Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 03:04

Emma Stone: 'Ölüm qorxusunun müsbət tərəfi yaşamaq həyəcanıdır'


Emma Stone, 'La La Land' filmindəki roluna görə Oscar alır.
Emma Stone, 'La La Land' filmindəki roluna görə Oscar alır.

Bu il “ən yaxşı film” nominasiyasının qalibi olmuş “La La Lend” filmində oynadığı rola görə “ən yaxşı qadın rolu” nominasiyasında “Oskar” mükafatına layiq görülmüş Emma Stone kinoaktrisa kimi fəaliyyətinə 19 yaşında başlasa da, geniş kütlə tərəfindən Alejandro Gonzalez Inarritu'nun “Bördman” filmində çəkiləndən sonra tanınıb. Vudi Allenin hələlik sonuncu muzası olan E.Stone "the-talks.com"a verdiyi müsahibədə musiqi sevgisindən və ölüm qorxusundan danışır.

Lap uşaqlıqdan musiqi ilə böyüdüyünü deyən aktrisaya bu sevgini anası aşılayıb. Emma səkkiz yaşında anasının “Les Misérables” müziklində məşqini görəndən sonra musiqi və oxumağın onu dəyişdiyini söyləyir: “Ondan sonra musiqi, oxumaq mənim üçün öz hisslərimi ifadə vasitəsi oldu. O, sözlərlə deyilə biləcəklərdən daha təsirli idi”.

Buna da bax: "La-la Land" müzikli Britaniyada ilin ən yaxşı filmi seçilib

Elə o vaxtdan da musiqi, xüsusilə də, rəqslə məşğul olmağa başlayan aktrisa rəqsi özünün ən sevimli sənət növü adlandırır. Düz on il rəqs dərslərinə gedən aktrisa bütün səylərinə baxmayaraq, texniki baxımdan təcrübəli rəqqasə, balerina ola bilməyib və özünü aktyorluq sənətində sınamaq qərarına gəlib: “mən istədiklərimin əksəriyyətini həyata keçirə bilmirdim, ancaq aktyorluq mənimlə tamamilə başqa “dildə” danışdı. Düşünürəm ki, arzularımı həyata keçirməyə aktrisa kimi daha daha çox qadir idim. Oynamaq hələ uşaqlıqdan enerjimi başqa istiqamətə yönəltməyə, çıxartmağa yardım edirdi”.

Uşaqlıqda “panic attack”dan əziyyət çəkdiyi deyən Emma üçün səhnə əsl terapiya olub: “Səhnəyə çıxmağa başlayandan sonra mürəkkəb və ağır hesab elədiyim şeyləri sınamaqdan daha az qorxmağa başladım. Çünki aktyorluq bir növ ətrafda baş verənlərdən uzaqlaşmaq kimidir. Hərçənd oyunun narahatlığın dərmanı olduğunu deməzdim, amma əgər sizin, daxilinizə yönələn və sizi həddindən artıq düşünməyə məcbur edən enerjiniz varsa, siz panikaya düşə bilərsiniz. Bir neçə il əvvəl Kabaredə olanda xarakterimi mahnı oxumaqla göstərə bilmişdim. Bu gülməlidi, çünki heç vaxt orda dayanıb monoloq deyə bilməzdim. Amma mahnı oxuyanda auditoriya tamamilə yoxa çıxdı. Özü də mahnını oxumurdum, bağırırdım. Mahnı məni elə dəyişmişdi ki, sanki “Studio 54”ün səhnəsində yox, öz yataq otağımda idim”.

Buna da bax: Fransız kinosunun qocalmayan ulduzu Isabelle Huppert və onun cəsarətli rolları

Uzun illər boyu getdiyi rəqs dərslərinə baxmayaraq, “La La Land” filmində oynadığı bal rəqsləri ona ağır başa gəlib. Sol tərəfində sinir zədələnməsi olduğundan rəqs səhnələri, demək olar ki, əvvəldən-axıra qədər ağrılarla müşayiət olunub. Bununla belə Emma rəqqasə kimi texniki baxımdan mükəmməliyə yox, rolunun mükəmməl olmasına çalışdığını deyir.

Emma Stonenin baş rolunda oynadığı "La-la Land" filminin treyleri.

Başqaları ona uğur qazandığını deyəndə Emma Stone narahat olur. Artıq məşhurlaşmasına baxmayaraq “Studio 54”də mahnı oxumaq kimi eksperimentlər ona əvvəlkindən daha asan başa gəlmir, ancaq aktrisa artıq səhv eləməkdən qorxmur: “Hal-hazırda mən hər hansı seçimi niyə etdiyimi, yol verdiyim səhvləri başa düşürəm və özümə “hər şey qaydasındadır” deyirəm. Bu özündən razılıq, “sən hamıdan yaxşısan, hər şeyi əla edirsən” demək deyil. Əksinə, bu “sən burda bir az korladın, amma eybi yox” deməkdi. Buna görə özünü öldürməyə gərək yoxdu”.

Emma real həyatda son dərəcə həssas insandır. Hərçənd zamanla bu xüsiyyətini idarə etməyi öyrənib. Aktrisa deyir ki, artıq heç nəyi mürəkkəbləşdirmir: “Həssaslığım, əsasən, özümə etdiyim təqzyiqlə bağlıydı. Artıq öyrənmişəm ki, narahatlıq, təşviş, əslində, qorxudu. Biz əsas nədən qorxuruq? Ölümdən. Qorxacaq başqa heç nə yoxdur. Odur ki, bu qorxunun müsbət tərəfini istifadə eləmək lazımdır”.

Onun fikrincə, ölüm qorxusunun müsbət tərəfi yaşamaq həyəcanıdır: “Deyirlər ki, təşviş – nəfəssiz həyəcandır. Əgər siz həyatla nəfəs alırsınızsa, o, həyəcana, vəcdə çevrilir”.

Buna da bax: İntellektual, inancsız və dövrün ən böyük qadın kinoulduzu Meryl Streep...

Rejissor Woody Allen və Emma Stone Kann film festivalında.
Rejissor Woody Allen və Emma Stone Kann film festivalında.

Buna görə də Emma qorxusunu başqa bir enerjiyə çevirməyi öyrənib: “Bu enerjini pozitiv nəsnələr üçün istifadə eləmək mümkündür. Məsələn, oyunçuluq, əhvalat danışmaq, ya da yaradıcılıq kimi. Bu enerji ilə çox şey edə bilərəm. Bu, daxili bir şeydi. Heç kim bunu mənim yerimə edə bilməz. Nə söz, nə kino, nə də başqa nəsə. Bu, yalnız və yalnız mənə aiddi. Bunu anlamaq mənə xeyli kömək etdi, yoxsa uzun müddət düşünürdüm ki, həssaslığım mənim lənətimdi. Heç nə əbədi deyil. Hər şey keçir, mənim həyatımda da həmçinin. Xüsusilə adam özünü pis hiss eləyəndə belə düşünmək faydalı ola bilir. Mən təkəbbürlü görünmək istəmirəm, amma həyatdan getmək istəmirəm. Canlı olmaq xoşuma gəlir. Ancaq fürsətlərdən istifadə eləmək və onların həmişə olmayacağını bilmək lazımdır. Bu məni oturub nəyinsə baş verəcəyini gözləmək əvəzinə hərəkət eləməyə məcbur edir. Mən araşdırmaq, tapmaq, macəralar yaşamaq istəyirəm”.

XS
SM
MD
LG