.

Rusiya hakimiyyəti bu seçkidə Putin tərəfdarlarının seçilməsini Ukraynada iki il yarımdır gedən müharibədə vətənpərvərlik təcəssümü sayırlar. Moskva təcavüzkar müharibəsini "xüsusi hərbi əməliyyat" adlandırır, eyni zamanda narazılara divan tutur.

"Səmimi olaq: Müharibə gedir. Tapşırığımız düşməni məğlub etməkdir", – keçmiş prezident və baş nazir, Putinin çoxdankı müttəfiqi Dmitri Medvedev TASS dövlət xəbər agentliyinə deyib. Medvedev hazırda hakim Vahid Rusiya Partiyasının sədridir.

Putin 24 ildir Rusiyanı idarə edir. Ölkədə seçkilər həmişəkindən daha sərt nəzarət altında keçirilir, heç bir etibarlı beynəlxalq müşahidə missiyası, həqiqi müxalif namizəd olmayıb.

Ukraynanın bəyanatı

Ukraynanın işğal olunmuş vilayətlərində, ilhaq edilmiş Krımda da bülletenlər yığılıb.

Ukraynanın Xarici İşlər Nazirliyi işğal altında olan regionlardakı prosesi beynəlxalq hüququn pozulması, seçkiləri "dəyərsiz", "qanunsuz" adlandırıb.

"Qolos" seçicilərin hüquqlarını müdafiə qrupu isə "seçkilərin imitasiyası" prosesində gerçək rəqabətin olmadığını vurğulayıb.

Qrup bildirib ki, namizədlərin üçdə birini Rusiya seçki orqanları prosesə buraxmayıb.

Səslərin yığılması üç gün çəkib.

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) başçısı Ella Pamfilova deyib ki, səsvermə prosesində ciddi pozuntu olmayıb, seçici fəallığı 90 faiz civarında olub.

"Qolos" təkcə seçki kampaniyası dövründə azı 500 pozuntu iddiası aldığını bildirib.

İsrailin Suriyaya zərbələrindən 14 nəfər həlak olub

Suriyanın Dəməşq şəhərində beynəlxalq hava limanı yaxınlığında səmaya uçan raketlər.
Suriyanın Dəməşq şəhərində beynəlxalq hava limanı yaxınlığında səmaya uçan raketlər.

İsrailin ötən gecə Suriyaya endirdiyi zərbələrdən ölənlərin sayı 14-ə, yaralı sayı 40-a yüksəlib. Bu haqda Suriya dövlət mediası sentyabrın 9-da məlumat yayıb.

"Reuters" mənbələrə istinadla hücumların hədəfinin böyük hərbi tədqiqat mərkəzi olduğunu yazır.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailə hücum edəndən bəri İsrail Suriyada İranın dəstəklədiyi hərbi hədəflərə zərbələri gücləndirib, həmçinin Suriya ordusunun müdafiəsi, bəzi qüvvələri vurulub.

Yerli səhiyyə rəsmisi Suriya dövlət xəbər agentliyinə deyib ki, 13 nəfər xəsarət alıb, bəzilərinin durumu ağırdır.

İsrail adətən Suriyaya zərbələr barədə konkret xəbərləri şərh etmir, bu zərbəyə də münasibət açıqlanmayıb.

Qəzzada müharibə başlayandan Suriyaya ən böyük hücum apreldə İran səfirliyini şübhəli İsrail hərbi təyyarələrinin bombalaması olub. İran həmin zərbədə yeddi hərbi müşavirin, o cümlədən üç aparıcı komandirin həlak olduğunu bildirib.

HƏMAS-ın İsrailə 7 oktyabr hücumunda 1200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. Girovlardan bir qismi sonradan buraxılsa da, təxminən 100 nəfərin hələ də girovluqda qaldığı, onlardan bəzilərinin öldürüldüyü bildirilir.

Livanla sərhəd

İsrail hərbi kabinetinin keçmiş üzvü Benni Qants bazar günü deyib ki, İsrail diqqətini "Hizbullah" qruplaşması və Livanla sərhədə yönəltməlidir. "Gecikirik", – o xəbərdarlıq edib.

İranın dəstək verdiyi, İsrail və ABŞ-ın terrorçu saydığı "Hizbullah" qruplaşması İsraillə, demək olar, hər gün sərhəd boyunca atışır. Bu Livan qruplaşması HƏMAS-ı dəstəklədiyini bildirib.

"Qəzzanı idarə etməyə yetərincə qüvvələrimiz var, şimalda nə getdiyinə fokuslanmalıyıq", – Vaşinqtonda Yaxın Şərq forumunda danışan Qants deyib. O, İran və əlaltılarını "real məsələ" adlandırıb.

İsrailin Qəzzaya cavab zərbələrində 41 minə yaxın insanın öldürüldüyü bildirilir. BMT-nin insan haqları ofisi ölənlərin çoxunun qadınlar və uşaqlar olduğunu açıqlayıb.

Venesuela müxalifətinin lideri İspaniyaya siyasi sığınacaq almağa gedib

 Edmundo Qonsales
Edmundo Qonsales

Venesuelada müxalifətin prezidentliyə namizədi Edmundo Qonsales bazar günü – sentyabrın 8-də siyasi sığınacaq üçün İspaniyaya uçub. Bu barədə Madrid açıqlama yayıb.

İspaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Nikolas Maduronun seçkidə rəsmən qalib olunmasına qarşı çıxan Qonsales həyat yoldaşı ilə birlikdə Torrexon-de-Ardos hərbi bazasına çatıb.

ABŞ, Aİ, digər güclər 75 yaşlı Qonsalesi mübahisəli seçkinin qalibi kimi görürdülər. Bir həftə öncə Venesuela hakimiyyəti onu gizli fəaliyyət və digər cinayətlərdə ittiham edərək həbsinə order verib.

"Demokratiyanın qəmli günü"

"Bu gün Venesuelada demokratiyanın qəmli günüdür. Demokratiyada heç bir siyasi lider başqa ölkədə sığınacaq istəməyə vadar edilmir", – Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel bəyanatında deyib.

"Qonsales demokratiyanın ən yaxşı ümidi olaraq qalır", – bunu isə ABŞ-ın dövlət katibi Entoni Blinken X platformasında yazıb: "Biz Maduro və təmsilçilərinin hakimiyyətdən zorla yapışmasına imkan verməməliyik".

Venesuelanın vitse-prezidenti Delsi Rodriqes Instagram-da yazıb ki, hakimiyyət siyasi asayişi bərpa etmək üçün Qonsalesə təhlükəsiz çıxış verib. İspaniya Xarici İşlər Nazirliyi isə Qonsalesin ölkədən çıxması ilə bağlı Venesuela hökuməti ilə rəsmi danışıqlar aparılmadığını bildirib.

Venesuela müxalifəti Qonsalesin 28 iyul seçkisinin qalibi olduğunu bildirib, onun qələbəsinin əks olunduğunu dediyi səsvermə nəticələrini yayıb.

Maduro isə deyilənləri rədd edərək bildirib ki, sağ-qanad onun hökumətini qəsdlə sabotaj etməyə çalışır.

Müxalifət qələbəsinin tanınmasından ötrü daha çox etirazların keçirilməsinə, beynəlxalq təzyiqi gücləndirməyə çağırır. Amma indiyədək bu taktikanın nəticəsi olmayıb, getdikcə hökumətə qarşı mitinqlərə daha az adam qatılır.

Rumıniya və Latviya Rusiyanı onların hava məkanını hərbi dronlarla pozmaqda suçlayır

Rumıniya hava məkanını qısa müddətə pozaraq Ukraynaya tərəf uçan dronu izləmək üçün havaya iki qırıcı qaldırıb.
Rumıniya hava məkanını qısa müddətə pozaraq Ukraynaya tərəf uçan dronu izləmək üçün havaya iki qırıcı qaldırıb.

NATO üzvləri Rumıniya və Latviya sentyabrın 8-də Rusiyanı bu ölkələrin hava məkanını hərbi dronlarla pozmaqda suçlayıb. Bu isə Moskva ilə Qərb arasında gərginliyi daha da qızışdırıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Rusiya hərbi dronları, raketlərindən Ukraynaya qonşu ölkələrin ərazisinə düşən, orada qəzaya uğrayanlar olub. Rumıniya sonuncu dəfə bu ilin iyulunda bir neçə dəfə ərazisinə dron qalıqları düşdüyünü təsdiqləyib.

Rumıniya havaya qırıcıları qaldırıb

Bu ölkənin Xarici İşlər Nazirliyi Rusiyanın "kriminal" uçan aparatlarının Rumıniyanın hava məkanını pozduğunu deyərək ona etiraz bildirib.

Sentyabrın 8-də X platformasında yerləşdirilən bəyanatda nazirlik Rusiyanı "ehtiyatsız" eskalasiyanı dayandırmağa çağırıb. Qurum insidentlərlə bağlı NATO və müttəfiqləri ilə konsultasiyalara başladığını əlavə edib.

Bundan öncə Rumıniya elə həmin gün bildirib ki, Rumıniyanın hava məkanını qısa müddətə pozaraq Ukraynaya tərəf uçan dronu izləmək üçün havaya iki qırıcı qaldırıb. Ordunun məlumatına görə, Ukrayna ilə sərhəddə yerləşən Periprava kəndinin ətrafında axtarış aparılır, dronun orada qəzaya düşməsindən şübhələnirlər.

NATO-nun baş katibinin müavini, Rumıniyanın aparıcı diplomatı Mirça Coane deyib ki, hərbi alyans Rusiyanın Rumıniyanın hava məkanını pozmasını pisləyir.

"Rusiyanın müttəfiqlərə qarşı məqsədli hücumuna dair informasiyamız olmasa da, bu hərəkətlər məsuliyyətsizdir, təhlükəli ola bilər", – o, X platformasında yazıb.

Latviyadan bəyanat

Latviya da sentyabrın 7-də Rusiya hərbi dronunun onun hava məkanını pozaraq ərazisində qəza etdiyini bildirib.

"Müttəfiqlərimiz ilə sıx təmasdayıq. NATO-nun şərq cinahında belə insidentlərin sayı artır, onları birlikdə həll etməliyik", – Latviyanın prezidenti Edqars Rinkeviçs X-də yazıb.

Latviyanın Müdafiə Nazirliyi bəyanatında bildirib ki, dron ölkənin hava məkanına Belarusdan keçib, Rezekne bələdiyyəsi ərazisində qəza edib.

"Bu vəziyyət Latviyanın şərq sərhədini möhkəmləndirmək üçün başladığımız işi davam etdirməli olduğumuzu təsdiqləyir. PUA-ların və digər aparatların fəaliyyətini məhdudlaşdırmaqdan ötrü havadan müdafiə və radioelektron mübarizə imkanlarını inkişaf etdirmək də buraya daxildir", –AFP-nin məlumatına görə, müdafiə naziri Andris Spruds deyib.

ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı müzakirə edilib

Patrik Prayor
Patrik Prayor

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor Bakıya səfəri çərçivəsində (6-7 sentyabr) Azərbaycan prezidentinin köməkçisi Hikmət Haciyevlə görüşüb.

ABŞ səfirliyi bildirir ki, görüşdə iki ölkənin münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.

Rəsmi Bakı görüşlə bağlı hələ məlumat yaymayıb.

+++

6 sentyabr

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayor məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.

Bu barədə ABŞ səfirliyinin X sosial şəbəkəsindəki hesabında bildirilib.

Hələlik, bu səfər çərçivəsində keçirilən görüşlərlə bağlı məlumat verilmir.

Elnarə Qasımovanın və Fərid Mehralızadənin həbs müddəti uzadılıb

Elnarə Qasımova
Elnarə Qasımova

Bu gün Xətai rayon Məhkəməsində "AbzasMedia işi" üzrə həbs olunan jurnalist Elnarə Qasımovanın və iqtisadçı Fərid Mehralızadənin həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə AzadlıqRadiosuna müdafiə tərəfləri məlumat verib.

Söhbət məhkəmə istintaqına qədər həbs-qətimkan tədbirinin uzadılmasından gedir.

E.Qasımovanın həbs müddəti noyabrın 13-nə, F.Mehralizadənin isə dekabrın 19-na qədər uzadılıb.

Bununla bağlı istintaq orqanının təqdimatı təmin edilib.

Onların həbs müddəti sentyabrın 20-də başa çatırdı.

F.Mehralızadə iyunun 1-də həbs edilib. E.Qasımova isə bu il yanvarın 15-də həbs olunmuşdu. Onun buna qədər də həbs müddəti artırılmışdı.

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamları ağırlaşdırılıb. Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınmaq, sənəd saxtalaşdırması və saxta sənədlərdən istifadə ilə bağlıdır.

Fərid Mehralızadə
Fərid Mehralızadə

Əvvəlki ittihamla onlara 8, sonrakı ittihamlarla isə 12 ilə qədər həbs cəzası verilə bilər. Onlar ittihamı qəbul etmirlər.

Onlardan başqa bu iş üzrə həbs edilən daha bir neçə nəfərin də ittihamı ağırlaşdırılıb.

Vəkil Cavad Cavadovun AzadlıqRadiosuna bildirməsinə görə, F.Mehralızadə məhkəmədə deyib ki, onun bu işlə, ümumiyyətlə, əlaqəsi yoxdur. O ehtimal edir ki, həbsi çoxsaylı iqtisadi təhlilə söykənən tənqidi çıxışları, yazıları ilə bağlıdır.

E.Qasımovanin vəkili Günay İsmayılovanın sözlərinə görə, o da həbsini jurnalist fəaliyyəti ilə izah edib.

'AbzasMedia işi' üzrə həbslər uzadılır

Bir gün sonra, sentyabrın 7-də Xətai rayon Məhkəməsində "AbzasMedia işi" üzrə həbs olunanlardan daha bir neçəsinin- bu nəşrin baş redaktoru Sevinc Vaqifqızının, direktoru Ülvi Həsənlinin, əməkdaşı Məhəmməd Kekalovun, jurnalist Nərgiz Absalamova və araşdırmaçı jurnalist Hafiz Babalının da həbs müddətləri artırılıb. Onların isə həbs müddətinə istintaqın təqdimatı əsasında 3 ay əlavə edilib.

Ü.Həsənli və S.Vaqifqızının həbs müddəti bundan əvvəl iyunun 12-də artırılmışdı. Ondan bir gün əvvəl Nərgiz Absalamovanın, iki gün əvvəl isə digər qalanlarının həbs müddətlərinə əlavələr edilmişdi.

Bu işdə əvvəlcə ötən il noyabrın 21-də Ü.Həsənli və S.Vaqifqızı həbs olunublar. Sonradan digər qeyd edilən şəxslərlə də bağlı qaçaqmalçılıq ittihamı ilə həbs-qətimkan tədbiri seçilib.

Sonradan bəzilərinin ittihamları ağırlaşdırılan (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və başqa ittihamlarla) bu şəxslər özlərini təqsirsiz sayırlar. Onların həbs müddəti bu müddət ərzində bir neçə dəfə artırılıb.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların əvvəlcə çoxu "AbzasMedia işi" ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib. Amma onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Əli İnsanovun məhkumluğu götürüldü

Əli İnsanov
Əli İnsanov

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun üzərində olan məhkumluq götürülüb. Sentyabrın 6-da Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyev buna qərar verib.

AzadlıqRadiosuna məhkəmədən verilən məlumata görə, Ə.İnsanov məhkumluğunun vaxtından əvvəl götürülməsindən ötrü 6 ay əvvəl ərizə vermişdi. 2024-cü ilin mayından Binəqədi rayon Məhkəməsində bu məsələyə baxılırdı.

Sabiq nazir deyir ki, məhkumluq ona bir sıra məhdudiyyətlər yaradır.

Keçmiş səhiyyə naziri 2005-ci ildə 11 il azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə az vaxt qalmış ona əlavə ittiham verilmişdi. Eks-nazirə 2016-cı ildə əlavə 7 il 5 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Prezidentin 2019-cu ildə imzaladığı əfv sərəncamı ilə Ə.İnsanov azadlığa buraxılıb.

İlham Əliyev: Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb

İlham Əliyev
İlham Əliyev

Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb.

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri sentyabrın 6-da prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışında deyib.

Daha sonra o, sərhədin delimitasiya və demarkasiyası prosesindən bəhs edib.

"13 kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək", - o vurğulayıb.

Ermənistandan deyilənlər...

Ermənistan baş naziri Nikol Paşinyan bugünlərdə demişdi ki, sülh sazişi layihəsinin 17 bəndindən 13-ü tam razılaşdırılıb. "Təklif edirik ki, indiki məqamda razılaşdırılanları imzalayaraq ratifikasiya edək, qalan məsələlər üzrə müzakirələri davam etdirək", – o bildirib.

Azərbaycan prezidenti İ.Əliyev isə bundan əvvəl bəyan edib ki, Ermənistanın mövcud konstitusiyasının dəyişdirilməsi sülh sazişinin imzalanmasından ötrü vacib şərtdir. Bakı həmin sənəddə Azərbaycana qarşı ərazi iddialarının olduğunu bildirir.

Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrı vasitəçiliyi ilə sülh danışıqları aparılsa da, hələlik, nəticə əldə edilməyib. Amma ötən ildən başlayaraq tərəflər sərhədin delimitasiyası üzrə birbaşa danışıqlara başlayıblar. Bu danışıqlar çərçivəsində bu ilin aprelində Azərbaycana nəzarətində olmayan dörd kəndin, Ermənistana isə müəyyən ərazilərin qaytarıldığı açıqlanıb.

Bu ilin aprelinə qədər Azərbaycan səkkiz kəndinin, Ermənistan isə 30-dan çox kəndinin ərazilərinin işğalda olduğunu deyirdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində nəzarətini, ərazi bütövlüyünü bərpa edib. Amma tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

Pavel Durov Fransada saxlanandan sonra ilk postunu dərc edib

Pavel Durov
Pavel Durov

Telegram sosial şəbəkəsinin qurucusu Pavel Durov Fransada saxlanandan sonra kanalında ilk postunu dərc edib.

O, tərəfdarlarına dəstəyə görə təşəkkür edərək yazıb ki, Fransa polisi onu dörd gün ərzində dindirib, bunu Durovun "Telegram-ın başqaları tərəfindən qanunsuz istifadəsi üçün məsuliyyət daşıması" ilə izah edib. Ona həmçinin deyilib ki, əsasını qoyduğu sosial şəbəkənin administrasiyası hakimiyyətin sorğularına cavab verməyib.

Durov özünə qarşı iddiaları "gözlənilməz", vəziyyəti isə "təəccüblü" adlandırıb, çünki, onun postda yazdığı kimi, Telegram-ın Avropa İttifaqında rəsmi təmsilçisi var, sorğulara o cavab verir. O özü isə şəxsən Fransada terrorçuluq təhlükəsi ilə mübarizə üçün Telegram-ın qaynar xəttinin yaradılmasına kömək edib, bütün bu müddət ərzində Fransa hakimiyyətinin əlində onunla əlaqə qurmaqdan, kömək istəməkdən ötrü çoxsaylı üsullar olub, - Durov belə yazır.

Onun sözlərinə görə, hansısa ölkə internet-xidmətdən məmnun deyilsə, mövcud praktika odur ki, bu xidmətə qarşı məhkəmə iddiası qaldırılır, onun baş direktoru üçüncü tərəflərin törətdiyi cinayətlərə görə ittiham edilmir.

Telegram-ın qadağan olunduğu ölkələr

"Bəzən biz konfidensiallıqla təhlükəsizlik arasında balans barədə ölkənin tənzimləyici orqanı ilə razılığa gələ bilmirik. Belə hallarda bu ölkəni tərk etməyə hazırıq. Bunu dəfələrlə etmişik. Rusiya bizdən izləmələr üçün şifrələmə kodlarını tələb edəndə imtina etdik və Telegram Rusiyada qadağan olundu. İran bizdən dinc etirazçıların kanallarını bloklamağı tələb edəndə imtina etdik – və Telegram İranda qadağan olundu. Biz prinsiplərimizə uyğun gəlməyən bazarları tərk etməyə hazırıq, çünki bunu pula görə etmirik", – Durov yazıb.

O, həmçinin Telegram-da cinayətkarlarla mübarizə üçün tədbirlər görüləcəyini vəd edib.

"Qarşıma məqsəd qoymuşam ki, bu mənada vəziyyəti əhəmiyyətli şəkildə düzəldək. Artıq şirkət daxilində bu prosesə başlamışıq, tezliklə sizinlə əldə etdiyimiz proqres barədə daha detallı informasiyanı bölüşəcəyəm", – Durov qeyd edib.

P.Durov avqustun 24-də Parisin Le-Burje aeroportunda saxlanılıb. Dörd gün sonra ona qarşı irəli sürülən ittihamların böyük hissəsi Telegram messenceri vasitəsilə törədildiyi bildirilən cinayətlərlə bağlıdır, platforma administrasiyasının isə Fransanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etdiyi deyilir.

Durov məhkəmə nəzarəti altında, 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb. Biznesmenin Fransanı tərk etməsi yasaqlanıb. O, həftədə iki dəfə polisdə qeydiyyatdan keçməlidir.

Bəhruz Səmədovun mənzilində axtarışla bağlı şikayəti təmin edilməyib

Bəhruz Səmədov
Bəhruz Səmədov

Həbsdə olan politoloq Bəhruz Səmədovun mənzilində axtarış aparılması ilə bağlı şikayəti təmin edilməyib.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 5-də Səbail rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfi avqustun 21-də B.Səmədovun Bakıda yaşadığı evində aparılmış axtarış üzrə protokolu qanunsuz saymağı və müsadirə olunmuş əşyaları qaytarmağı xahiş edib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Səmədov avqustun 21-də saxlanılıb, iki gün sonra məhkəmə onu dövlətə xəyanət ittihamı ilə 4 ay müddətinə həbs edib. O, ittihamı qəbul etmir.

Avropa İttifaqı və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) Səmədovun həbsini pisləyib.

Xatırlatma

B.Səmədov Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alır. O, müharibə əleyhinə yazıları ilə seçilir. Xüsusilə Azərbaycan və Ermənistan arasında 2020-ci ildə 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı o, rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

Həmin hərbi əməliyyatlar zamanı rəsmi Bakı bütün ölkə ərazisində suverenliyinin bərpa olunduğunu açıqlayıb. Üstəlik, rəsmi Bakı Qarabağda birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirləri" adlandırmışdı. Ermənistan isə Qarabağda keçirilən həmin əməliyyatı "etnik təmizlənmə" sayırdı. Həmin əməliyyatdan sonra Qarabağdan erməni əhali köç edib.

B.Səmədov ötən il açıqlamalarının birində vurğulamışdı ki, Azərbaycan hökumətinin dialoq yox, güc tətbiq etməsi onun demokratik olmasına mane olur.

Gürcüstan və Azərbaycan Əfqan Muxtarlıya 21 min avro ödəməlidir

Əfqan Muxtarlı Bakı ilə Tbilisi arasında gizli sövdələşmə olduğunu iddia edir
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 5-də Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə qərarlarını açıqlayıb.

Qərarlardan biri hazırda mühacirətdə olan jurnalist Əfqan Muxtarlının şikayəti ilə əlaqəlidir.

Həmin məhkəmə işi Ə.Muxtarlının 2017-ci ildə müvəqqəti yaşadığı Gürcüstandan oğurlanıb gizli şəkildə Azərbaycana gətirilməsi, pis rəftara məruz qalması, daha sonra onun həbs edilməsi və məhkəməyə qədər həbsdə saxlanmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, məruz qaldığı bütün hərəkətlər onu susdurmaq və jurnalist fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıyıb.

AİHM qərarında Gürcüstan dövlətinin ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrinin pozulduğuna qərar verib.

Habelə Azərbaycana münasibətdə Konvensiyanın 5 və 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinin pozulduğu hesab edilib.

Qərara görə, ərizəçiyə Gürcüstan hökuməti 10 min, Azərbaycan hökuməti isə 6 min avro mənəvi zərər əvəzi ödəməlidir. Bundan əlavə, ərizəçiyə xərcə, məsrəflərə görə Gürcüstan və Azərbaycan hökumətlərinin hərəsi ayrılıqda 2 min 500 avro ödəməlidir.

Hələlik, qərara Azərbaycanın və Gürcüstanın rəsmi qurumlarının münasibəti bəlli deyil.

Xatırlatma

Ə.Muxtarlı 2020-ci il martın 17-də həbsdən azad edilərək Almaniyaya, ailəsinin yanına göndərilib.

O, 2017-ci ildə həbs olunub, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırılaraq 6 il həbs cəzası alıb.

2014-cü ildən mühacirətə gedən jurnalist Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib. O bu məsələdə Gürcüstanın hüquq-mühafizə orqanlarını da günahkar sayır. Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsassız olduğunu açıqlamışdı.

Özbəkistanda qadın 33 ilin videosuna görə məhkum edilib

ÖİH-nin keçmiş lideri Tohir Yuldaş Namanqanda hökumət binasının ələ keçirilməsindən sonra danışır. Prezident İslam Karimov dizi üstə oturub.
ÖİH-nin keçmiş lideri Tohir Yuldaş Namanqanda hökumət binasının ələ keçirilməsindən sonra danışır. Prezident İslam Karimov dizi üstə oturub.

Özbəkistanda bir qadına qarşı keçmiş prezident İslam Karimovun islamçılarla danışdığını göstərən 1991-ci ilə aid videonu paylaşdığına görə məhkəmə hökmü qüvvədə saxlanılıb. "Human Rights Watch" (HRW) insan haqları təşkilatı sentyabrın 4-də hökmü pisləyib.

İki həftə öncə Daşkənd regional məhkəməsi Sevara Şaydullayevaya qarşı 30 aylıq şərti cəzanı qüvvədə saxlayıb. Qadın bu ilin aprelində "Özbəkistanda konstitusiya quruluşunu devirməyə açıq çağırışın yer aldığı materialları bilərəkdən saxlayıb yaymaqda" təqsirli bilinib.

Videonu anası ilə birlikdə yayan Şaydullayevaya bəzi qadağalar tətbiq olunub. O, ictimai tədbirlərə qatıla bilməz, Daşkənd vilayətini icazəsiz tərk edə bilməz.

"Özbəkistan hakimiyyəti Sevaranı keçmiş prezidentin videosunu paylaşdığına görə mühakimə etməməlidir. Hakimiyyət onun məzmunu ilə razılaşmasa da, 33 ilin videosunda deyilənlər artıq tarixdir", – təşkilatın Orta Asiya üzrə tədqiqatçısı Mihra Ritman deyib.

Videoda nə var

Sözügedən video 1991-ci ilin dekabrında şərqi Namanqan şəhərində çəkilib. Karimov bir zalda oturdularaq "əl-Qaidə"yə bağlı Özbəkistan İslamçı Hərəkatının gələcək lideri Tohir Yuldaşı dinləməyə məcbur edilib. O, Karimova hökumət və islam barədə məruzə deyib. Şaydullayevanın YouTube-dan yüklədiyi video on illərdir dövr edilir.

Karimov daha sonra Namanqanda yerli hökumət idarələrini tutmuş bir qrup şəxslə görüşüb. Onlar Özbəkistanın islam dövləti elan olunmasını tələb ediblər, Karimov da videoda bunu vəd edir.

Ancaq 1990-cı illərin sonlarından başlayaraq Karimov hökuməti müsəlmanlara qarşı kütləvi təzyiqlərə başlayıb və bunu 2016-cı ildə vəfat edənədək sürdürüb.

HRW-nin bəyanatında deyilir ki, vəzifədə olan prezident Şavkat Mirziyoyevin dövründə də din və ifadə azadlığına ciddi məhdudiyyətlər qalmaqdadır.

"Azı 30 il öncə baş verənlərin əks olunduğu videonu yaymaq cinayət sayılmamalıdır. Özbəkistan hakimiyyəti Şaydullayevaya qarşı hökmü dərhal ləğv etməli, onun azadlığına bütün məhdudiyyətləri qaldırmalıdır", – Ritman vurğulayıb.

Ukraynadan uçan Rusiya dronlarının Belarus üzərində vurulduğu deyilir

"Şahed" dronunun vurulması
"Şahed" dronunun vurulması

Sentyabrın 5-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya dronlarla hücum edib. Ölkə ərazisində hava həyəcanı elan edilib.

Gecə Jitomirdə partlayış səsləri eşidilib. Kiyevin meri Vitali Kliçko səhər bildirib ki, dronlara görə şəhərdə havadan müdafiə sistemləri işləyir.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, dronlar Çerniqov, Kiyev və Sumı vilayətləri istiqamətində uçub. Hücumun nəticələri barədə, hələlik, informasiya yoxdur.

Belarusun Qomel şəhərində də partlayışlar eşidilib. "Belaruski Qayun" monitorinq kanalı bildirir ki, Qomel rayonunda Rusiyanın Ukraynaya buraxdığı "Şahed" dronları vurulub, iki partlayış səsi eşidilib, Belarus qırıcıları havaya qalxıb.

"Nikolayevski Vanyok" Teleqram kanalının hesablamasına görə, ümumilikdə bu gün Ukrayna-Belarus sərhədini "yeddi və ya səkkiz" Rusiya dronu keçib. "Şahed"lər hələ də Ukrayna səmasında dövrə vurur – Kiyev də daxil olmaqla səkkiz bölgədə hava həyəcanı səslənir.

"Flaqştok" nəşrinin məlumatına görə, dronların qalıqları Novobelitsk rayonuna düşə bilərdi, orada iki kiçik yanğın baş verib və söndürülüb.

"Belaruski Qayun" daha sonra Qomel vilayətində iki istiqamətə iki dronun hərəkət etdiyini xəbər verib.

Rusiyanın Müdafiə Nazirliyi Belqorod, Kursk və Bryansk vilayətləri üzərində raket və dronların vurulduğunu bəyan edib. Qara dənizin şimal-şərq hissəsində isə iki ekipajsız katerin məhv edildiyi bildirilir.

FT: ABŞ, İsrail və Misir Qəzza ilə sərhəddə monitorinqi müzakirə edirlər

İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddə
İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddə

ABŞ, İsrail və Misir Qəzza sektoru ilə Misir arasındakı sərhəddə Filadelfi dəhlizində monitorinqin mexanizmini müzakirə edirlər. Bu haqda "The Financial Times" mənbələrə istinadla yazır.

Mənbələrin dediyinə görə, plana yeraltı yüksək texnologiyalı səddin tikilməsi, tunellərin tikintisini izləmək üçün əlavə ötürücülərin qoyulması, eləcə də Qəzza sektoru ilə sərhəddə Fələstin hərbçilərinin yerləşdirilməsi daxildir.

Mənbələr ABŞ-nin belə bir layihənin maliyyələşdirilməsini üzərinə götürə biləcəyini bildiriblər.

İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer "Bloomberg" agentliyinə deyib ki, ölkəsi Filadelfi dəhlizinə nəzarətlə bağlı danışıqlara hazırdır, ancaq bu, HƏMAS qruplaşması ilə müharibə bitəndən sonra mümkündür. ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.

Xatırlatma

İsrail Qəzza zolağında əməliyyat aparır. HƏMAS ötən ilin oktyabrında İsrailin cənubuna hücum edəndən, azı min nəfəri qətlə yetirəndən sonra bu müharibə körüklənib. HƏMAS azı 250 nəfəri girov götürüb Qəzzaya aparmışdı. Sonradan danışıqları nəticəsində girovlardan azı 100 nəfər azadlığa buraxılıb.

HƏMAS radikallarının əlində azı 100 nəfərin qaldığı, onlardan azı 30-nun vəfat etdiyi güman edilir.

Avqustun 31-də İsrail əsgərləri Qəzzada altı girovun cəsədini tapıblar. Hərbçilərin onların bu yaxınlarda öldürüldüyünü deyiblər.

Ölənlərin içində rusiyalı Aleksandr Lobanov da olub. HƏMAS Lobanovun son sözlərinin yer aldığı video yayıb. O deyir ki, girovlar ağır şəraitdə saxlanır, onların vacib tələbat, gigiyenik ləvazimatları yoxdur. Lobanov İsrail hakimiyyətini HƏMAS-la razılaşma əldə edərək girovların buraxılmasına nail olmağa çağırıb.

Ancaq videonun nə zaman, hansı şəraitdə yazıldığı dəqiqləşdirilmir.

ABŞ Rusiyanı 2024 seçkisinə təsir göstərməyə çalışmaqda suçlayır

FTB direktoru Kristofer Rey
FTB direktoru Kristofer Rey

Sentyabrın 4-də Birləşmiş Ştatlar Rusiyanı 2024-cü il ABŞ prezident seçkisinə təsir göstərməyə çalışmaqda ittiham edib. Bu zaman Kremlin idarə etdiyi media orqanları və amerikalıları bilməyərəkdən Rusiya propaqandasına məruz qoymaqdan ötrü hazırlanmış onlayn platformalardan istifadə olunduğu bildirilir. Ədliyyə Departamenti sentyabrın 4-də bu barədə pres-reliz yayıb.

Departamentin məlumatına görə, Kreml əvvəl "Russia Today" kimi tanınan RT kimi media orqanları, eləcə də ABŞ seçicilərini dezinformasiya ilə hədəfə alan onlayn platformalardan yararlanır. RT Kremlin propaqanda səylərinin əsas hissəsi sayılır.

32 internet domeni necə istifadə olunub

Ədliyyə Departamenti bildirir ki, Rusiya hökumətinin yönəltdiyi xarici “məkrli" təsir kampaniyasında istifadə olunan 32 internet domeni müsadirə edilib. FTB direktoru Kristofer Rey (Christopher Wray) bu domenlərin Rusiya hökuməti tərəfindən idarə olunduğunu, amerikalı istifadəçiləri aldatmağa yönəlik "Rusiya hökumət propaqandası ilə dolu" vebsaytlar yaratdığını deyib.

Məlumata görə, Rusiya prezident administrasiyasının nəzarətində olan Rusiya şirkətləri domenlər vasitəsilə hökumət propaqandasını gizlicə yayıblar. Propaqandanın məqsədi təkcə prezident seçkisinə təsir göstərmək deyil, həm də Ukraynaya beynəlxalq dəstəyi azaltmaq, rusiyayönlü siyasət və maraqları gücləndirmək olub.

Prezident Vladimir Putinin yaxın ətrafının, o cümlədən aparat rəhbərinin müavini Sergey Kriyenkonun Rusiyanın ictimai münasibətlərlə bağlı şirkətlərini yönəltdiyi deyilir. Onlar da, öz növbələrində, dezinformasiya yayıblar.

Baş prokuror Merrik Qarland (Merrick Garland) Kremlin seçkilərdən hansı nəticəyə üstünlük verdiyini açıqlamayıb. Amma Putin bu ilin əvvəlində demişdi ki, Co Bayden keçmiş prezident Donald Trampdan daha proqnozlaşdırılandır. O zaman Bayden hələ seçki yarışından çəkilməmişdi. İyulda Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədi və sonuncu avqustda Demokratlar Partiyasının namizədi elan edildi.

10 milyon dollarlıq sxem

Ədliyyə Departamenti iki rusiyalıya qarşı ittihamnaməni də açıqlayıb. 31 yaşlı Konstantin Kalaşnikov və 27 yaşlı Yelena Afanasyeva Xarici Agentlərin Qeydiyyatı Aktını (FARA) pozmaqda, çirkli pulyuma cəhdində ittiham olunurlar.

Qarland deyib ki, RT-nin bu iki əməkdaşı 10 milyon dollarlıq sxemdə ittiham olunur, məqsəd Rusiya hökumətinin "gizli" mesajları ilə dolu kontent hazırlayaraq ABŞ izləyicilərinə çatdırmaq olub. O, təhqiqat getdiyini, hər iki şəxsin azadlıqda olduğunu deyib.

Rusiya isə bu addımı "əcinnə ovu" adlandırıb, ABŞ əhalisini qorxutmaq niyyəti güddüyünü deyib. O da qeyd olunub ki, Vaşinqtonun RT-yə qarşı hərəkətlərinə cavab olaraq Rusiya da ABŞ mediasını hədəfə alacaq. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sentyabrın 5-də danışıb.

ABŞ Ədliyyə Departamenti bir ay öncə Rusiyanı ABŞ seçkisinə birbaşa təhdid adlandırmışdı.

ABŞ Xəzinədarlığı isə domenlərin müsadirəsindən başqa, 10 fərdə və iki quruma sanksiyalar elan edib. Onların arasında RT-nin baş redaktoru Marqarita Simonyan və baş redaktor müavini Yelizaveta Brodskaya da var.

Rumıniyada deputatlar Ukraynaya 'Patriot' verilməsini təsdiqləyib

"Patriot" təlimlərdə
"Patriot" təlimlərdə

Sentyabrın 3-də Rumıniya parlamentinin aşağı palatası Ukraynaya "Patriot" raketdən müdafiə sistemi verilməsini təsdiqləyib.

2004-cü ildən NATO üzvü olan Rumıniyanın Ukrayna ilə 650 kilometrlik sərhədi var, Moskva Dunay çayı boyunca Ukrayna limanlarını hədəfə alanda Rusiya dronlarının qalıqları dəfələrlə onun ərazisinə düşüb.

Prezident Klaus İohannis qanunu imzalayandan sonra hökumət sistemin verilməsi üzrə sərəncam verəcək.

Rumıniya iki işlək "Patriot" sistemindən birini o şərtlə verməyə razılaşıb ki, müttəfiqlər daha sonra onun əvəzini versinlər. Bu, NATO-nun Kiyevə vəd etdiyi beş belə sistemdən və digər strateji havadan müdafiə sistemlərindən biridir.

Rumıniya Senatının müdafiə məsələləri üzrə komitəsinin sədri Nikoleta Paulyuk deyib ki, Ukraynaya "Patriot"un verilməsi Rumıniyanın müdafiəsiz qalacağı anlamına gəlmir.

Buxarestin daha beş belə sistemi var – ikisini silahla təchiz etməyə götürüblər, ikisi isə tezliklə gəlməlidir.

Rumıniya 2017-ci ildə "Patriot" almaqdan ötrü 4 milyard dollarlıq saziş imzalayıb. Bu, ölkənin indiyədək imzaladığı ən böyük alış kontraktıdır.

Ukraynanın xarici işlər naziri istefa verir

Dmitro Kuleba
Dmitro Kuleba

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba sentyabrın 4-də istefa ərizəsini təqdim edib. Bundan öncə prezident Volodimir Zelenski müharibə dövrü kabinetini yeniləmək planlarını açıqlayıb. Bu, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalından iki il yarım keçdiyi bir dönəmə təsadüf edir.

Kulebanın istefasını elan edən parlament sədri Ruslan Stefançuk deyib ki, istefa Ukrayna Ali Radasında müzakirə olunacaq.

Stefançukun bir gün öncə dediyinə görə, baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olha Stefanişina, baş nazirin müvəqqəti işğalda olan ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk da istefalarını təqdim ediblər.

Zelenski demişdi ki, hökuməti gücləndirmək, ölkəyə gərəkən nəticələrə nail olmaq üçün Ukrayna hökumətinə daha çox dəyişiklik olunacaq.

"Buna görə də nazirlər kabinetində, prezident aparatında bir sıra kadr dəyişiklikləri olacaq", – o, sentyabrın 3-də söyləyib.

Strateji sənayelər naziri Oleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühit naziri Ruslan Strilets prezidentin açıqlamasından öncə istefa veriblər. Yerli silah istehsalına nəzarət edən Kamışin deyib ki, müdafiə sektorunda işini davam etdirəcək, amma başqa rolda.

Zelenski dəyişiklikləri belə izah edib ki, Ukraynaya özəlliklə qış mövsümünə hazırlıq zamanı mərkəzi hökumətlə icmalar arasında daha çox qarşılıqlı əlaqə gərəkdir.

Polşada bir həkim tövsiyəsi ilə aborta icazə verilib

Abort
Abort

Avqustun 30-da Polşa hökuməti həkimlər üçün aborta çıxışın təhlükəsizliyinin təmin olunmasına yönəlik tövsiyələr dərc edib.

Yeni qaydalara görə, bir mütəxəssisin, o cümlədən kardioloq, endokrinoloq, yaxud psixiatrın tövsiyələri qadının xəstəxanada leqal abort etdirməsi üçün yetərli əsas sayılır. Proseduru icra edən həkim isə məsuliyyətə cəlb olunmamalıdır.

2020-ci il oktyabrın 22-də Polşa Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara görə, döldə qüsurlara görə hamiləliyin sonlandırılması qanunsuzdur. Polşada abortların 98 faizi məhz bu səbəbdən gerçəkləşdirilir. Qərara görə, aborta yalnız zorlama və insest, eləcə də ananın həyatına, yaxud səhhətinə təhdid olanda icazə verilir.

Xidmətdən imtina edən cərimələnəcək

2023-cü ilin sonunda vəzifəyə keçən baş nazir Donald Tusk deyib ki, abort barədə qanunu liberallaşdırmaq, hamiləliyin 12-ci həftəsinə qədər onun sonlandırılmasına icazə vermək niyyətindədir. Ancaq bu təklif parlamentdə yetərli dəstəyi yığa bilməyib. Bu səbəbdən Tusk hökuməti problemin başqa yollarını axtarmalı olub.

Səhiyyə naziri İzabela Leşina deyib ki, hazırda həkimlərin və xəstəxanaların əksəriyyəti bir həkimin rəyi əsasında hamiləliyin erkən dövründə aborta icazə verməklə bağlıq qaydalara əməl etmir, cinayət təqibindən ehtiyatlanır.

"Hamiləliyin sağlamlığına təhlükə yaratması barədə tibbi arayışı olan qadına Milli Səhiyyə Fondu ilə müqavilə bağlamış tibbi müəssisədə hamiləliyin sonlandırılması xidməti göstərilməlidir", – nazir vurğulayıb.

Tibbi göndərişi olan qadını abort etməkdən imtina edən qurumlar 500 min zlotiyə (129 min dollar) qədər cərimələnə və ya Milli Səhiyyə Fondu ilə müqaviləni itirə bilər.

Rusiya Lvova raket zərbələri endirib, ölənlər var

Lvova raket zərbələri
Lvova raket zərbələri

Sentyabrın 4-də səhər Rusiya ordusu Ukraynanın Lvov şəhərinə raket zərbəsi endirib. Uşaqlar daxil olmaqla ölənlər və yaralananlar var. Ukraynada "gərgin" gecə səbəbindən Polşa havaya döyüş təyyarələrini qaldırıb.

Lvov vilayət administrasiyasının başçısı Maksim Kozitski raket zərbəsi nəticəsində azı üç nəfərin həlak olduğunu bildirib. İlkin məlumatlara görə, ölənlərdən biri 14 yaşlı qızdır. 35 nəfər xəsarət alıb. Yaralıların içində beş uşaq var. 15 nəfər yetkin yaşlı xəstəxanaya yerləşdirilib, beşinin vəziyyəti ağırdır. Bu barədə Lvovun meri yazıb.

Rusiyanın zərbəsindən baş vağzal ərazisində yaşayış evlərinin yandığı, həmin rayonda bir çox evlərin şüşələrinin çıxdığı bildirilir. İki məktəbə ziyan dəyib.

"Kinjal", qanadlı raketlər

İlkin məlumatlarda Rusiya ordusunun Lvovu "Kinjal" hipersəs raketləri ilə vurduğu bildirilir. BBC-nin Ukrayna xidməti isə şahidlərə istinadla yazır ki, yerli vaxtla saat 05:40-də Lvov üzərində bir neçə raket uçub. Bundan altı dəqiqə sonra şəhərdə möhkəm səs eşidilib, evlərdə divarlar silkələnib, alov qalxıb. Lvov üzərində tüstü qalxıb.

Ukrayna hakimiyyəti isə daha öncə Lvov üzərində Rusiya dronlarının qeydə alındığını xəbər verib. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, bir neçə qanadlı raket də görünüb, onlar Lvov, İvano-Frankosvk, Ternopolsk və Xmelnitski vilayətlərinə doğru hərəkət edirlər.

Dnepropetrovsk vilayət administrasiyasının başçısı Sergey Lısak bildirib ki, Krivoy Roqa səhər zərbəsindən beş yerli sakin xəsarət alıb, mehmanxanaya ziyan dəyib, bir neçə evin şüşələri qırılıb.

Polşa silahlı qüvvələrinin operativ komandanlığı isə bildirib ki, Rusiyanın Ukraynaya növbəti zərbəsindən dolayı havaya Polşa hərbi təyyarələri qaldırılıb. "Reuters" son səkkiz gündə üçüncü dəfədir belə hal yaşandığını yazır.

Lvov şəhərinin meri Andriy Sadoviy zərbələrdə yeddi nəfərin öldürüldüyünü deyib. Ümumilikdə 38 nəfər xəsarət alıb.

Lvovda ölənlərin içində 9 yaşlı qız və 10 yaşlı oğlan var.

Rusiya ordusu çərşənbə gününə keçən gecə Lvova endirilən zərbəni şərh etməyiblər.

Sentyabrın 3-də Rusiyanın Ukraynanın mərkəzindəki Poltava şəhərinə zərbəsindən isə azı 51 nəfər həlak olub, azı 200 nəfər həlak olub.

İran diplomatı və Rusiya səfiri nədən danışıb

Rusiya və İran bayraqları
Rusiya və İran bayraqları

İran xarici işlər nazirinin köməkçisi və Avrasiya Direktorluğunun rəisi Moctəba Dəmirçilu Tehranda Rusiya səfiri Aleksey Dedov ilə görüşündə Qafqazda davamlı sülhün bərpasının vacibliyini vurğulayıb. Bu barədə İran XİN məlumat yayıb.

Diplomat həmçinin regiondakı ölkələrin hamısının qanuni narahatlığını və maraqlarını nəzərə almağın vacibliyini qeyd edib.

İran diplomatı görüşdə onu da deyib ki, ölkələrin dövlət suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı maraqlarına sayqı davamlı sülhün təminatçısıdır, Qafqazda regional əməkdaşlığım təməlidir.

XİN-in məlumatında deyilir ki, İran rəsmisi regionda beynəlxalq səviyyədə tanınmış sərhədlərin hər hansı formada dəyişdirilməsinə, geosiyasi dəyişikliyə qarşıdır.

Tərəflər həmçinin "3+3" məşvərət mexanizmi çərçivəsində gözlənən görüşü, o cümlədən İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər.

Səfir İran XİN-ə çağırılıb?

Azərbaycanın hökumətyönlü mediası bu görüşü səfirin İran XİN-ə çağrılması kimi təqdim edir, səbəbin Rusiyanın "Zəngəzur dəhlizi"ni dəstəkləməsi ilə bağlı olduğunu yazır.

Elə İranın da bəzi media orqanları bu görüşlə bağlı xəbəri “İran Rusiyanı Zəngəzur dəhlizi ilə bağlı siyasətinə görə tənbeh edir” başlığı ilə veriblər.

İran Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə Ermənistanın Sünik vilayətindən keçməklə birləşdirəcək nəqliyyat marşrutuna qarşıdır.

Bakının işlətdiyi "Zəngəzur dəhlizi" ifadəsini Yerevan qəbul etmir, dəhliz məntiqinə qarşı çıxır. Azərbaycan ötən ay bildirib ki, ikitərəfli sülh sazişinin imzalanmasını yubatmamaq üçün regional kommunikasiyaların açılması bəndi müvəqqəti olaraq saziş layihəsindən çıxarılıb.

Avqustun ortasında Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj etməkdə suçlayıb. Ermənistan isə buna sərt reaksiya verib, Lavrovun Rusiyanın Ermənistan-Azərbaycan sülh danışıqlarındakı, guya, "konstruktiv" rolunu sual altında qoyduğunu bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Davamı

XS
SM
MD
LG